COVID-19: Karantin qaydaları yumşalsa da…
Dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizədə Azərbaycan digər dövlətlərə nümunə olan təcrübəsini nümayiş etdirdi.
Azərbaycanın dövlət başçısı İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirələr və tədbirlərdə də Azərbaycanın pandemiya dövründə atdığı addımların ardıcıllığına diqqəti yönəldərək bu məqamı xüsusi qeyd etmişdir ki, ilk gündən bu günə qədər aparılan mübarizələrin nəticəsi onu deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır.
İlk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxdıq.
Özünütəcrid COVID-19-la mübarizədə qələbənin əsas şərti kimi irəli sürülərək karantin rejimində mərhələli şəkildə müəyyən sərtləşmələr və yumşalmalar həyata keçirildi və ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qərar qəbul edildi. Qərara əsasən, cari ilin mart ayının 6-dan etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə, sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə artıq icazə verilir. Mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrlar və konfrans zallarının, istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar da daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti, şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) ilə bağlı vaxt və say məhdudiyyəti, dini ibadət yerlərinə tətbiq edilən say və eyni vaxtda ibadət üçün nəzərdə tutulan yerlərlə bağlı faiz məhdudiyyəti, ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyət, pandemiya dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı tətbiq edilən adambaşı sıxlıq normaları, 10 nəfərdən artıq şəxsin iştirakı ilə tədris və repetitor xidmətlərinin həyata keçirilməsi məhdudiyyəti ləğv olundu.
Fəaliyyətinə icazə verilən xidmətlərdən (işlərdən) yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər (yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla) istifadə edə bilər.
Məhdudiyyətlərin ləğv olunması şamil olunan iş və xidmət sahələrində koronavirus infeksiyasına qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilmiş digər tələblər (girişlərdə COVID-19 pasportlarının təqdim olunması, qapalı yerlərdə maskadan istifadə və s.) qüvvədə qalmağa davam edir.
Tətbiq edilən tələblərə riayət olunmasını təmin etmək məqsədilə müvafiq nəzarət tədbirlərinin icrası davam ediləcək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması aşkar edildiyi hallarda fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.
Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sosial məsafənin qorunması və əl gigiyenası kimi ümumi qaydalara, habelə metodiki göstərişlərdə qeyd olunmuş tövsiyələrə riayət olunması zəruridir.
Karantin qaydaları yumşalsa da, biz daha da məsuliyyətli olaraq nizam-intizam qaydalarına riayət etməyə davam etməliyik. Çünki ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən atdığı addımların əsasında məsuliyyət hissinin artırılması, dövlət-vətəndaş birliyinin daha da möhkəmləndirilməsi dayanıb. Məhz sosial məsuliyyətə söykənərək həyata keçirilən sistemli tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alındı. Azərbaycan, həmçinin COVID-19-la mübarizədə birliyin, həmrəyliyin vacibliyini dünyaya ünvanladığı çağırışlarını reallıqda təsdiqləməklə də nümayiş etdirir.
Pandemiya ilə bağlı qoyulan bütün qaydaların və qalan digər məhdudiyyətlərin də ləğv olunmasını, ən əsas da bu virusun tamamilə yox olub bitməsini və əvvəlki həyatımıza qayıtmaq istəyiriksə, məsuliyyətli olmağı qətiyyən unutmamalıyıq. Bu mübarizədə qət etdiyimiz müsbət irəliləyiş bizim üçün stimul olmalıdır. Gigiyena qaydalarına əməl edək, tibbi maskadan istifadəni, sosial məsafəni gözləməyi unutmayaq.

