Siyasət 

Ukrayna Rusiya qarşısında təklənir – kollektiv Qərb naxələf çıxır…

NATO qoşun göndərmək istəmir, Bayden də nə marağı, nə arzusu olduğunu bildirir, Britaniya, Almaniya və Fransa da Kremlin aqressiyasından ehtiyat edir; politoloqların şərhi

Kollektiv Qərb Ukraynanı Rusiya qarşısında aciz vəziyyətdə buraxmış kimi görünməkdədir. Ən azından yanvarın 25-də ayrı-ayrı dünya liderlərinin və Qərb paytaxtlarının verdiyi bəyanatlardan belə qənaətə gəlmək olar.

Xüsusən ABŞ Rusiyanın hərbi eskalasiyasına ən yaxşı halda ağır sanksiyalarla hədə-qorxu gəlir. Amma Kreml “yağışdan çıxıb yağmura düşmüş” tərəf olaraq çox sanksiyalar görüb və onu artıq belə təhdidlər qorxutmur. O baxımdan Ukraynaya ABŞ-NATO və Qərb ölkələrindən daha real dəstək gözlənilir ki, o da yoxdur. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, bu yöndə ilk açıqlama NATO-nun baş katibi Yens Stoltenberqdən gəlib. Onun sözlərinə görə, NATO Ukraynaya qoşun yeritməyəcək.

Ardınca Ağ Ev rəsmi Kiyevi məyus edəcək bəyanatla çıxış edir: “ABŞ prezidenti Baydenin Ukraynaya Amerika qoşunu göndərməyə nə marağı var, nə də bunu arzulayır”. Ağ Evin mətbuat katibi Cen Psaki izah verir ki, 8,5 min amerikan hərbçisini döyüş hazırlığına gətirilmə əmri və Avropaya aparılması yalnız NATO-nun şərq cinahındakı ölkələrə dəstək vermək üçün imiş. Bu da son deyil, Böyük Britaniyanın baş naziri Boris Conson da bildirib ki, heç bir NATO üzvü Ukraynaya qoşun göndərməyə hazır deyil. Baş nazir xəbərdarlıq edib ki, Moskva Ukrayna ərazisinə ildırımsürətli hücum planı hazırlayıb və hazırda qoşunların cəmləşdirilməsini fəal şəkildə yekunlaşdırmaqdadır. Conson Rusiyanın Ukraynaya hərbi müdaxiləsi baş verəcəyi təqdirdə bu ölkənin SWIFT sistemindən çıxarılması imkanlarının ABŞ-la müzakirə edildiyini açıqlayıb. Əgər Rusiya SWIFT beynəlxalq bank sistemindən çıxarılsa, Avropa ölkələri bu ölkədən qaz, neft və metal ala bilməyəcək.

Lakin Almaniya faktiki olaraq Ukraynaya silah satmaqdan imtina edib, Rusiya ilə gərginlikdən yayınıb, Fransa da Avropanı soyuqdan donmağa qoymayan rus qazına görə ehtiyatlı hərəkət edir.

Beləliklə, göründüyü kimi, Qərb Ukraynanı Rusiyanın aqressiyası ilə baş-başa qoymaqdadır. Bayden administrasiyası bəyan edir ki, sadəcə, Rusiya Ukraynaya müdaxilə etsə, texnologiya sanksiyalarını nəzərdən keçirir. Madam ki, Qərb cəbhəsi Rusiyanın həmlələrinə dişsiz reaksiyalar verəcəkdi, o zaman iki slavyan ölkəsini üz-üzə qoymağın məntiqi nədir? Bu şəraitdə Ukraynanı NATO-ya üzvlük də maraqlandırmır, onsuz da alyans illərdir Kiyevi aldatmaqla məşğuldur, indi isə həyati əhəmiyyətli məsələ ölkəni qorumaq, müharibə təhlükəsindən yayınmaqdır. O baxımdan Ukrayna iki geopolitik gücün qarşıdurmasında bir platsdarma çevrildiyini də anlamaqdadır. Azərbaycanın dost Ukraynadan fərqli olaraq, xarici siyasətdə praqmatikliyi ondan ibarətdir ki iki supergüc arasında strateji seçim etmək məcburiyyətində qalmayıb, hər hansı hərbi alyansa qoşulmaq istəyini bəyan etməyib, nəticədə həm qonşu Rusiyanın qəzəbindən, həm ABŞ-ın təzyiqlərindən özünü qoruyub.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-a səfər edəcək - Türkiye'nin haber  kaynağı

