Bakı və Ankara Rusiya-Ukrayna gərginliyinin azaldılmasına nail ola bilər – mühüm gəlişmə
Azərbaycan Prezidentinin Vladimir Putinlə telefon danışığından sonra Türkiyə də Moskvaya konkret təklif verdi, Kremldən reaksiya gəldi; dünyanın bacara bilmədiyi işi “Bir millət, iki dövlət” reallaşdıra bilər
Yanvarın 18-də İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub. Yayılan rəsmi məlumata görə, prezidentlər Ukrayna və Qarabağ məsələlərini müzakirə ediblər. Xüsusilə də Azərbaycan Prezidentinin Ukrayna səfərindən sonra Putinlə danışması diqqətçəkəndir.
Telefon danışığı barədə qısa informasiyadakı “Vladimir Putin ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizliyini təmin etmək üçün təminatların verilməsi məsələlərində təmaslarından danışıb”, cümləsi maraq və diqqət çəkir. Hər halda, Azərbaycanın Ukrayna və Rusiya arasındakı “soyuq müharibə” dönəmində atdığı addımlar həssaslıqla izlənilir. Bakının bir sıra hallarda Rusiya ilə NATO arasındakı danışıqlar üçün ev sahibi rolunu oynaması da yaxın keçmişin müsbət təcrübələrindəndir. Eyni zamanda Azərbaycanın dövlət başçısı qardaş Türkiyə ilə Rusiya arasında 2015-ci ilin təyyarə krizi dönəmində gərginliyin aradan qaldırılmasında da mühüm addımlar atıb. Xüsusilə də Azərbaycan liderinin həm Türkiyə, həm də Rusiya dövlət başçıları ilə şəxsi münasibətlərinin yüksək səviyyədə olması kritik anlarda da köməyə çatıb. Bu mənada cənab Əliyevin Putinlə olduğu kimi, Ukrayna prezidenti Zelenski ilə çox yüksək münasibətlərdə olduğunu da diqqətdən qaçırmaq olmaz. Münasibətlərin nə dərəcədə yüksək səviyyədə olduğunu elə 14 yanvar səfərində də gördük. Odur ki, rəsmi Bakının Moskva və Kiyev arasında körpülərin qurulmasında önəmli vasitəçi olaraq rol oynaya biləcəyi ehtimalı ortaya çıxır. Ekspertlərimizin Əliyev-Putin telefon danışığının şifrələri haqda maraqlı yanaşmaları var.
Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında əvvəlcə Azərbaycanın bölgədəki rolunun önəminə diqqət çəkdi: “Azərbaycan regionda və təhlükəsizlik maraqlarının arealında sülhün, sabitliyin təmin olunmasında, qorunub saxlanılmasında maraqlı olduğunu hər addımda büruzə verir, tərəfdaşlıq etdiyi ölkələrin qarşılıqlı münasibətlərinin qarşılıqlı faydalılıq prinsipi əsasında inkişafına töhfə vermək üçün bütün mümkün vasitələrdən istifadə edir. Dövlətimizin və təbii ki, Prezident İlham Əliyevin regionda, subregionda və qlobal miqyasda həyata keçirdiyi mühüm missiyanı düzgün qiymətləndirməyi bacaran ölkələr və onların liderləri, dövlət başçımızın fəaliyyətini yüksək qiymətləndirirlər. Prezident İlham Əliyevin Ukrayna səfərinin, hətta rəsmi Kiyevlə kəskin münasibətdə olan dairələrdə də diqqətlə izlənilməsi, həmçinin Azərbaycanın regional, subregional əməkdaşlıq platformaları ilə bağlı maraqlarına sayğı ilə yanaşılması da rəsmi Bakının xarici siyasətinin ana xəttini təşkil edən prinsiplərə verilən önəmdən xəbər verir”.

Elçin Mirzəbəyli
E.Mirzəbəyli iki liderin telefon danışığına çox ciddi önəm verir: “Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı barədə yayılan rəsmi məlumatlarda hər iki ölkə üçün prioritet istiqamətlərə diqqət çəkilməsi, qənaətimə görə, İlham Əliyevin Ukraynaya səfərinin nə qədər mühüm əhəmiyyət daşımasından xəbər verir. Düşünürəm ki, Vladimir Putinin Azərbaycan Prezidenti ilə söhbətində ABŞ və müttəfiqləri ilə Rusiyanın təhlükəsizliyini təmin etmək üçün təminatların verilməsi məsələlərindəı təmaslarından söz açması da məhz bu kontekstdən dəyərləndirilməlidir”.

