Qurumuş göz yaşları – HEKAYƏ
Axşamdan yağan qar hələ də davam edirdi. Adil kişi səhərəcən pəncərədən yağan qara tamaşa edib bir saat da olsun yuxu yatmamışdı.Gözünün ağı-qarası bircə oğlu Nail düşmənlə üz-üzə dayanmışdı. Doğulub boya-başa çatdığı doğma yurduna düşmən tez-tez hücum edirdi. Belə olan halda səngəri boş buraxmaq olmazdı. Sobaya yaxın beşikdə yatan nəvəsi Nuranənin yenicə bir yaşı tamam olmuşdu. Atası Nail, anası Lalə onun doğum gününü qeyd etməmişdilər. Bəlkədə həmin günü unutmuşdular. Pəncərdən tez –tez düşmən tərəfindən atılan mərmi səsləri eşidilirdi. Mərminin səsindən qəfil oyanan balaca Nuranə yerindən diksinərək atıldı. Anası Lalə qəfil özünü itirsə də, nənəsi Mənsumə Nuranəni qucağına alıb sakitləşdirdi.
Lalə şəhər qızı idi. Naillə Bakıda tanış olmuşdu. Həmin vaxt o, Tibb texnikomunu yeni başa vurmuş, Nail isə mühəndis idi. Lalənin atası Teymur müəllim qızını uzaq rayona, müharibə ərazisinə getməyinə razı deyildi. Lalənin Nailə olan sevgisi Teymur müəllimi də yola gətirdi. Tezliklə Lalə Qarabağa gəlin köçdü. Toyları Nailin doğulduğu kənddə baş tutdu. Bir müddət sonra Lalə kənddəki tibb məntəqəsində işə düzəldi və kəndin ən hörmətli tibb bacısına çevrildi. Nail isə kəndin su anbarında mühəndis kimi çalışırdı. Həyat öz axarı ilə davam edirdi. Qızları Nuranə yeni doğulmuş, sevincləri yerə-göyə sığmırdı. Xoşbəxt günləri çox çəkməmiş bir anda qara buludlara tuş gəlmişdi.
Qəfil qapı açıldı və Nail əsgər formasında iti addımlarla içəri daxil oldu. Lalə qorxmuş halda ayağa qalxaraq sevindirici bir xəbər gözləyən gözlərini Nailə zilləmişdi. Nail yaxşı bilirdi ki, Lalə çox narahatdır. Amma özünü itirmədən: “ Mənim müəllimimin qızı neynəyir?”- sualını verir. Lalənin atası Teymur Bakıda müəllim kimi çalışdığından Nail də Laləni bu cür səsləyərdi. Sonra balaca qızını qucağına alıb üzünü Laləyə tutub dedi: ”Atan görsün ki, bu balaca kənddən necə böyük müəllimlər çıxır”. O istəyirdi ki, qızı müəllim olsun. Lalə bilirdi ki, Nail onunla zarafat edir bu səbəbdən heçnə demirdi. Sonra üzünü atasına tutub dedi: ”Ata, bəlkə, Lalə ilə Nuranəni Bakıya atasıgilə göndərək. Vəziyyət getdikcə ağırlaşır, düşmən günü-gündən azğınlaşır”. Adil kişi dərindən ah çəkdi. Sakit səslə: “olar”-dedi. Baxmayaraq ki, ürəyində balaca nəvəsi və öz qızı kimi bildiyi Lalədən ayrılmaq istəmirdi. Lalə Adil kişinin tək gəlini kimi yox, həm də qızı kim çox əziz idi. Lalə etiraz edərək heç yerə getməyəcəyini dedi. O, kənddə yeganə tibb bacısı kimi yaralı əsgərlərə xidmət edirdi. Hətta kənd camaatının onu qınayacağını düşünürdü. Lalənin söylədiyi sözlər Nailin üzündə təbbəssüm yaratdı. Balaca qızını bağrına sıxıb, qoxlayıb öpdü. Qapını örtüb çıxdı. Bu Nailin son gedişi idi.
Səhər saatlarında erməni-rus silahlı birləşmələri kəndə hücuma keçdi. Döyüşlər başladı. Adil kişi öz xidməti avtomobili ilə ağır yaralıları rayondakı hospitala çatdırır, ilkin tibbi yardımı isə Lalə göstərirdi. Balaca Nuranə nənəsi Mənsumənin ümidinə qalmışdı. Düşmən geri çəkildi, sakitlik yarandı. Kənddə şəhidlərin dəfn olunması üçün hazırlıq gedirdi. Lalə canından artıq sevdiyi Nailin şəhid olmasından bixəbər yaralanan əsgərlərə tibbi yardım göstərirdi. Adil kişi qapını açıb içəri daxil oldu. Sakit səslə:” Qızım, sən hər şeyə hazır olmalısan”-dedi. Lalə nə baş verdiyini başa düşdü.
