Sanksiyaların mində biri Ermənistana tətbiq edilsəydi… – Qərbə Ukrayna dərsi
İşğalçını “bizimki”yə və “yad”a bölən “azad dünya”ya Rusiyanın böyük sürprizi qaçılmaz idi, çünki…
Ukraynada vəziyyət kritik nöqtəyə yaxınlaşmaqdadır. Ola bilsin, qəzet çapa gedərkən həmin kritik məqam da aşılsın. Bəs ondan sonra nələr olacaq? Bu, ən əvvəl öz xarizmasını nəyin bahasına olur-olsun, qorumağa çalışan Putinin suveren bir dövlətə təcavüzün öz ölkəsi üçün doğurduğu, bundan sonra doğuracağı nəticələri nə dərəcədə ciddiyə almasına bağlı olacaq.
Lakin əminliklə söylənə biləcək bir şey var: ruslar hətta Kiyevi alsalar və legitim hakimiyyəti devirib V.Zelenskini qətlə yetirsələr belə, bu, Moskvanın öz strateji hədəfinə çatması anlamına gəlməyəcək. “Yara” soyuyandan sonra Moskva üçün acınacaqlı mənzərə bütün ciddiliyi ilə ortaya çıxacaq: Rusiyanın dünyadan təcridi sürətlənəcək, onun iqtisadi-maliyyə sistemi geridönməz şəkildə böhran zolağına girəcək, hərbi təcavüzə, dinc əhalinin qətliamına, digər müharibə cinayətlərinə görə Haaqa Tribunalında cavab vermək zərurəti də öz yerində və s.
*****
Artıq bunu Rusiyada anlayanlar çoxalmağa başlayıb. Hətta Ukraynaya müdaxilənin qatı tərəfdarları arasında.
Məsələn, dünənədək Rusiyanı qeyri-adi, fövqəl güc kimi öyüb dünyanı qorxutmağa çalışan, qatı millətçi və erməni yanlısı, digər xalqlara, xüsusilə ukraynalılara qarşı təhqiramiz leksikonu ilə tanınan, Ukraynaya təcavüz körükləyən teleaparıcı Vladimir Solovyev da narahat olmağa başlayıb. “Qərbin sanksiyaları Rusiya üçün çox ağrılı nəticələrlə sonlana bilər, bu, açıq-aydın Rusiyanı yox etmək məqsədi daşıyır”, – Solovyov deyib.