Akif Nağı
QAT sədri Akif Nağı bildirdi ki, Prezident İlham Əliyevin Ukraynaya bu gərgin məqamda səfəri ilə bağlı deyilən fikirlər öz təsdiqini tapır: “Bu, elə-belə səfər deyildi. Səfər Azərbaycan-Ukrayna əlaqələri üçün əlbəttə, önəm daşıyırdı. Amma burada daha vacib məsələlər qeyd olunmalıdır. Ukrayna ilə bağlı yaranmış gərgin və təhlükəli vəziyyət dünyanın gündəmini zəbt edib. Vəziyyətin genişmiqyaslı müharibəyə çevrilməməsi üçün yollar axtarılır. Azərbaycan Prezidenti, belə görünür ki, bu çıxış yolunun axtarılmasına dair prosesin içərisindədir. Onun Rusiya prezidenti ilə telefon danışığı da bunu təsdiq etdi. Telefon danışığı ilə bağlı rəsmi məlumatda Rusiya-ABŞ münasibətlərinə dair fikir mübadiləsinin aparıldığı bildirilir. Bu, Azərbaycan Prezidentinin nüfuz və xüsusi missiyasından xəbər verir”. A.Nağı qeyd etdi ki, indi konkret nəsə demək çətindir, dəqiq məlumat yoxdur: “Amma ABŞ və Rusiyanın razılığı ilə Azərbaycanın vasitəçilik missiyasına qoşulması, bəlkə də aparıcı rol oynaması istisna deyil”. Türkiyə prezidenti Ərdoğan da məsələyə münasibət bildirdi, müharibə ehtimalının az olduğunu qeyd etdi. Eyni zamanda vasitəçi ola biləcəyini dilə gətirdi. Bu, Azərbaycanla Türkiyənin Ukrayna məsələsində birgə hərəkətindən də xəbər verə bilər. Telefon danışığının “şifrələri” ilə bağlı bundan artıq demək çətindir”.

Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Avrasiya ilə Avropa arasında geostrateji əhəmiyyətinə görə kifayət qədər önəmli dövlətdir: “Uzun illər ərzində ölkədə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin geosiyasi dəyərini gücləndirib. Eyni zamanda 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra Azərbaycan qalib ölkə olaraq Zəngəzur dəhlizinin də açılmağı fonunda iqtisadi-lojistik mərkəzlərdən biri halına gələcək. Bu baxımdan Azərbaycan Prezidenti ilə Rusiya rəhbəri arasında təmasların mütəmadi olması da gözləniləndir. Azərbaycanla Rusiya bir sıra sahələrdə əməkdaşlıq edir. Eyni zamanda Qarabağın kiçik bir hissəsində müvəqqəti olaraq rus sülhməramlıları var. İki ölkə rəhbəri arasındakı danışıqlarda Qarabağ məsələsinin müzakirəsi qaçılmazdır”.
T.İsmayılov cənab Prezidentin Ukraynaya ötən həftə etdiyi səfərin mühüm əhəmiyyət kəsb etdiyini düşünür: “Hazırda NATO ilə Rusiya arasında Ukrayna mövzusunda psixoloji təzyiq üst səviyyələrdədir. Mənə elə gəlir ki, indiki gərgin dövrdə, özəlliklə Rusiyanın Ukrayna sərhədlərində qoşun cəmləşdirməsi, NATO və Qərbin isə ”Rusiya Ukraynaya yenidən hücum edəcək” panikası fonunda mühüm barışdırıcı missiyanı Azərbaycan və Türkiyə öz üzərinə götürə bilər”. Politoloq zəruri bir xatırlatma etdi: “Nəzərə almaq lazımdır ki, daha əvvəl neytral bölgə kimi Bakıda NATO rəhbərliyi ilə Rusiya Silahlı Qüvvələrinin qərargah rəisinin görüşləri keçirilib. Azərbaycan Rusiya ilə NATO arasındakı təmaslarda mühüm barışdırıcı missiyanı üstlənə bilər. Eyni zamanda Ukraynadakı gərginliyin azaldılmasında da Azərbaycanın barışdırıcı missiyasından uğurla bəhrələnmək olar. Nəzərə almaq lazımdır ki, ölkəmiz Qoşulmama Hərəkatına uğurla sədrlik edir, Azərbaycanın sədrliyi dövründə isə dünya əhəmiyyətli mühüm qərarlara imza atılıb. Bu baxımdan hər bir formada Azərbaycan və Rusiya arasındakı təmasların mühüm əhəmiyyəti var”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Türkiyəyə dəvət edib. “Anadolu”nun verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib. “Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır. Prezident Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar apardığı kimi Ukrayna prezidenti Vladimir Zelenksi ilə danışıqlar aparır. Hətta hər ikisini görüşmək, problemlərini və fikir ayrılıqlarını həll etmək istəyəcəkləri təqdirdə, Türkiyəyə dəvət edib”, – o qeyd edib.