Nailin ölümündən 3 ay keçmişdi. Yaz fəsli gəlmiş, hər tərəfi gül-çiçək bəzəmişdi. Belə gözəl bir gündə düşmən böyük ordu ilə hücuma keçdi. Balaca Nuranənin ata-baba yurdu işğal olundu. Adil kişi ailəsi ilə qonşu rayonda salınmış çadır şəhərciyində məskunlaşdılar. Çadırlar yerindəcə sökülüb əvəzində çiy kərpicdən tikilmiş balaca daxmalar tikildi. Nuranə artıq altı yaşına çatmışdı. Anası Lalə məskun köçdüyü yerdə qurulmuş dəmir vaqonda tibb bacısı kimi işinə davam etməyə başladı. Gecədən son beş ilin ən sərt qarı yağmışdı. Lalə həmişəki kimi səhər tezdən oyanıb işinə getmiş, Adil kişi də daxmanın üstünə yağan qarı təmizləməyə çabalayırdı. Mənsumə xala Nuranəni daxmanın içində saxlayır, çölə soyuğa çıxmasın deyə onun başını qatırdı. Qarın çoxluğuna tab gətirməyən daxma qəfildən uçdu. Nənə Nuranəni xilas etmək üçün özünü onun üstünə atmış, ətrafdakı insanlar köməyə gəlsə də, artıq gec idi. Mənsumə nənə başına düşən ağac tirindən aldığı xəsarətdən yerində keçinmişdi. Nuranə isə yüngül xəsarət almışdı. Hər şey onun gözü qarşısında baş vermişdi. Balaca daxma dağıldıqdan sonra onlar şəhərcikdə qurulmuş dəmirdən olan kiçik evə köçdülər. Qışda soyuq, yayda isti olan bu dəmir vaqonlarda yaşamaq Adil kişinin səhhətində ciddi problemlər yaratdı. Az vaxt keçdikdən sonra Nuranə çox istədiyi babasını da itirdi.
Nuranə artıq məktəbə başlamışdı. Babasına söz vermişdi ki, gələcəkdə həkim olub onu müalicə edəcək. Ancaq atasının onu müəllim görmək istəyini anasından örəndikdən sonra fikrindən daşınır. Nuranənin məktəbi dəmir vaqondan ibarət idi. Uşaqlar qışda sinif otaqlarında kömür sobasının kənarında isinməyə çalışır, yaz gələndə isə siniflər hədsiz çox isti olurdu. Nuranə bütün çətinlikərə öyrəşmişdi. Xoşbəxtlikdən anasının tibb bacısı olmağı səhhətində yaranan problemləri aradan qaldırırdı. Nuranənin oxuduğu məktəbin yaxınlığından su kanalı keçirdi. Həmin su kanalının üzərindən keçən körpüdən uşaqlar məktəbə gedib gəlirdilər. Yağış yağanda hər tərəf palçıq olurdu. Günlərin bir günü Nuranə yağışlı havada sinif yoldaşı Cəmilə ilə məktəbə gedirdilər. Qəfil Cəmilənin ayağı sürüşüb suya yıxıldı. Kanaldan axan sel onu aparır, balaca Nuranə onu xilas edə bilmir. Hadisədən təsirlənən Nuranə bir ilə yaxın danışa bilmədi. Sonra babasının dostu onu müalicə edir və yenidən danışmağa başlayır. Cəmilənin ailəsi başlarına gələn hadisələrə dözməyərək şəhərcikdən köçüb başqa rayona gedirlər. Uzun vaxt keçdikdən sonra Cəmilənin qardaşı tanınmış jurnalist olur. O Nuranədən müsahibə götürür. Hətta qızı balaca Cəmiləni də onun görüşünə gətirir.
Ailədə olan çətinliklər qurtarmır. Dəmir parçasından olan evə tək getməyə qorxduğundan dərsdən sonra anasının çalışdığı yerə gəlir, saatlarla anasını gözləyir. Hər qar yağanda nənəsinin ölümü gözünün önünə gələr, yaşadığı bədbəxt hadisələrin təsirləri onu buraxmazdı. Səhərə kimi Allaha dua edərdi ki, qar bərk yağmasın. Bilmirdi ki, evləri dəmirdəndi qar onu uçura bilməz. Bir müddət sonra həmin yerdə yeni qəsəbələrin salınması göstərişi verilir. Bir il keçmiş köhnə binalar yenisi ilə əvəzlənmiş , ərazidə yeni şəhərciklər, hündür mərtəbəli binalar, yeni müasir məktəblər tikilmişdi. Nuranə artıq 9-cu sinfi yeni məktəb binasında davam etdirirdi. Məktəbi əla qiymətlərlə başa vurmuş və Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuşdu. Nuranənin təhsil almasında dayısı və xalasının dəstəyi olur. Nuranə unversiteti bitirib magistraturaya daxil olur. Təhsilini bitirdikdən sonra doğma məktəbinə qayıdaraq orada müəllim kimi peşəsini davam etdirir. Axı buradakı müəllimlər də ona yad deyildi. Onlar bir yerdə ən ağır sınaqdan çıxmışdılar.
