Əsas səhifə 

Türk dünyasını birləşdirəcək qardaşlıq yolu – Zəngəzur dəhlizi

2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev ümumtürk birliyinin möhkəmlənməsinin faydalarından bəhs edərkən bildirmişdir ki, türk dünyasının mənəvi birliyinin siyasi təzahürünə nail olmaq, dünya qarşısına bütün cəhətlər üzrə daha üstün sivilizasiya ilə çıxmaq başlıca vəzifədir. İkinci Qarabağ müharibəsini Zəfərlə başa vuran Azərbaycanın bölgədə yaratdığı reallıqların ən önəmlisi olan Zəngəzur dəhlizinin bərpası ilə bağlı Prezident İlham Əliyevin göstərdiyi qətiyyət bir neçə il bundan əvvəl proqnoz olan istəkləri, arzuları gerçəkləşdirir. «Zəngəzura gəldikdə, mən Naxçıvan zirvəsindəki çıxışımı xatırlatmaq istəyirəm. O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq» söyləyən Prezident İlham Əliyevin dəhlizin açılması ilə bağlı göstərdiyi siyasi iradənin nəticəsidir ki, Zəngəzur dəhlizinin bərpası ilə bağlı tikinti işlərinə başlanması dünya birliyinin diqqətini Cənubi Qafqaza yönlənib.

Ötən il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Toplantısında Zəngəzur dəhlizinin bölgə və müsəlman ölkələri üçün əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev qətiyyətlə bildirmişdir ki, bu dəhliz açılacaq: «Biz indi böyük bərpa işləri ilə məşğuluq. Eyni zamanda, İkinci Qarabağ savaşının nəticələri bölgə üçün yeni imkanlar açır. O cümlədən hesab edirəm ki, nəqliyyat baxımından Zəngəzur koridorunun açılması bütün bölgə üçün yeni imkanlar açacaqdır. Ümid edirəm, öz işğalçılıq siyasətinə görə məğlub vəziyyətdə olan Ermənistan da gec-tez anlayacaq ki, heç bir ölkəyə ərazi iddiası onlara xeyir və şərəf gətirməyəcək. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana ərazi iddialarına son qoyulacaq. Əks təqdirdə onlar daha da pis duruma düşə bilərlər. Zəngəzur koridoru isə həm türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihədir və bu gün bu layihənin gerçəkləşməsi istiqamətində fəal işlər gedir.»

Regional əməkdaşlığın yaradılması üçün hazırda çox ümidverici 3+3 əməkdaşlıq platformasının yaradılmasında da məqsəd Zəngəzur dəhlizinin bərpasını tezləşdirmək, bölgə dövlətlərinin qarşılıqlı əməkdaşlığını möhkəmləndirməklə regional sülhə nail olmaqdır. Prezident İlham Əliyev İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qasımi ilə videoformatda keçirilən görüşündə də Zəngəzur dəhlizinin bərpası ilə bağlı fikirlərini açıqlamışdır: «Siz dünən, eyni zamanda, Zəngəzur dəhlizinin yaradılması üçün aparılan işlərlə də tanış olmusunuz. Həm avtomobil yolu, həm dəmir yolu artıq uğurla inşa edilir və Ermənistandan da biz müsbət xəbərlər alırıq. Ermənistan öz tərəfində də bu işlərə start verməyi planlaşdırır» söyləyən Prezident İlham Əliyev qarşılıqlı əməkdaşlıq sayəsində bərpa olunacaq Zəngəzur dəhlizinin bölgə üçün əhəmiyyətini diqqətə çatdırmaqla bu layihənin reallaşması üçün artıq müəyyən işlərin görüldüyünü də bildirmişdir.

«Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik» söyləyən Prezident İlham Əliyevin layihə ilə bağlı gördüyü işlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bu mühüm kommunikasiyanın nəzərdə tutulduğu müddətdə istifadəyə veriləcəyinə əminlik yaradır.

Ötən il Azərbaycanın tarixində əlamətdar hadisə olan Türkiyə ilə Azərbaycan arasındakı Müttəfiqlik Bəyannaməsinin imzalanma mərasiminin Qars müqaviləsinin 100-cü ildönümünə, Azərbaycanın Milli Qurtuluş Gününə təsadüf etməsinin rəmzi mənası vardır.

Bəyannamənin imzalanması mərasimində Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın «Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir» sözləri artıq reallaşır.

Zəngəzur dəhlizinin bərpasının Şuşa Bəyannaməsində yer alması, Cənubi Qafqazda yaranmış yeni reallıqlar, Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Dövlət başçımızın apardığı uzaqgörən siyasət nəticəsində 100 il bundan əvvəl yol verilmiş ədalətsizliyə son qoyuldu.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi hər iki dövlət başçısının siyasi iradəsinin məntiqi nəticəsi olmaqla beynəlxalq aləmin türk birliyinin gücü ilə barışmalı olması həqiqətinin təzahürü, hər iki ölkənin ümumi maraqlarına xidmət edən strateji əməkdaşlığının beynəlxalq aləmdə təsdiqlənməsi deməkdir.
Zəngəzur dəhlizinin açılması regionda, beynəlxalq aləmdə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, şaxələndirilməsi deməkdir. Çünki bu dəhlizin bərpası ilə Azərbaycan tarixi ərazisi olan Naxçıvan Muxtar Respublikası, Türkiyə ilə birləşəcək, Bakı -Naxçıvan- Qars dəmir yolu ilə iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələri intensivləşəcək.

Bu günlərdə Milli Məclisdə, Türkiyə Böyük Millət Məclisində Şuşada imzalanan «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsi fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib. Müttəfiqqlik Bəyannaməsinin təsdiqlənməsi Zəngəzur dəhlizinin bərpasını da sürətləndirəcək.

Daha çox xəbərlər