Zəngəzur dəhlizinə aparan yollar: görülən işlər regiona yeniliklər vəd edir
Artıq Horadiz şəhərindən qatarlar işğaldan azad olunan Cəbrayıl rayonuna hərəkət edə bilirlər.
Ümumi uzunluğu 110.4 km olan Horadiz-Ağbənd dəmir yolu xətti layihəsinin birinci mərhələsi üzrə nəzərdə tutulan tikinti işlərinin artıq 70 faizi tamamlanıb. Birinci mərhələ Horadiz, Mərcanlı, Mahmudlu stansiyalarını əhatə etməklə 30 km, ikinci mərhələ Soltanlı, Qumlaq stansiyalarını əhatə etməklə 55 km, üçüncü mərhələ isə Mincivan, Bartaz və Ağbənd stansiyalarını əhatə etməklə 25,4 km təşkil edir. Bu arada Ermənistanın baş naziri Arazadayan-Horadiz dəmir yolu xəttinin öz ölkəsindən keçən hissəsinin bərpası ilə bağlı işçi qrupu yaradıb. Bərpa olunacaq dəmiryolu xətti Zəngəzur Dəhlizinin Ermənistan hissəsini əhatə edəcək və Horadiz-Ağbənd xəttinə inteqrasiya olunacaq.
İşğaldan azad olunan ərazilərdə bərpa və yenidənqurma işlərinin intensiv həyata keçirilməsi ilə daha qısa zamanda Azərbaycan vətəndaşları Zəngəzurdan keçməklə quru yolu ilə ölkəmizin qərb hissəsindən Naxçıvana səfər edə biləcəklər.
“Yeni Müsavat”a danışan politoloq Xəyal Bəşirov bildirib ki, bu istiqamətdə çox uğurlu addımlar atılıb:
“10 noyabr 2020-ci il tarixli bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı tərəflərin üzərinə öhdəliklər qoyulub. Həmin bəyanatla 30 il ərzində bloklanan iqtisadi əlaqələr məsələsi də gündəmə gəldi. Daha sonra isə 11 yanvar tarixli Moskva bəyanatında həmin məsələ açıq şəkildə ehtiva olundu. Bu bəyanatın imzalanması zamanı üçtərəfli komissiyanın yaradılması da sərhədlərimizin delimitasiya və demarkasiyası prosesini həyata keçirmək, o cümlədən də Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində əhəmiyyətli addımların atılması məsələsi ilə bağlıdır.

Ekspert: “Düşünürəm ki, region və dünya dövlətlərinin dəstəklədiyi Zəngəzur dəhlizinin inşası 2022-ci ildə yekunlaşacaq”
Düşünürəm ki, bundan sonra 26 noyabrda Soçidə imzalanan bəyanat, ardınca isə Brüsseldə baş verənlər göstərdi ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycanın ortaya qoyduğu və bütün region xalqlarının maraqlarına xidmət edən təşəbbüslərə qoşulmalıdır. Zəngəzur dəhlizi ilə bağlı məsələ bütün dünya dövlətləri, o cümlədən də qonşu dövlətlər tərəfindən dəstəklənir və qəbul edilir. Bu prosesə qarşı çıxan istənilən şəxs zərərsizləşdirilir. Necə ki, Ermənistanın daxilində demək olar ki, bütün siyasi elita istefaya getdi. Ən sonda da Ermənistanın prezidenti istefaya getmək məcburiyyətində qaldı. Elə onun istefaya getməsinin səbəbini də xüsusilə Zəngəzur məsələlərinə soyuq yanaşması ilə əlaqələndirirəm. Bütün bunların fonunda Nikol Paşinyan hələ də vəzifədədir. Hesab edirəm ki, bu, Zəngəzur məsələsinə də Paşinyanın digərlərindən fərqli mövqedən yanaşması ilə bağlıdır”.
Politoloq bildirib ki, artıq Ermənistan tərəfi Zəngəzur dəhlizinin reallaşdırılmasına heç bir mənfi təsir edə bilməyəcəyini yaxşı anlayır:
“Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra öz ərazilərində sürətli şəkildə quruculuq-bərpa işlərini həyata keçirir. Zəngəzur dəhlizi ilə bağlı da tikintilər sürətlə davam edir. Düşünürəm ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi çox qısa zamanda yekunlaşacaq. Proseslər göstərir ki, Ermənistan həm dəmir yolu, həm də avtomobil yolu ilə bağlı nəzərdə tutulan layihələrdə öz üzərinə düşən vəzifəni yerinə yetirəcək. Çünki Ermənistan 30 ilə yaxın müddət ərzində Azərbaycana düşmənçilik siyasəti yürütməklə özünü siyasi və iqtisadi blokadaya salıb. Azərbaycandan başlayan və Avropaya yönələn bütün layihələr Ermənistandan kənar keçirdi. Bu, Azərbaycanın təbii haqqı idi. Çünki Ermənistan ölkəmizdə qarşı düşmən mövqeyində dayanıb, torpaqlarımızı işğal etmişdi. Düşünürəm ki, Ermənistan artıq öz səhvlərini anlayıb, Azərbaycan və Türkiyə ilə normal siyasət ortaya qoyacaq. Bundan sonra Ermənistana rəhbərlik edəcək şəxslər məhz bu məsələyə ciddi yanaşmalıdırlar. Zəngəzur dəhlizinə artıq kimsə mane ola bilməz. Mane olmaq istəyənlərin də vəziyyətini görürük. Düşünürəm ki, region və dünya dövlətlərinin dəstəklədiyi Zəngəzur dəhlizinin inşası 2022-ci ildə yekunlaşacaq”.

