Multikulturalizm termin kimi yenidir, amma…
Azərbaycanda uzun illərdir ki, bütün dünyaya nümunə ola biləcək bir birgəyaşayış forması bərqərar olub. Bu gün Azərbaycan dünya birliyində humanizm, tolerantlıq və multikulturalizm prinsiplərinə sadiq dövlət kimi tanınır. Multikulturalizmin Azərbaycan modelinə gəldikdə isə əminliklə deyə bilərik ki, bu model humanizm prinsiplərinə əsaslanır. Ölkəmizin çoxsaylı beynəlxalq səviyyəli toplantıların, konfrans və forumların keçirildiyi məkan kimi tanınması, heç şübhəsiz ki, burada mövcud olan tolerantlığın, multikulturalizmin və sabitliyin göstəricisidir.
Zəngin tarixi keçmişimizə nəzər yetirəndə də sübut olunur ki, Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə malikdir. Tarixin bütün dövrlərində xalqımız multikultural dəyərlərə böyük önəm verib. Azərbaycan torpaqlarında müxtəlif dinlərin və millətlərin nümayəndələri bütün dövrlərdə mehriban şəraitdə yaşayıblar. Sovet rejiminin süqutu ilə bu regionda bir müddət xaos hökm sürsə də, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti, böyük dövlətçilik təcrübəsi ilə həyata keçirdiyi tədbirlər nəticəsində ölkəmizdə tolerantlıq mühiti qoruna bildi, bütün xalqlar arasındakı yüz illərə söykənən dostluq və birgəyaşayış münasibətlərinin ritminin pozulmasına imkan verilmədi. Son 18 ildə Prezident İlham Əliyev isə Ulu Öndərin tövsiyələrini həyata keçirdi və tolerantlıq ənənələrini dahada inkişaf etdirərək dövlət siyasətinə çevirdi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın tolerantlıq siyasəti yalnız ölkənin hüdudları ilə məhdudlaşmır. Bu sahədə ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər misilsizdir. Nəinki Şərqdə, habelə Avropa ölkələrində kilsə və dini abidələrin, muzeylərin bərpa və təmir olunması sahəsində Mehriban xanım Əliyevanın gördüyü işlər istər multikulturalizmin Azərbaycan modelinin, istərsə də milli-mənəvi və mədəni dəyərlərimizin təbliği baxımından dünyaya əsl nümunədir. Bu, həm də Azərbaycan xalqının və hökumətinin dünya mədəni irsinə və dini, milli-mədəni dəyərlərə verdiyi ən mühüm töhfələrdəndir.
İkinci Qarabağ savaşı ərəfəsində Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan açıq və gizli düşmənlərimiz ümid edirdilər ki, hərbi əməliyyatların başlayacağı təqdirdə ölkəmizdə yaşayan milli və dini azlıqlar Vətən müharibəsində iştirak etməkdən boyun qaçıracaqlar. Nəticədə ölkəmizdə Birinci Qarabağ müharibəsi dövründə, eləcə də ondan sonrakı qısa bir zamanda olduğu kimi, çaxnaşma, milli-dini qarşıdurma yaşanacaq. Lakin 44 günlük savaş ərzində açıq və gizli düşmənlərimiz bunun tamamilə əksinin şahidi oldular. Döyüşlərdə yüzlərlə Azərbaycan vətəndaşı olan etnik azlıqlar, yəhudilər, xristianlar fədakarlıq nümayiş etdirdilər. Onlar qəhrəman Azərbaycan vətəndaşı kimi öz canlarını Vətən naminə, ölkənin suverenliyi üçün qurban verdilər. Nəticədə aylı, ulduzlu üçrəngli bayrağımız Şuşada və digər işğaldan azad edilmiş ərazilərimizdə dalğalandı.
Fevralın 2-də Gənclər Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda Prezident İlham Əliyevə zalda əyləşən gənclər tərəfindən çoxsaylı suallar ünvanlandı. Ölkə başçısı İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dördüncü kurs tələbəsi, eyni zamanda, Dağ Yəhudi İcmasının nümayəndəsi Rolan Yusupovun sualını cavablandırarkən bəyan etdi ki, Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir: “ Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır. Mənim də sizə sözüm odur ki, siz bu dəyəri daim qoruyun. Çünki bizim gücümüz birliyimizdə və müxtəlifliyimizdədir. Azərbaycan çoxkonfessiyalı, bir çox etnik qrupların birgə yaşadığı unikal bir məkandır. Bu, böyük sərvətimizdir. Mən bunu yenə də deyirəm, sadəcə, xoş söz demək naminə demirəm. Mən daxilən 100 faiz buna əminəm ki, ancaq birlikdə, bütün xalqların birgə yaşaması bizi uğura, qələbəyə gətirəcək və gətirib. İkinci Qarabağ müharibəsində bütün xalqların nümayəndələri bir əsgər kimi vuruşdular, qan tökdülər, şəhid oldular. Vətən uğrunda, Qarabağ uğrunda, Azərbaycan uğrunda vuruşdular. Bu Qələbə və bu müharibə Azərbaycanda yaşayan bütün xalqları daha da birləşdirdi. “Dəmir yumruq”, sadəcə, güc deyil, bu, birlikdir. Bizdə bu gün olan birlik, hesab edirəm ki, hər bir ölkə üçün, multikonfessional və çoxmillətli ölkə üçün nümunə ola bilər. Siz gənclər, bax, bu ideyaları qorumalısınız. Çünki bu siyasətin uğurlu olması təkcə dövlətdən asılı deyil, hər bir vətəndaşdan asılıdır. Hər bir vətəndaş öz davranışı ilə bu ideyaları tərənnüm etməlidir. Belə olan halda, Azərbaycanda yaşayan bütün xalqlar, Azərbaycan vətəndaşları daim sülh şəraitində, əmin-amanlıq, qardaşlıq şəraitində yaşayacaqlar. Əminəm ki, bu, belə olacaq”.

