Siyasət 

Qərbin Rusiyaya qarşı “iqtisadi müharibəsi” – yeni sanksiyalar nə vəd edir?

İki gün əvvəl ABŞ Dövlət Departamentinin rəsmisi Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyaları açıqlayıb.  Bildirib ki, hazırlanan sanksiyalar indiyədək tətbiq edilənlərdən qat-qat kəskin, Rusiyanı çox böyük çətinliklərlə üz-üzə qoyacaq qüvvəyə malikdir.

Bu sanksiyaların 2014-cü ildə Rusiyadan tarixdə ən böyük kapital axınına və rublun çökməsinə səbəb olan sanksiyalardan daha sərt, eyni zamanda tez təsir göstərən olduğu da qeyd edilir: “Onda rubl tənəzzül etdi və Rusiya Mərkəzi Bankı öz ehtiyatlarının 25 faizini onun məzənnəsini saxlamağa sərf etdi. Amma indi hazırlanan sanksiyaların yaradacağı problemi aradan qaldırmağa Rusiyanın gücü çatmayacaq”. ABŞ rəsmisi yeni sanksiyalarla bağlı Avropadakı müttəfiqlərlə razılaşdıqlarını bəyan edib. Bunu Böyük Britaniyanın baş naziri Boris Conson da təsdiqləyib. O, İcmalar Palatasındakı çıxışında Rusiyanın Ukraynaya müdaxiləsi baş verərsə, Moskva çox sərt sanksiyalarla üzləşəcək. Conson sanksiyalar arasında Rusiya bank sisteminin SWIFT beynəlxalq köçürmələr sistemindən  çıxarılmasının da olduğunu vurğulayıb.

Yeni sanksiyalardan biri ixrac məhdudiyyətinin tətbiq olunmasıdır. Söhbət ABŞ və Avropanın istehsalı olan qabaqcıl texnoloji məhsulların, texnologiyaların Rusiyaya satışının tam qadağan edilməsindən gedir. Qadağa paltaryuyan maşından tutmuş, mobil telefon, planşetə, aerokosmik sənayenin tələb duyduğu texnologiyalara, hətta detallara qədər geniş spektrli məhsulları əhatə edəcək. Ekspertlərin qiymətləndirmələrinə görə, sanksiyalar tətbiq olunduğu halda Rusiya heç bir ölkədən belə məhsulları ala bilməyəcək, çünki hətta Çinin texnologiya nəhəngləri belə məhsullarının istehsalında ABŞ detallarından yararlanırlar. Yəni Çin şirkətləri də öz məhsullarını Rusiyaya satıb sanksiyaların təsiri altına düşməyə cəsarət etməyəcəklər. Bu isə Rusiyanın aviasiya, müdafiə sənayesi və aerokosmik sənayenin inkişafına dair orta və uzunmüddətli planlarının alt-üst olması deməkdir.

ABŞ sanksiyalarının bir qismi də maliyyə xarakterlidir. Söhbət Rusiya dövləti və şirkətlərinə dollarla əməliyyatların qadağan olunmasından gedir. Bu barədə hakimiyyətdə olmasının bir illiyi münasibətilə keçirdiyi mətbuat konfransında prezident Co Bayden də məlumat verib. O bildirib ki, Rusiya dollar sistemindən kənarlaşdırılacaq. Bundan əlavə, Rusiya dövlət qiymətli kağızlarının, Rusiya mənşəli şirkətlərin qiymətli kağızlarının alınmasına, saxlanmasına da sanksiya tətbiq olunması nəzərdə tutulur.

Qeyd edək ki, Qərbin yeni sanksiyaları barədə məlumatlar Dövlət Departamenti tərəfindən açıqlanmazdan 2 həftə əvvəldən beynəlxalq mətbuatda onların konturları açıqlanmışdı. Bunun nəticəsi olaraq son 2 həftədə Rusiya mənşəli şirkətlərin qiymətli kağızlarının kütləvi satışı başlanıb. Eyni zamanda Rusiyada fəaliyyət göstərən xarici şirkətlər öz aktivlərini satışa çıxarırlar.

Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-ın yeni sanksiya planına ilkin reaksiyası onlardan həm də Amerikanın özünün, öz sahibkarlarının zərər çəkəcəyi olub.