Nuranəgilin qonşusu Sabir dayı idi. Həm onlarla eyni kənddən idilər, həm də Nuranənin atasının uşaqlıq dostu idi. Sabir dayının böyük oğlu hərbi məktəbi bitirmiş, ikinci oğlu Ruslan isə hərbidə xidmət edirdi. Ruslan 2-ci Qarabağ savaşında şəhid olmuşdu. Kiçik oğlu Fərid isə qəsəbədə diş həkimi işləyirdi. Uşaqlıqda Nuranə ilə tez-tez dalaşırdılar. Fəridin anası Aidə xala isə onları barışdırırdı. Sonradan münasibətləri sevgiyə çevirildi. Ailə qurmuş sonra Nail adında bir oğlan övladı dünyaya gəlmişdi. Daha sonra ikinci qız övladı Ləman doğuldu. Fərid Nuranəyə yaxın dost və yaxşı həyət yoldaşı oldu. Məktəb direktorunun səhhətində problem yarandığı üçün Nuranəni yanına çağırıb məktəbdəki bütün işləri ona tapşırdı və birdaha məktəbə qayıtmadı. Nuranə şəhid qızı idi. Hər kəs onun gələcəyinə inamla baxırdı. Direktor vəzifəsinə təyin olunduqdan sonra məktəbdə bir çox şeylər dəyişdi. Məktəbdə vətənpərvərlik mövzusuna aid ciddi tapşırıqlar verdi. Şagirdlərin yaxşı təhsil alması üçün həvəsləndirmə işləri yaratdı. Qısa bir vaxtda rəhbərlik etdiyi təhsil ocağı rayonda digərlərindən fərqləndi.
Sentyabr ayının 27-si idi.Səhər saatlarında atılan mərmi səsi müəllimi yuxudan oyatdı. Məktəbin qarşısına çatanda gördüyü mənzərə Nuranəni dəhşətə gətirmişdi. Düşmən atəşi pozması nəticəsində cəbhə bölgəsində yaşayan insalar məcburən evlərini tərk eləmişdilər. Soyuqdan qorunmaq üçün sığınacaq axtarırdılar. Nuranə məktəbin qapısını onların üzünə açdı. 100-dən çox ailəni siniflərdə yerləşdirdi. Artıq vətən müharibəsi başlamışdı. Ordumuz düşmənə cavab olaraq hücuma keçmişdi. Bir saat içində bir neçə kəndimiz işğaldan azad olundu. Nuranənin vaxtilə dərs dediyi şagirdlər də ön cəbhədə düşmənlə üz-üzə döyüşürdülər. Onlardan çox nigaran idi.Tez-tez valdeynləri ilə əlaqə saxlayırdı.
44 gün keçdi. Düşmən diz çökdü, ordumuz qələbə çaldı və bununla müharibə qurtardı. Həyat öz axarına düşdü. Məktəbə sığınan köçkünlər öz evlərinə qayıtdılar. Nuranə babası Adil kişiyə verdiyi sözü tutmaq üçün doğulduğu rayona gedib atası Nailin məzarını ziyarət etdi. Teymur müəllim də onunla birgə getmişdi. Sabir dayı yola bələdçlik etmək üçün sükan arxasında özü əyləşmişdi. Yolboyu Sabir dayı dağıdılmış kəndlər haqqında məlumatlar verirdi. Nuranə ağlamağı xoşlamırdı, heç babası Adil kişi öləndə də ağlamamışdı. Babası Teymur müəllimin atasının məzarı üstündə dediyi sözlər onu göz yaşlarına boğdu.
“Sənin qızın böyük müəllim oldu. Mən onunla fəxr edirəm!”- dedi.
Onun doğma yurdunda qızğın iş gedirdi. Hər yerdə ağır teknikalar işləyir, böyük şəhər salınmağa başlanmış, hamının üzü gülürdü. Nuranə baba və nənəsinin məzarlarının üzərinə tökmək üçün özü ilə torpaq da götürmüşdü. Baxmayaraq ki, Nuranənin indi başqa arzusu qalırdı: öz doğma şəhərinə köçüb təməli yenicə qoyulmuş Qarabağ universitetində tələbələrə dərs demək.
Yazar: Zövqiyyə Əsədova
Redaktə etdi: Müqayyə Əlmərdanlı