Artıq Rusiyadan təklifə reaksiya verilib. “Kreml istənilən ölkənin Ukraynadakı vəziyyəti nizamlamaq səylərini alqışlayır, əgər Türkiyə Kiyevə təsir göstərə və onu Minsk razılaşmaları üzrə öhdəliklərini yerinə yetirməyə sövq edə bilsə, bu, yalnız alqışlana bilər”. Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Biz Ukraynadakı vəziyyətin həllinə kömək edə biləcək istənilən ölkənin səylərini alqışlayırıq. Rusiya ilə Ukrayna arasında əsas fikir ayrılıqları məhz Minsk razılaşmalarının Kiyev tərəfindən yerinə yetirilməsinin dayandırılması ilə bağlıdır. Əgər türk tərəfdaşlarımız ukraynalılara təsir göstərə bilsələr və onları əvvəllər əldə edilmiş razılaşmaları yerinə yetirməyə və öhdəlik götürməyə sövq edə bilsələr, bu, ancaq alqışlana bilər”, – deyə Kreml sözçüsü vurğulayıb.
Türkiyə Rusiya və Ukrayna arasında gərginliyi azaltmaq üçün oynaya biləcəyi istənilən rolu öz üzərinə götürməyə hazırdır. Biz bunu həm Rusiyaya, həm də Ukraynaya dost ölkə, həm də NATO müttəfiqi olaraq edirik. Yaxın bir neçə həftə ərzində prezidentimiz Ərdoğan Zelenski ilə görüşmək üçün Ukraynaya səfər edəcək.”
Avropa.info xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib. KalınTürkiyə olaraq iki ölkə arasında baş verən prosesləri böyük narahatlıqla izlədiklərini bildirib: “Çünki bu proseslərdə çox böyük təhlükə var. Öncəliklə bunu deməliyəm ki, biz Ukraynada və ya Rusiyada hər hansısa münaqişə, müharibə görmək istəmirik. Biz Ukraynanın ərazi bütövlüyünü və siyasi suverenliyini, Ukrayna xalqının, Ukraynada bərabərhüquqlu vətəndaşlar kimi dinc yaşayan bütün vətəndaşların sosial birliyini tam dəstəkləyirik. Hər hansısa bir savaş görmək istəmirik. Suriyada, İraqda və dünyanın digər yerlərində yetərincə savaş var. Buna görə də biz hər iki tərəfə, ukraynalılara və ruslara deyirik ki, hər hansı bir hərbi əməliyyatdan qaçmaq üçün təmkinli davransınlar. Biz nə qədər ”savaşdan uzaq olun” çağırışı etsək də, gərginliyin davam edəcəyini görürük. Bəlkə başqa cür gərginliklər,təhdidlər, sahədə hərəkətlər olacaq. Mütləq savaş biçimində deyil, başqa bir şəkildə. Bu səbəbdən də hər şeyi diqqətə almalıyıq. Xatırlatmaq istədiyim bir digər məsələ Rusiya ilə Qərb ittifaqı arasındakı dialoqun hazırda Ulrayna məsələsinə görə çətin olmasıdır. NATO və Rusiya dialoqunun nədən dayandığını əlbəttə bilirik. Bunun səbəbi 2014-cü ildə Krımın ilhaqıdır”, – deyə Kalın qeyd edib.
Azərbaycanın Türkiyə və Rusiya ilə eyni formatda illərdir əməkdaşlıq etməsi faktdır. Liderlərin şəxsi münasibətləri də yüksək səviyyədədir və bunun üçün Putinin Əliyev, həmçinin Ərdoğanla bağlı fikirlərini xatırlatmaq kifayətdir. Bundan əlavə, Qarabağ zəfərindən sonra Türkiyə, Rusiya və Azərbaycan sabitliyin təmin olunması məsələsində də əməkdaşlıq edirlər, Ağdamda birgə hərbi mərkəz də var. Üstəlik, 3+3 formatında əməkdaşlıq da bu ölkələrin münasibətlərini qoruyub-saxlamasını zəruri edir. Bu mənada istisna deyil ki, Azərbaycan və Türkiyəyə dost olan Ukrayna ilə Rusiya arasındakı gərginliyin aradan qaldırılmasında da Bakı və Ankara aktiv şəkildə hərəkətə başlaya bilər. Qarşıdakı günlərdə yəqin ki, bu istiqamətdə konkret addımların da şahidi olacağıq.
Qərblə müharibə vəziyyətində olan Rusiya bölgədəki iki əsas müttəfiqini itirmək istəməz, heç şübhəsiz. Nəticədə, dünyanın bacara bilmədiyi işi “Bir millət, iki dövlət” reallaşdıra bilər…