Rusiya mətbuatının iddialarına əsasən Almaniya maliyyə sahəsində sanksiyaların energetik sektorunu əhatə etməməsi üçün ABŞ-la danışıqlar aparır. Eyni zamanda bir sıra xarici media qurumları ABŞ-ın Rusiyanın sanksiyalar qarşılığında Avropaya qaz tədarükünü dayandırması variantına hazırlaşdığına dair məlumat yayırlar. Bildirilir ki, hazırda ABŞ Rusiyadankənar qaz ixracatçıları ilə Avropaya maksimum çox həcmdə qaz həcmlərinin yönəldilməsi ilə bağlı danışıqlar aparır. Xüsusilə Qətər, Avstraliya və digər maye qaz istehsalçılarından Avropaya daha çox məhsul göndərilməsi istənilir. Təsadüfi deyil ki, yanvar ayında Avropaya çatdırılan maye qaz həcmləri 2 dəfəyə yaxın artmaqla rekord səviyyəyə çatıb.

Almaniyanın Bild nəşrinin hesablamalarına əsasən sanksiyalar Rusiyaya qısa müddət ərzində 50 milyard dollar zərər vura bilər. Lakin orta və uzunmüddətli dövrdə zərər bundan dəfələrlə böyük olacaq.

Bu iddialar nə qədər doğrudur? ABŞ və Avropanın yeni sanksiyaları Rusiyaya nə qədər ciddi problem yaradacaq? Yaxud bu sanksiyalar ehtimalı Rusiyanı Ukraynaya müdaxilə planından çəkilməyə vadar edəcəkmi? Nəhayət, sanksiyaların Rusiya iqtisadiyyatında yaradacağı problemlərin Azərbaycana hansı təsirləri mümkündür?

Politoloq Şahin Cəfərli hesab edir ki, Rusiyanın tam geri çəkilməsi mümkün deyil: “Putin ultimativ tələblər irəli sürməklə ”stavkanı” o qədər yüksəltdi ki, indi heç nə əldə etmədən geri çəkilməsi mümkün görünmür, çünki bu, daxildə və xaricdə çox ağır reputasiya itkisi ilə nəticələnər. Bu məqamı ötən həftə şüurlu, ya təsadüfən Bayden də vurğuladı. Bu krizislə bağlı şəxsən məndə komplo teorisinə oxşar belə bir fikir yaranıb ki, ABŞ və Britaniya sanki Rusiyanın Ukraynaya hərbi müdaxiləsində maraqlı görünürlər. Burada bir tərəfdən Rusiyanın Ukraynada daha böyük bataqlığa saplanması və bununla ona qarşı indiyəqədərki psevdo sanksiyalardan fərqli, həqiqi və ağır sanksiyaların tətbiqinə əsas yaranması; digər tərəfdən isə qitə Avropasının (Fransa, Almaniya) bu məsələdə anqlo-saksonlarla bərabər hərəkət etməyə vadar olunması və onların Moskva ilə strateji tərəfdaşlığının baltalanaraq son illər çat vermiş transatlantik birliyin yenidən təmin olunması məqsədi güdülə bilər. Yəni “Avropanın strateji muxariyyəti” ideyasını irəlilətmək istəyən, bu məsələdə Rusiyanı mühüm ortaq kimi görən Almaniya və Fransanı bu separatist siyasətdən uzaqlaşdırmaq cəhdi hiss olunur. Fransa prezidentliyinə namizəd Erik Zennur bildirib ki, “ABŞ-ın məqsədi Avropanı Rusiyaya qarşı qoymaqdır, biz Vaşinqtonun aləti olmamalıyıq””.

Şahin Cəfərli/ Foto: pressklub.az · Mikroskop

Şahin Cəfərli: “Kremlin tam geri çəkilməsi mümkün deyil”

Politoloq qeyd edir ki, Berlin və Paris Ukraynaya silah verməkdən imtinalarını, kimsə inanmasa da, “pasifist”, “antimilitarist” səbəblərlə əsaslandıra bilərlər, amma açıq hərbi işğala başlayan Rusiyanın yanında dura bilməyəcəklər: “Onlar  bu məsələdə ABŞ-la bərabər hərəkət etməyə məcbur qalacaqlar (yeri gəlmişkən, Türkiyə də bu halda çətin seçimlə üzləşə bilər). Hazırda Şərqi Avropaya yeni qüvvələr göndərilməsində Fransa da iştirak edir, ”pul kisəsi” Almaniya olan Avropa Birliyi isə Ukraynaya 1,2 milyard avro təxirəsalınmaz maliyyə yardımı ayırdığını bəyan edib. Putinə hörmət etməyin vacibliyindən danışan Almaniya hərbi donanmasının komandanı istefaya göndərilib”.