Vladimir Zelenski

Belə vəziyyətdə isə Ukrayna prezidenti Vladimir Zelenski vətəndaşları xəbərləri oxuyarkən tənqidi, məntiqi və müsbət düşünməyə çağırıb. Dövlət başçısı deyib ki, internetdən qorxmayın: “Qoyun, internet sizdən qorxsun! Nə ilə qorxutmaq olar? Sağlam, tənqidi, məntiqi və müsbət düşüncələrlə… Gün ərzində nə eşitməyiniz, görməyiniz, oxumağınızdan asılı olmayaraq, bunu bilərək yekunlaşdırın: 24/7 rejimində biz sizin özünüzü dinc, isti, məmnun hiss etməyiniz və hamınızın sağlam olmağınız üçün hər şeyi edirik və edəcəyik”.

Murad Sadəddinov | Banker.az

 Murad Sadəddinov 

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, ABŞ və NATO-nun Ukraynaya qoşun göndərmək fikrində olmaması hadisələrin hansı istiqamətdə inkişaf etməsindən asılıdır. Siyasi eksperin fikrincə, bu bəyanatlar ABŞ-Rusiya danışıqlarından sonra bir jest kimi qiymətləndirilə bilər: “Amerikanın indidən qoşun göndərməyəcəyini deməsi aydın deyil, hadisələrin necə cərəyan etməsini gözləmək lazımdır. Rusiya açıq şəkildə aqressiya nümayiş etdirir. Blinken demişdi ki, rus əsgəri Ukraynaya girsə, ağır cavab verəcəyik. Amma faktiki rus əsgərləri çoxdan Luqansk, Donetskə girib, ABŞ bunu görmür? Ona görə söz davası gedir. Hiss olunur ki, Qərb və Rusiya müharibə istəmir, hər iki tərəf bir-birini qorxutmaqla məşğuldur. Yəni inanmıram ki, genişmiqyaslı müharibə baş versin”.

Politoloqun sözlərinə görə, müharibəyə hazırlaşan qüvvələr yerini, texnikasını gizlətməyə çalışır: “Burada isə güc nümayiş etdirirlər. Amma ümumilikdə Qərbin Ukraynaya dəstəyi adekvat deyil və olmayıb. Hələ Budapeşt deklorasiyası pozulanda da Avropa ölkələri bunu sükutla qarşılamışdılar. Görünür ki, Qərb Rusiya ilə qarşıdurmaya getmək istəmir”.

Asif Nərimanlı » Qaynarinfo.az

Asif Nərimanlı

Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, Qərb ikiyə bölünür, Kiyev təklənir, Putin güclənir: “Ukrayna Rusiya qarşısında faktiki təklənmiş vəziyyətdədir. ABŞ və Avropa İttifaqının yanaşmasında ortaq nöqtə rus işğalına yalnız sanksiyalarla cavab vermək planıdır. Bayden işğalın ölçüsünə baxacaq: ruslar daha dərinə gedəcəklərsə, daha sərt, müdaxilə az olacaqsa, daha yumşaq sanksiyalardan bəhs edir. ABŞ Rusiyanı Ukrayna bataqlığına çəkmək və orada məğlub etmək istəyir: ukraynalıları alovun içinə atır”.

