Xarici siyasətdə Azərbaycan nümunəsi – deputatın və politoloqun şərhi
Rusiya ilə qonşusansa, bu dövlətlə hansı formada münasibət qurmalısan? Bu yöndə əsasən iki rəy var. Birinci rəyçilərin fikrincə, Rusiyaya qarşı olmalısan, bunu edərkən də Qərbə sığınmalısan. İkincilərə görə həm Rusiya, həm Qərblə eyni məsafədə dayanmalısan. Hətta dövlətin maraqları tələb etsə, hadisələrin inkişafına uyğun olaraq Rusiya ilə daha yaxşı münasibətdə olmalısan. Bir şərtlə ki, ölkənin strateji maraqlarına, müstəqilliyinə təhlükə yaranmasın. Ən uğurlu model isə hazırda mövcud olan Rusiya-Azərbaycan münasibətlərini göstərmək olar. Azərbaycan Rusiya ilə, Türkiyə ilə, Qərblə, Şərqin böyük, nüfuzlu dövlətləri ilə normal münasibətlərdədir.
Siyasi ekspertlər hesab edir ki, 2020-ci ildə Azərbaycanın həyata keçirdiyi proseslər zamanı yeritdiyi ağıllı siyasət, xüsusilə Rusiya ilə heç bir halda qarşı-qarşıya gəlmək istəməməsi və təhriklərə baxmayaraq bu istiqamətdə addımların atılmaması Azərbaycanı 2008-ci ildə Gürcüstanın və 2014-cü ildə Ukraynanın taleyini yaşamamasına gətirib çıxardı. Ağıllı siyasət uzaq qonşunun təhrikedici davranışlarına, şirnikləndirici vədlərinə deyil, yaxın qonşunun aqressiyasını və gücünü nəzərə alaraq yeritməkdən keçir.
Deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan 30 ildən artıqdır müstəqil dövlətdir, 31 illik dövlətçiliyimizin tarixi göstərir ki, Azərbaycan onunla dostluq münasibəti qurmaq istəyən bütün dövlətlərlə yaxşı, bərabər münasibətlərdə olmalıdır. Bu siyasətin əsasını Ulu öndər Heydər Əliyev qoyub, indiki prezident cənab İlham Əliyev isə uğurla həyata keçirir. Bu siyasət Azərbaycana həmişə uğur gətirir: “Yəni bunun tarixçəsi kifayət qədər böyükdür. Bu gün Azərbaycan dünyanın bütün nüfuz qütbləri ilə yaxşı münasibətdədir. Bir dəfə cənab Prezidentə sual edirlər ki, hansısa problem yaransa, siz Vaşinqtona, Moskvaya, yoxsa Pekinə zəng edərsiniz? Prezidentimiz dedi ki, mən Bakıya zəng edərəm. Bununla göstərdi ki, Azərbaycan özü öz hüquqlarını bilir və hamı ilə yaxşı münasibətlər saxlamaqla bu gün dünya birliyində nüfuza malikdir. Bu, müstəqilliyimizi qorumağa, torpaqlarımızı işğaldan azad etməyə, dünya birliyində kifayət qədər müsbət tanınmağa kömək edib”.

Aydın Mirzəzadə: “Bir dəfə cənab Prezidentə sual etdilər ki, hansısa problem yaransa, Vaşinqtona, Moskvaya, yoxsa Pekinə zəng edərsiniz, dedi ki…”
A.Mirzəzadə qeyd etdi ki, ayrı-ayrı ölkələrdə baş verən hadisələr həmin ölkələrin cəmiyyətində gedən proseslərin məntiqi nəticəsidir. Heç bir halda bir ölkənin problemlərinin nəticəsi digər ölkə üçün nümunə ola bilməz. Hər ölkə öz problemlərinin həllini, istiqamətini özü tapa bilir. Azərbaycan bu məsələdə müsbət nümunələrdən biridir: “Azərbaycan heç zaman başqa dövlətlərin işinə qarışmır, həmin ölkələrin daxilində olan problemlərin həll edilməsini arzulayır. Beynəlxalq hüquq normalarını pozmadan, həmin ölkənin daxili işlərinə qarışmadan Azərbaycandan nə kömək lazımdırsa onu etməyə həmişə hazırdır. Əsas odur ki, biz müstəqil siyasi xətt yürütməklə öz suverenliyimizi, müstəqilliyimizi qorumuşuq. Ona görə də bu gün biz güclənən dövlətik, dünyada hörmətlə qəbul edilən ölkələrdən biriyik. Hansısa ölkələr Azərbaycandan nümunə götürərlər və ya götürməzlər, bu artıq onların işidir”.

