Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsin, burada müəssisələr qursun və iş yerləri yaratsınlar – Prezident tapşırığı
Cənab İlham Əliyev bildirir ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün gözəl imkanlar yaradır
Bugünümüzün əsas reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması ilə yanaşı, bu torpaqların malik olduqları iqtisadi potensialdan ölkəmizin gələcək inkişafı üçün səmərəli istifadə etməkdir. Bunun üçün əsas məsələ həm həmin regionların, həm də sahibkarlığın inkişafını şərtləndirən amillərə-suya, elektrik enkerjisinə və qaza olan tələbatın tam ödənilməsi, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsidir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfərlərinə diqqət yetirdikdə yarımstansiyaların istifadəyə verilməsinin, yaxud təməlinin qoyulmasının şahidi oluruq. Ölkə Prezidentinin və birinci xanım Mehriban Əliyevanın Ağdam rayonuna səfəri zamanı yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı da deyilənlərin təsdiqidir. Artıq işğaldan azad edilmiş ərazilərimizdə yarımstansiyaların sayı 9-a çatıb. Bu kimi addımlar gələcəkdə bu ərazilərdə sahibkarlığın inkişafına geniş imkanlar açacaq. Cənab İlham Əliyev Ağdama səfəri zamanı çıxışında ölkə sahibkarlarını bu ərazilərə investisiya qoymağa, yeni müəssisələr, iş yerləri yaratmağa çağırdı.
Son illərin əsas çağırışları sırasında ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı xüsusi yer tutur. İqtisadi rayonların yeni bölgüsü bu hədəfə də yüksək səviyyədə nail olmağa yol açacaq. Həmçinin 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması hədəfinə uyğun olaraq görülən işlər, atılan addımlar öz müsbət nəticəsini verir. 18 ildən artıq dövrdə regionların malik olduğu potensialdan xüsusi istifadəyə nail olmaq üçün Dövlət proqramlarının uğurlu icrası, ailə təsərrüfatlarının inkişafı, özünüməşğulluq proqramının uğurlu tətbiqi və sair kimi biri-birindən əhəmiyyətli addımlar da ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətinin uğurla həyata keçirildiyini təsdiqləyir. Asan dəstək funksiyasını yerinə yetirən ABAD mərkəzlərinin normal fəaliyyətində də əsas amillərdən biri infrastrukturun beynəlxalq standartlara uyğun yenilənməsidir. Bütün bu hədəflər özlüyündə kompleks tədbirlərin həyata keçirilməsini bir zərurət kimi ortaya qoyur. “Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir” söyləyən ölkə Prezidenti bildirir ki, ən müasir texnologiyalar tətbiq edilməlidir. Xarici mütəxəssislər cəlb edilməlidir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə daha da artırılması, daxili investisiyaların xarici investisiyaları üstələməsi ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin bariz nümunəsidir. Cənab İlham Əliyev bildirir: “Əlbəttə, bütün bu işləri görərkən, bir daha qeyd etmək istəyirəm ki, biz bir neçə məqsədi güdürük. Ölkə iqtisadiyyatını şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq. Hesab edirəm ki, biz kənd təsərrüfatı məhsullarının ixracını iki dəfə artıra bilərik. Bu, real hədəfdir, biz buna nail olmağa çalışmalıyıq.” Bütün hallarda məqsəd ölkə iqtisadiyyatının dayanıqlı inkişafının təmin edilməsidir.
Dövlət başçısı İlham Əliyev, eyni zamanda, bu çağırışı edir ki, dünyanın inkişaf etmiş ölkələrinə nəzər salsaq görərik ki, inkişafı sürətləndirən bilikdir, savaddır, yeni texnologiyalardır. “Neft kapitalını insan kapitalına çevirək!” tezisi 2003-cü ildən günümüzün əsas tələbinə çevrildi və bu gün böyük əminliklə qeyd edə bilərik ki, artıq reallıqdır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri, həmçinin infrastrukturun yenilənməsi də yeni texnologiyaların inkişafının və tətbiqinin üstünlüklərini nümayiş etdirir. Burada əsas məqsəd səmərəliliyin və keyfiyyətin artırılmasıdır. Bu günlərdə istifadəyə verilən “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının timsalında bu kimi məqamlara aydınlıq gətirmək mümkündür. Belə ki, “Ağdam-1” yarımstansiyası tam rəqəmsallaşdırılaraq avtomatlaşdırılıb. Yarımstansiyada aktivlərin, proseslərin, resursların idarə edilməsi, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması, sistemin monitorinq və analizinin, problemlərin tez həllinin proqram təminatı vasitəsilə avtomatik həyata keçirilməsi təmin olunub. Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub. Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Ölkə üzrə 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərindən qurulan yeni sistem vasitəsilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemi əhatə olunur.
İşğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi də gələcəyə hesablanmış addımlar sırasındadır. Dövlət başçısı Ağdamdakı çıxışında da bir rayonun timsalında bildirmişdir ki, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq: «Bu işlər bir daha onu göstərir ki, biz vaxt itirmədən, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik. Bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan. Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq.»
Ölkəmizdə xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Dövlət başçısının qeyd etdiyi kimi, xarici investorlar sözümüzün imzamız qədər qiymətli və dəyərli olduğunu yaxşı bilirlər: « 1994-cü ildə imzalanmış «Əsrin müqaviləsi» artıq uzun illərdir ki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir.»
Azərbaycanın iqtisadiyyatının inkişafında enerji sektoruna xüsusi önəm verməsi bugünümüzə və gələcəyə hesablanmış addımları sırasındandır. Son 18 ildən artıq dövrdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm tədbirlərin görülməsi öz nəticələrini Azərbaycanın hər bir çətinlikdən uğurla çıxmasında göstərir. İstər 2008-ci ildə dünyanı bürüyən maliyyə və iqtisadi böhran dövrünə, istərsə də son iki ildən artıqdır ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparılmasına diqqət yetirmək kifayətdir. Neft-qaz gəlirlərinin istifadəsində şəffaflığın təminatı, həmçinin iqtisadiyyatın elmi əsaslara söykənərək düzgün qurulması Azərbaycanda iqtisadi inkişafın dayanıqlılığının qorunmasında, mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Digər tərəfdən nəzərə alsaq ki, 2022-ci ilin dövlət büdcəsi müstəqillik tariximizin ən böyük həcmli büdcəsidir, bu halda cari ildə gerçəkləşdirilcək sosial-iqtisadi layihələri proqnozlaşdırmaq o qədər də çətin deyil. Ən əsası 2022-ci ilin «Şuşa İli» elan edilməsi bu şəhərdə bir ildən artıqdır geniş miqyas alan bərpa və quruculuq işləri barədə aydın təsəvvür yaratmağa imkan verir.
Ölkə Prezidenti tarixi Zəfərimizdən sonra yaranan yeni reallıqlar fonunda sülhün, təhlükəsizliyin təmin edilməsinin investorlar üçün də mühüm amil olacağını önə çəkərək bu əminliyi ifadə edir ki, yaşadığımız quruculuq, işğaldan azad edilmiş ərazilərimizin bərpası dövründə müəyyənləşdirilən Milli Prioritetlərin uğurlu icrası nəticəsində dayanıqlı inkişafa töhfələr veriləcək. Əvvəldə də qeyd etdiyimiz kimi, 2003-cü ildən bu günə qədər ölkəmizdə enerji sektorundan asılılığın minimuma endirilməsi istiqamətində atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Son 18 ildə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir.
Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
Dövlət başçısı uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Artıq müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini bildirərək gerçəkləşdirdiyi enerji layihələri ilə regionda inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Bu baxımdan son 18 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Tarixi Zəfərimizdən sonrakı dövr isə müəyyənləşdirilən Milli Prioritetlərin icrası dövrüdür. Burada əsas prioritet Böyük Qayıdışın reallığa çevrilməsidir. Həmin sənəddə işğaldan azad edilmiş rayonlarımızın malik olduğu potensiala uyğun olaraq görüləcək işlər öz əksini tapıb.
Ötən il istər Milli Prioritetlərin təsdiqlənməsi, istər iqtisadi rayonların yeni bölgüsünün aparılması ilə bağlı Fərmanın imzalanması, istərsə də işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinin daha da sürətləndirilməsi ilə bağlı Sərəncamın imzalanması 30 il torpaq həsrətini yaşayan soydaşlarımızda tezliklə öz doğma yurd-yuvalarına qovuşacaqlarının yaxında olduğuna əminlik yaratdı. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla Qarabağın yaxın zamanlarda cənnət məkana çevrilməsinə, xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev bildirir ki, azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru «yaşıl enerji» zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
Göründüyü kimi, ölkəmizdə əlverişli investisiya mühiti mövcuddur, iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaranır. Bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarların fəaliyyət sahələrini genişləndirmələri üçün davamlı addımlar atılır. Butün bu addımlar isə öz növbəsində ölkəmizin dünyaya təkmil inkişaf modeli təqdim etməsini şərtləndirir. Azərbaycan təcrübəsi bütün sahələrdə nümunədir.