Siyasi şərhçi hesab edir ki, Ukrayna cəbhəsində məğlubiyyət Əfqanıstandan çıxdıqdan sonra qlobal güc nüfuzu zəifləyən Vaşinqton üçün ikinci “ölümcül zərbə” effekti yarada bilər: “ABŞ buna gedəcəkmi? Bu, eləcə də digər amillər baş verənləri ”danışılmış döyüşə” daha çox bənzədir və hədəfin Çinin əvəzinə Rusiyanı qlobal tərəf etmək olduğu ehtimalını gücləndirir. Prosesdə itirən Ukraynadır: eskalasiya olmasa belə, ərazilərini azad etmək məsələsində də heç nə əldə edə bilməyəcək və ən yaxşı halda mövcud sərhədlərini qoruyacaq. Avropanın iki əsas ölkəsi – Fransa və Almaniya üçün Ukraynanın taleyi o qədər də önəmli görünmür. Putin Qərb cəbhəsinin ABŞ və Avropa olmaqla ikiyə bölünməsindən lazımınca istifadə edir və hadisələrin inkişafı Rusiyanın qazanclı çıxacağı ehtimalını artırır. Və Qərbin yanaşması Rusiyanın postsovet məkanında da əlini gücləndirir, çünki Ukrayna nümunəsi  “görk” kimi ortadadır”.

Tural Abbaslı evlənir - BU MƏŞHURUN QIZIYLA - Günün Səsi

Tural Abbaslı

Ağ Partiya başqanı Tural Abbaslı Sitat.info-ya deyib ki, Amerika və Avropa Rusiyanı aqressor  kimi, vəhşi bir ölkə kimi təqdim edərək ona bu və ya digər formada təzyiq rıçaqları əldə etmək istəyir. Onun fikrincə, bütün bu hadisələr, istər NATO qoşunlarının oraya yerləşdirilməsi, istərsə də səfirliklərin işçilərinin tələsik şəkildə Kiyevdən çıxarılması Rusiyanı dünya ictimaiyyətinin nəzərində bir təcavüzkar obrazda göstərmək, mümkün qədər əlavə sanksiyalara beynəlxalq dəstək qazanmaqdır: “Rusiya da anlayır ki, indiki məqamda Ukraynaya hücum onu həm iqtisadi, həm də siyasi baxımdan xeyli geriyə sala bilər. Rusiya Belarusu da yanına alaraq, bütün Avropaya və Amerikaya qarşı çıxa biləcək gücdə olmadığının da fərqindədir”.

Son xəbərə görə, Rusiya ordusunun yanvarın əvvəllərində KTMT kontingenti tərkibində Qazaxıstana göndərdiyi desant bölmələri bu dəfə Belarus ərazisində, Ukrayna sərhədləri yaxınlığında görünüb. Bu fakta sosial şəbəkələrdə yerləşdirilmiş videorolik əsasında “Conflict Intelligence Team” (CIT) araşdırma qrupu diqqəti cəlb edib.

Sosial şəbəkələrdə yayılmış videoda Belarusa göndərilmək üçün dəmir yol platformalarına yüklənən hərbi texnika arasında desantçıların BDM-M və BTR-MDM zirehli maşınları görünüb. Hərbi texnika Bryansk vilayətindən yüklənib və qatar 5 sərnişin vaqonu ilə birlikdə Belarusa yola düşüb. Həmin vaqonlarda təxminən 250 desantçı olduğu təxmin edilir.

“Ukrayna ərazisinə istənilən irimiqyaslı hücumda hava desant qoşunları həlledici rol oynamalıdır: onlar ya arxa cəbhədə strateji obyektləri ələ keçirmək üçün desant əməliyyatlarında iştirak edəcəklər, ya da zərbə piyada qüvvələri qismində”, – araşdırma qrupu bildirir. Qeyd olunur ki, Rusiya bu taktikanı Ukraynaya qarşı 2014-cü ildə tətbiq edib. CIT Rusiyanın Belarus-Ukrayna sərhədlərinə, o cümlədən Kiyevə yaxın Qomel vilayətində qoşun cəmləşdirməkdə davam etdiyini də bildirir. “Situasiya olduqca təhlükəlidir. Hərbi müdaxilə riski çox yüksəkdir”, – CIT bildirir.

Daha çox xəbərlər