Siyasət 

“Pensiya yaşı” tamam olan Minsk Qrupuna Rusiyadan dəstək

Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edib, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 30 ildə həll edə bilmədiyi problemin öhdəsindən gəldiyi halda, ölkəmizin qələbəsinə şərik olmaq istəyənlər geri çəkilmək istəmirlər.

Xüsusilə də ATƏT-in Minsk Qrupunun bölgəyə yenidən dönüşü üçün müxtəlif bəhanələr uydurulur. Baxmayaraq ki, elə bugünlərdə Azərbaycanın dövlət başçısı 30 illik yubileyini keçirməli olan həmsədrlərə “uzun ömür, cansağlığı” arzulamaqla onları diplomatik dillə öz işləri ilə məşğul olmağa səslədi, amma həmsədrlər yenə də müqavimət göstərirlər. “Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin üçlüyünün Qarabağa səfər edə bilməməsindən ”narahatdır”. “RİA Novosti” xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“Bizi nə narahat edir? Həmsədrlər üçlüyü hələlik regiona səfər edə, vəziyyətlə tanış ola bilməyib və insanlar arasında əlaqələrin qurulmasında və humanitar problemlərin həllində tərəflərə kömək etmək üçün konkret tədbirlər müəyyən edə bilməyib”, – Lukaşeviç bildirir. Eyni zamanda rusiyalı diplomat ümid etdiyini bildirib ki, “çox yaxın gələcəkdə həmsədrlər ”üçlüyü” hələ də regiona səfər edə, həmçinin Ermənistan və Azərbaycanın siyasi rəhbərliyi ilə danışa biləcək.

Yada salaq ki, son olaraq dövlət başçısı İlham Əliyev ölkə telekanallarına müsahibəsində ATƏT həmsədrləri barədə danışmışdı. “Hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıb. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər. Bildiyimə görə, indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. Mənim mülahizələrim buna dəlalət edir. Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər. Hər halda, onların fəaliyyətinin belə aşağı səviyyədə olması bizi qətiyyən narahat etmir, bəlkə də əksinə. Prinsipcə, 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram”, – deyə Prezident bildirib.

 Bu, artıq Minsk Qrupunun taleyi ilə bağlı suala yer qoymur, amma belə görünür ki, Rusiya Minsk Qrupunun fəaliyyəti ilə bağlı israrlı mövqedədir. Bu mövqeyi Ermənistan da müdafiə edir. Bu vəziyyəti necə şərh etmək olar? Sözügedən qüvvələr Minsk Qrupunu yenidən bölgəyə gətirə biləcəklərmi?

Fayl:Arzu Nağıyev.jpg — Vikipediya

Arzu Nağıyev: “Sual oluna bilər ki, onda bu qurum niyə israrla regiona qayıtmaq istəyir?”

