Həyata keçirilən layihələr Qarabağı regionun ən müasir bölgəsinə çevirəcək
Azərbaycan güclü dövlətdir və düşmənin onilliklər ərzində dövlətimizə, xalqımıza vurduğu maddi yaraların hamısı əlbəttə ki, sağalacaq. Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün bunların sübutudur. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür.
İşğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa işləri hələ Vətən müharibəsinin davam etdiyi günlərdən başlanmışdı. Düşməndən azad edilən Suqovuşana və Talışa gedən yolun çəkilişinə start veriləndə hələ hərbi əməliyyatlar davam edirdi. Torpaqlarımızın geri alınmasından sonra dərhal müxtəlif infrastruktur layihələrinin həyata keçirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə ilk səfəri “Zəfər yolu”nun təməlinin qoyulması ilə yadda qaldı. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura səfərləri işğaldan azad olunmuş ərazilərimizin sürətlə bərpa olunduğunu bütün dünyaya nümayiş etdirdi.
2021-ci il həm növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar olub. Sözsüz ki, bütün bunları Azərbaycan öz gücü hesabına edib. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində də bu məsələlərə toxunaraq deyib ki, azad olunmuş ərazilərimizdə keçən il çox böyük, tarix boyu ən genişmiqyaslı proqram icra edilməyə başlayıb və ölkə bunu heç kimdən yardım almadan, öz vəsaiti hesabına həyata keçirir. İlk növbədə, ərazilərdə minalardan təmizləmə işləri aparılır. Bu sahədə ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi fəal işləyir. Eləcə də, infrastrukturun keçdiyi yerlər – elektrik xətləri, yollar diqqət mərkəzindədir. Həmin sahələr minalardan təmizlənir. Digər tərəfdən, baş planı hazır olan şəhərlərin də minalardan təmizlənməsi prosesi həyata keçirilir, xüsusilə Şuşa və Ağdam şəhərlərində bu proses sürətlə davam edir.
Bundan başqa, elektrik təsərrüfatları yaradılır. Bu işlər əsasən dağlıq ərazilərdə aparılmaqdadır. Təsəvvür etmək çətin deyil ki, Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı – Ermənistanla həmsərhəd olan yerlərdə 700 kilometrə yaxın yol çəkilib. Bunlar xidməti, hərbi yol sayıla bilər mövqelərə, sərhədlərə, yüksək dağlara gedən yollardır. Yəni, bütün bu işlər çox çətin şəraitdə görülür. Amma o yollar və elektrik xətləri çəkilməli, əsgərlərimiz bu yerlərdə sərhədlərimizi qorumalıdırlar. Prezident bəyan edib ki, bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa edilib və bütün bu yarımstansiyalar ümumi dairəvi şəbəkəyə qoşulub. Bu da çox böyük və çətin bir iş olub. Xüsusilə, Kəlbəcər rayonuna qışda, güclü qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkilib. Bu arada onu da qeyd edək ki, artıq şəhərlərarası yolların çəkilməsi prosesinə də start verilib. Hazırda Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Kəlbəcərlə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bu, Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gəlməyə imkan verəcək. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Dövlət başçısı deyib: “Biz Naftalanı Talış və Suqovuşanla birləşdiririk. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Çünki Naftalan indi beynəlxalq turizm mərkəzinə çevrilib və oradan Suqovuşan gölünə məsafə çox qısadır. O ərazini də, Ağdərə ərazisini də biz həm turizm mərkəzinə çevirmək fikrindəyik, eyni zamanda, insanların ora qayıtmasını təmin etməliyik. Digər yollar, məsələn, Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol – magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yolların çəkilməsi. Mən hamısını bəlkə də sadalaya bilmərəm, çünki o qədər çoxdur ki, onları yadda saxlamaq çətindir”.
O cümlədən azad edilmiş torpaqlarımızda yeni dəmiryolu infrastrukturu da yaradılır. Horadiz-Ağbənd dəmir yolu xətti həm azad olunmuş torpaqlara, həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq. Ağdam-Bərdə dəmir yolu xətti də istifadəyə verildikdən sonra Ağdam və digər rayonlarda aparılan tikinti-bərpa və abadlıq-quruculuq işlərinə töhfə verəcək.
Bütün bunlarla yanaşı işğaldan azad edilmiş ərazilərimizdəki tarixi abidələr də bərpa olunur. Şuşa şəhərində böyük işlər görülüb, hətta yaşayış kompleksinin inşasına start verilib, binaların təməli qoyulub. Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə başlanılıb. Bütün bunlar həyata keçirilən layihələrin heç də hamısı deyil. Amma onların hər biri Prezident İlham Əliyevin daim diqqətindədir. Yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev bu il artıq infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələrinin də icra ediləcəyini bildirmişdi: “Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır”.
Təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə görülən işlər bununla bitmir. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurun bərpası hərtərəfli olmaqla kompleks şəkildə həyata keçirilir. Doğma yurdlarından köçkün düşmüş vətəndaşlarımızın öz evlərinə qayıtması üçün görülən işlər bütün sahələri əhatə edir. Bu baxımdan 2022-ci il Qarabağ və Şərqi Zəngəzurun bərpa və quruculuğunda növbəti mühüm mərhələ olacaq.