İlyas Hüseynov: “Biz bu siyasətin bəhrəsini gördük və görürük”
Sosial Tədqiqatlar Mərkəzinin eksperti, politoloq İlyas Hüseynov isə bildirdi ki, Rusiya ilə münasibətlərin qurulması bir çox dövlətlərin maraq dairəsindədir. Rusiya ilə həmsərhəd olmayan, regiondan uzaqda yerləşən dövlətlər də Rusiya ilə əməkdaşlıq qurmaqda maraqlıdır: “İlk növbədə Rusiyanın istehsal etdiyi silahlara maraq göstərirlər. Eyni zamanda Rusiya qazına çoxlu sayda dövlətlərin ehtiyacı var. Postsovet məkanında yerləşən bir sıra dövlətlər Rusiya ilə münasibətləri konfrantasiya zəmininə çəkərək Qərbdən dəstək almağa çalışırlar. Bu, daha çox Ukraynanın və Gürcüstanın nümunəsində özünü göstərir. Ötən dövrə nəzər salanda deyə bilərik ki, bu nümunə heç də uğurlu çıxış variantı deyil. Hazırda Rusiya ilə Ukrayna arasında müharibə ehtimalı var. Rusiyanın maraqlarını bilmək lazımdır. Bu ölkənin daxili və xarici siyasətinə nəzər salmaq lazımdır ki, onu daha dərindən təhlil etmək, onunla necə davranmağı müəyyənləşdirmək mümkün olsun. Rusiyanın əsas istədiyi Rusiyanın maraq və mənafelərinin təmsil olunduğu hər hansı fikirləri inkar etmək, onlara qarşı siyasət yürütmək və düşmənçilik mövqeyində dayanmaq təbii ki, Moskvanı narahat edir. Belə vəziyyətdə isə Rusiya əks həmləyə keçərək bu qüvvələri neytrallaşdırmaq istiqamətində addımlar atır. Buna sübut kimi müxtəlif nümunələrə müraciət edə bilərik. Rusiyanın əsas istəklərindən biri rus dilinin, rusdilli məktəblərin saxlanmasıdır. Hansı postsovet respublikasında bu istəyə qarşı siyasət yürüdülürsə, həmin ölkə Moskvanın qəzəbinə düçar olur. Cənubi Qafqaz, Mərkəzi Asiya respublikaları, Şərqi Avropanın bəzi bölgələri Rusiyanın istəklərinə qarşı addımlar atmağın yaxşı nəticələr verməyəcəyini çox yaxşı dərk edirlər. Azərbaycanın yürütdüyü siyasətə nəzər salanda, Ulu öndər tərəfindən əsası qoyulan balanslaşdırılmış siyasi strategiya ən uğurlu variantdır. Çünki biz nəinki Rusiya ilə, eləcə də İran kimi böyük bir dövlətlə həmsərhədik. Azərbaycan hamı ilə bərabər münasibətlər qurur. Azərbaycan dünyada az sayda ölkələrdəndir ki, hətta bir-biri ilə kəskin münasibətlərdə olan dövlətlərlə eyni dövrdə yaxşı münasibətlər qurmağı bacarır. Bu münasibətlər bərabər, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Ən praqmatik və doğru seçim məhz budur. Biz bu siyasətin bəhrəsini gördük və görürük. Hesab edirəm ki, bir çox dövlətlər Azərbaycanın siyasətindən nümunə götürməlidirlər”.