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında əvvəlcə xatırlatdı ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə cənab prezident İlham Əliyev hərtərəfli və dəqiq cavab verdi: “Yəni əgər onlar regiona səfər etmək istəyirlərsə, məram və məqsədlərini açıqlamalıdırlar. Yəni onlar gəlişlərinin səbəb və məqsədini açıqlamalıdırlar. Qeyd etmək lazımdır ki, bu qurum yarananda vəzifəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında, sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli idi. Lakin fəaliyyətləri və ya fəaliyyətsizlikləri dövründə üç dəfə özlərinin ciddi sayıla biləcək təklifləri olub və bu təkliflər tərəflər tərəfindən rədd edilib”. A.Nağıyev artıq həmsədrlərin fəaliyyətinə ehtiyac qalmadığını əsaslandırdı: “Bu gün münaqişənin hərbi fazası demək olar ki, bitib, bir sıra lokal qarşıdurmalar var, statusdan söhbət belə gedə bilməz. Münaqişə tərəfləri də bunu ciddi başa düşürlər. Sual oluna bilər ki, onda bu qurum niyə israrla regiona qayıtmaq istəyir? Zənnimcə, bu, regiona gəlmək istəyi hər bir dövlətin öz marağından irəli gəlir. Rusiya cidd-cəhdlə regional konfliktlərin həllinin onun iştirakı ilə olmasını istəyir və Qərbin regiona müdaxiləsinin qarşısını almağa çalışır. Kreml başa düşür ki, nüfuz savaşının qalibi olmaq çox mühümdür. Fransa birmənalı şəkildə Qərb təmsilçisidir və Ermənistanın mövqeyini müdafiə edir. Odur ki, bunu ATƏT-in çətiri altında həyata keçirməyə və paralel olaraq öz daxili siyasətində erməni lobbiçiliyinin imkanlarından istifadə etməyə çalışır. ABŞ- da regionda mövqeyini artırmağa çalışır və buna rəsmi don geyindirir. Bunu o, həm də Ermənistanda səfirlikləri vasitəsilə həyata keçirir. Bir sözlə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin məqsədi sülh yaratmaq deyil, öz dövlətlərinin regionda siyasi və digər amillərdən kənarda qalmamasını təmin etməkdir”. Deputatın fikrincə, 44 günlük müharibə və sonrakı proseslər də bir daha göstərdi ki, bu qurumsuz da məsələlər öz həllini tapır: “Əgər onlar regiona minalanmış ərazilərin təmizlənməsi, sərhədlərin delimitasiya və demarkasiya prosesini sürətləndirmək, əsir və girovlarla bağlı məsələləri həll etmək, təxribatlara son qoymaq kimi və son anda ”Böyük Qayıdış”ı təmin etməkdə yardımçı olmaq məqsədilə gəlsələr, bu, tam başqa bir məsələ olardı. Bu isə nə indi, nə də perspektivdə görünmür, ideyaları da artıq çürümüş və nimdaş şəklə düşmüş xəyalları xatırladır”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı: “Belə fəaliyyət bölgədə sabitliyə zərər verə bilər, təhlükəsizlik üçün təhlükə mənbəyinə çevrilə bilər”

Ermənişünas alim Qafar Çaxmaqlı da həmsədrlərə yer olmadığı qənaətindədir: “Yeni reallıq tələb edir ki, Minsk Qrupu və onun həmsədr ölkələrinin taleyi həll olunsun. Əgər tərəflərdən biri belə hesab edirsə ki, onun vasitəçiliyinə ehtiyac yoxdur, demək, fəaliyyətlərini bu istiqamətdə qurmalıdırlar. Onlar israrla bölgədəki problemlərin həllinə çalışmaqda qərarlıdırlarsa, yenə reallıqlardan çıxış etməlidirlər. Əlbəttə, məğlub ölkə kimi Ermənistanın bundan sonra üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzərində durulmalıdır. Xankəndi və digər ərazilərdə yaşayan ermənilərin problemlərinin həllini də Azərbaycanın daxili işi saymalıdırlar. Artıq Ermənistanın rəhbərliyi səviyyəsində də səsləndirilib ki, burada yaşayan əhalinin gələcək taleyi Azərbaycan Konstitusiyası çərçivəsində həll edilməlidir. ATƏT-in Minsk Qrupunun özünün əgər buna ehtiyacı varsa, yenidən şəkillənməsinə çalışılmalıdır”. Ancaq Q.Çaxmaqlı şübhə etmir ki, bir qurumun bu şəkildə müdaxiləsi gərginliyi artıra bilər: “Çünki o ölkələrdən bəziləri vasitəçilik institutu üçün yararsızdır, örnək olaraq Fransa açıq tərəf tutur. Rusiya və ABŞ-ın mövqeyi də bölgə reallıqlarına uyğun görünmür. Belə olan halda bir daha söyləməyə məcburuq ki, belə fəaliyyət bölgədə sabitliyə zərər verə bilər, təhlükəsizlik üçün təhlükə mənbəyinə çevrilə bilər. Minsk Qrupunun bölgəyə gətirilməsinə çalışan qüvvələrə elə bu lazımdır”.

Bu yerdə qeyd edək ki, artıq Qarabağdakı separatçılar da ümidsiz vəziyyətdədir. Separatçılardan biri etiraf edib ki, Azərbaycan həmsədrlərin, Avropa Birliyi, ATƏT təmsilçilərinin Xankəndinə səfərinə qadağa qoymaqla faktiki olaraq onları dünyadan təcrid edib. Reallığı anlamağa başlayıblar. Belə olan halda həmsdərlərin terrorçu-separatçı dəstələrə süni nəfəs vermək cəhdi qəbulolunan deyil…

Daha çox xəbərlər