5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür
ARANTV.AZ xəbər verir ki, 5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. 1995-ci il martın 5-də Ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. 1994-cü il iyulun 26-da ölkəmizdə Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə bu nazirlik yenidən təşkil olunub. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Yaradılan mükəmməl idman infrastrukturu, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkar idmançıların hazırlanmasına qayğı, idmançılara həssas münasibət, onların nailiyyətlərinin yüksək qiymətləndirilməsi bu sahənin inkişafında mühüm rol oynayır. Azərbaycanda idmanın müxtəlif növləri üzrə dünya çempionatları, olimpiadalar uğurla keçirilir. Ölkəmiz I Avropa Oyunları, 42-ci Ümumdünya şahmat olimpiadası, IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edib. Hazırda Bakı Formula 1 yarışları üzrə növbəti Azərbaycan Qran prisinə və ölkəmizin idman tarixində ilk dəfə ən mötəbər turnirlərdən birinə – UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyinə hazırlaşır.