ABŞ Dövlət Departamentinin açıqladığı mümkün sanksiyaları Ş.Cəfərli ağır nəticələri olacaq addım kimi qiymətləndirir: “Çox ağır sanksiyalardır. Əslində iqtisadi müharibə deməkdir. Rusiya iqtisadiyyatını, maliyyə sistemini sarsıdacaq. Amma Putin o qədər irəli getdi ki, nəsə əldə etmədən geri çəkilməsi onun sonu olar”.

Natiq Cəfərli: “SOCAR-da rəhbərlik dəyişikliyi son mərhələyə çatıb”

Natiq Cəfərli: “Soydaşlarımızın Rusiyadan pul göndərməsi mümkün olmayacaq”

İqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, ABŞ sanksiyaları hələ tətbiq olunmayıb, amma artıq Rusiyaya mənfi təsirləri gözlə görüləcək qədərdir: “Son zamanlar Qərb-Rusiya qarşıdurmasının gərginləşməsi və Ukrayna ətrafında baş verənlər zatən Rusiya səhm və valyuta bazarına kəskin təsirlərini göstərməkdədir. Rusiya səhm bazarında indekslər sürətlə aşağı düşür. Eyni zamanda rublun dollar qarşısında ucuzlaşması baş verir. Son iki ilin ən minimum səviyyəsindədir məzənnə – 1 dollar 80 rubla yaxınlaşır. Bütün bunlar məhz sanksiya gözləntilərinin yaratdığı proseslərdir. Sanksiyalar qəbul olunarsa, bu, Rusiya səhm və valyuta bazarında çox kəskin problemlər yaradacaq”.

Rusiyada baş verəcək iqtisadi problemlərin Azərbaycana təsirinə gəlincə, N.Cəfərli birbaşa təsirlərin olmayacağı qənaətindədir: “Azərbaycan şirkətləri Rusiyanın səhm bazarının iştirakçıları deyillər. Bu baxımdan, səhm bazarındakı prosesdən təsirlənmə olmayacaq. Əsas təsirlər rublla bağlı mümkündür. Rublun ucuzlaşması Rusiyadan Azərbaycana ixracı artıra bilər. Burada bir problem də yarana bilər: ölkənin bankları SWIFT sistemindən çıxarılarsa, Azərbaycanla ticarət əlaqələrində hesablaşmalar qeyri-mümkün olar. Digər tərəfdən, Rusiyada yaşayıb işləyən 2 milyona yaxın soydaşımız var ki, qazandıqları pulların bir qismini buradakı yaxınlarına göndərirlər. Rusiya SWIFT sistemindən kənarlaşdırılarsa, onlar bunu edə bilməyəcəklər”.

Qeyd edək ki, Rusiya iqtisadiyyatında problemlər yaranarsa, bu, Azərbaycan Dövlət Neft Fonduna da təsirsiz ötüşməyəcək. Belə ki, fond 2013-cü ildən Rusiyanın paytaxtı Moskva şəhərində daşınmaz əmlaka, həmçinin VTB bankda səhmlərə investisiya edib. Fondun daşınmaz əmlaka investisiyasının həcmi 130 milyon dollar, VTB bankın 3 faiz səhminə investisiyasının isə 500 milyon dollara yaxın olduğu məlumdur. Fondun açıqladığı məlumata görə, 2021-ci ilin sonuna 45 milyard dollardan yuxarı olan investisiya portfelinin 0,6 faizi Rusiya rublundadır. Bu isə rublun kəskin dəyərsizləşməsindən Neft Fondunun itkilərinin olmasını labüd edir.

Bundan əlavə, ABŞ və Avropanın sanksiyaları Moskvada Tverskaya 16 ünvanında yerləşən ticarət və ofis mərkəzindən də fondun gəlirlərinin azalmasını şərtləndirə bilər. Məlumat üçün bildirək ki, 2021-ci ilin 9 ayında Moskvada Tverskaya 16 ünvanında yerləşən ticarət və ofis mərkəzindən Neft Fondu 2 milyon dollardan bir qədər artıq, məzənnə dəyişiklikləri nəzərə alınmadan 4,56 faiz gəlir əldə edib.

Daha çox xəbərlər