“Biz düşünməliyik. Özü də çox düşünməliyik. Görünür, düşmənlərimiz məhz elə bunu gözləyirdi. Bu, bizim yeni tariximizin ən qəliz, ən çətin dönəmidir. Belə sanksiyalar heç İrana və yaxud Venesuelaya tətbiq olunmamışdı… Mən artıq heç nədən istifadə edə bilmirəm, heç yerə uça bilmirəm. Bizə bütün dünya nifrət edir. Nə baş verir? Bundan qaçmaq mümkün deyildimi? Başqa çıxış yolu yox idimi?”, – deyə o, az qala fəryad edib.
Sən demə, rus işğalçılarını Ukraynadakı slavyan “qardaşları” gül-çiçəklə qarşılamalı, dünya isə bu “xilaskarlar”a minnətdarlıq eləməli imiş…
*****
Bunlar öz yerində. Ağlı başında olan insan, özünə sayğılı olan dövlət, xalq, əlbəttə ki, heç bir halda işğalçılığı, zorakılığı, qəsbkarlığı təqdir eləməz. Təcavüzkarın yanında yer almaz. Əksinə, ona qarşı çıxar. Əməldə mümkün olmasa da, heç olmasa, sözdə, dildə etiraz edər. Qərbin – Avropa və ABŞ-ın konkret halda davranışı, verdiyi qərarlar bu xüsusda tam normal və yerindədir.
Ancaq bir sual var: niyə bu “öldürücü” sanksiyaların heç olmasa, 1000/1-i zamanında işğalçı Ermənistana tətbiq olunmadı? Əksinə, 44 günlük müharibə zamanı Fransa hətta açıq-aşkar işğalçının tərəfini tutdu. Qərb, Avropa Birliyi indimi anladı ki, sərhədlərin zorla dəyişdirilməsi qlobal sülhə hansı təhlükələr yarada bilər? Nəhayət, nədən erməninin işğalçısı da, terrorçusu da xristian Qərb üçün əziz və doğma oldu?
İş də ondadır ki, vaxtında indiki sanksiyaların cüzi bir qismi cırtdan Ermənistana tətbiq edilsəydi, nə bunca münaqişə uzanar, nə hər iki tərəfdən çox sayda canlı itkilər olar və nə də Qərb indi Rusiyanın əlində girinc qalmazdı! Deməli, günahsız insanların öldürülməsi, o cümlədən Xocalı soyqırımının qurbanları erməni faşistləri ilə yanaşı, həm də işğalçıları “bizimkilər”ə və “yad”lara bölən Qərbin vicdanındadır.
*****
Bəs görəsən, Ukrayna dərsindən sonra Qərb ərazi bütövlüyü və sərhədlərin toxunulmazılığı məsələsində “ikili standart” siyasətindən imtina edəcəkmi? Yoxsa “bu bizimkidir, yaxşı işğalçıdır” prinsipi üzrə ənənəvi siyasi riyakarlığına davam edəcək? ABŞ-ın, Fransanın İrəvandakı səfirləri Ukrayna böhranı bitəndən sonra da “artsax-artsax” deyib yaxa cıracaq, erməniləri üçün “öz müqəddəratı təyinetmə” haqqından dəm vuraraq faktiki İrəvanı Azərbaycana qarşı yeni işğalçılığa şirnikəndirməyəcəklər ki? Hər halda, bunu da görəcəyik.

Sözü ona gətiririk ki, işğalçının böyüyü-kiçiyi, yadı-doğması olmaz. Amma Qərbin özünə illərlə yaxın saydığı təcavüzkar Ermənistan, onun “demokratiya sammiti”nə dəvət elədiyi “sorosçu” rəhbəri Ukrayna məsələsində Qərbin xeyrinə mikroskopik addım belə atmayıb. Əksinə, keçən həftə AŞ PA-da Rusiyanın səsvermə hüququndan məhrum edilməsi haqda qərarın əleyhinə səs verib (Azərbaycan bitərəf qalıb).
Ən absurdu isə odur ki, Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə Qərbin tətbiq elədiyi “öldürücü” sanksiyalara da Ermənistanda özünəməxsus şərh verməyə çalışırlar. Həyasızcasına iddia edirlər ki, guya Avropa, ABŞ “artsaxa ”təcavüz edən” Azərbaycana qarşı belə sanksiyalar tətbiq eləməlidir. Halbuki Ukrayna indi beynəlxalq hüquqa əsasən Azərbaycanın (işğala məruz qalanın), Rusiya isə məhz Ermənistanın (işğalçının) statusundadır.

Əfsus ki, Krımın ilhaqına görə, ondan bir az öncə isə (2008) Abxaziya və Cənubi Osetiyanın işğalına görə Rusiyaya sanksiyalar tətbiq eləməyə başlayan Qərb Ermənistanın işğalını on illərlə görməzlikdən gəldi, BMT TŞ-nin Qarabağa dair qətnamələrinin nömrələrini belə unutdu. Gürcüstana, Moldovaya gələndə yadına yalnızca ərazi bütövlüyü prinsipi düşən, Azərbaycana, erməni təcavüzünə gələndə isə ən yaxşı halda ikibaşlı, sürüşkən mövqe tutan və öz müqəddəratı təyinetmə cəfəngiyyatınını Bakıya sırımağa çalışan, daim erməni separatçılarına qucaq açıb onlara maliyyə dəstəyi verən ikiüzlü Qərb!
Bu mənada işğalçını “balaca” və “böyüyə”, “doğma”-“yad”a bölən “azad dünya”ya Rusiyanın Ukrayna boyda sürprizi qaçılmaz idi. Qalır bundan Qərbin dərs götürməsi. Götürəcəkmi?..

