Müharibələrin insan psixologiyasına təsiri və fəsadları
Müharibə psixologiyamıza təsirsiz ötüşmür: istər onun iştirakçıları, istər də dinc əhali üçün. Psixoloji fəsadlarına görə heç bir təbii və ya texnogen fəlakət müharibə ilə müqayisə edilə bilməz. Bir çox təqdiqatçılar qeyd edir ki, tamamilə qorxusuz psixi sağlam insan mövcud deyil.
Araşdırmalar isə göstərir ki, əgər insan hər hansı fəlakət zamanı özünüqoruma instinktinə əsasən hərəkət edirsə, müharibə iştirakçııarı döyüşlərin ən təhlükəli anında belə özünüqoruma instinktinə zidd gedərək ali məqsədə çatmağı üstün tutur.

Hələ XX əsrin əvvəlində psixologiyada əks olunmuşdur ki, təsadüfi təhlükədən qaçan, mübarizə aparmayan sadə vətəndaş, cəmiyyət tərəfindən qınaq obyektinə çevrilmir. Lakin döyüş meydanını tərk edən və ya döyüşə getməkdən imtina edən döyüşçü həm cəmiyyət tərəfindən qınaq obyektinə çevrilir, həm də qanun qarşısında məsuliyyət daşıyır.
Müharibə iştirakçısı sadəcə düşmənlə vuruşmur, o, həm də öz daxili dünyasında qorxuları ilə mübarizə aparır. Həyatda qalmaq üçün döyüş iştirakçıları öz psixikasının strukturunu yenidən qurmalı, onu hərbi faəliyyət rejiminə keçirməlidir.
Uyğunlaşma mexanizmi müharibə iştirakçısının psixikasına təsirinə görə 3 istiqamətdə özünü göstərir: Müsbət , mənfi və neytral.

Müsbət istiqamət dedikdə buraya unikal həyat və müharibə təcrübəsinin qazanılması, özünü hərtərəfli və dərindən tanıma (öz emosional, intellektual və iradə imkanlarını dərk etmək) daxildir.
Neytral istiqamətə isə psixi gərginlikdən xilas olmaq zərurəti, sosial əlaqələr və münasibətlər sisteminə yüksələn “Vətən müdafiəçisi”, “ döyüşçü” statusu ilə qəbul olunmaq aiddir.
Neqativ istiqamətə isə psixikasında müharibə izləri daşıyan döyüşçünün sülh şəraitinə adaptasiya oluna bilməməsi, onun bu şəraitə uyğunlaşmaması və bunun nəticəsində yenidən psixotravma alma ehtimalı, eləcə də müharibənin insan psixologiyasında törətdiyi mənfi fəsadlar nəticəsində məişətdə və digər sahələrdə problemlərin yaranması kimi hallar daxildir.

Ona görə də, mütəxəssislər hesab edir ki, nə qədər ki, müharibələr var, onun insan psixoloigiyasına təsiri hər zaman mübahisə mövzusu olacaq. Ona görə də müharibə ilk olaraq insanların şüurunda, təfəkküründə, düşüncəsində bitməlidir. (Mənbə: “cyberleninka.ru”)
Aysel Bayramova,
Nərmin Nərimanova,
Bakı Slavyan Universitetinin tələbələri

