Siyasət 

“Rusiya Kiyevi alsa, sonra nə olacaq” sualına Bakıdan cavablar

Ekspertlərə görə, Kiyev işğal olunsa belə, bu, kapitulyasiya demək olmayacaq, dünya birliyi uzun müddət Moskvanı qınamaqda davam edəcək

Rusiyanın Ukraynaya hücumundan sonra əsas hədəfinin Kiyev olduğu ən çox danışılan mövzulardan biridir. Bildirilir ki, paytaxtın ələ keçirilməsindən sonra Ukrayna hakimiyyəti de-fakto devrilmiş sayılacaq.

Baxmayaraq ki, son olaraq, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Ukraynada hakimiyyət dəyişikliyi etmək istəmədiklərini deyib.

Ukraynanın və Qərbin paytaxt əldən gedərsə, planları nə ola bilər?

AMİP Mərkəzi Şurasının sədri, politoloq Rəşad Bayramov Kiyev alınsa belə, bunun hər şeyin sonu olmayacağını qeyd etdi: “Əvvəla, onu qeyd edim ki, Ukraynanı ”qurban” olaraq irəli verən ABŞ və bəzi Qərb dövlətləri artıq istəyinə nail olub. Məqsəd Rusiyanı səhv qərarlar qəbul etməyə məcbur etməkdən ibarət idi və buna da nail oldular. Nəticədə Rusiya Ukraynaya hücum edərək özünü çox acınacaqlı duruma saldı. İndiyə qədər misli görünməmiş sanksiyalarla üzləşən Rusiya faktiki olaraq defolt həddindədir və bu sanksiyalara ən yaxşı halda bir neçə ay duruş gətirmək imkanı var.

Rəşad Bayramov: “Rusiya “sülhməramlıları”nın Ermənistanla sərhədimizə  yerləşdirilməsi təhlükəlidir” - Ovqat.com

 Rəşad Bayramov

Ukraynanı ən uzağı iki gün müddətində işğal edəcəyini, hakimiyyət dəyişikliyinə nail olacağını və özünə uyğun “sözəbaxan” hakimiyyət quracağını düşünən Putin gözləmədiyi müqavimətlə üzləşdi. Kreml Ukraynada sürətli hərbi qələbə planını reallaşdıra bilmədi. Müqavimət davam etdikcə isə həm sanksiyaların təsiri artır, həm də Rusiya gün ərzində milyardlarla dollar itirir.

Məsələ burasındadır ki, Rusiya tələyə düşdüyünün fərqindədir, amma indi geri çəkilməklə nəyisə dəyişməyin mümkün olmadığını da anlayır. Başqa sözlə, indi hərbi əməliyyatları dayandırıb Ukraynadan çıxsa belə Rusiyaya tətbiq olunmuş sanksiyaların götürülməyəcəyini bilir. İkinci bir tərəfdən, indi geri çəkilmək həm də faktiki olaraq döyüş meydanında da uduzmağa bərabərdir ki, bu da öz hərbi qüdrətiylə öyünən Rusiyanın tamamilə nüfuzdan düşməsinə və bu gün təzyiq yolu ilə öz yanında saxladığı ayrı-ayrı dövlətlərin də ona ciddi qüvvə kimi yanaşmamasına səbəb ola bilər. Odur ki, Rusiya sonacan getmək niyyətindədir.

Kiyevin işğalına nail ola bilərmi? Bu indi daha çox ABŞ-ın və Qərbin Ukraynaya hansı səviyyədə dəstək verməsindən asılıdır. Düşünürəm ki, əgər ilk beş gün ərzində Rusiya buna nail ola bilməyibsə, bundan sonra da nail olacağı çətin məsələdir. Hətta Kiyev işğal olunsa belə, bu, kapitulyasiya demək olmayacaq və müqavimət davam edəcək. Hakimiyyətin devriləcəyi və Rusiyaya meylli yeni hakimiyyətin qurulacağını da düşünmürəm. Çünki bu mümkün deyil. Belə ki, Rusiya günahsız insanları hədəf almaqla, mülki obyektləri, uşaq bağçalarını, xəstəxanaları, məktəbləri, yaşayış binalarını bombardman etməklə bütün Ukrayna vətəndaşlarının nifrətini qazanıb və bu nifrət fonunda da rusiyameyilli hakimiyyət qurmaq mümkün deyil.

Qərbin atacağı addımlara gəldikdə isə qeyd etmək lazımdır ki, ABŞ və Qərb Ukrayna savaşının başlanması ilə özünün əsas hədəfinə artıq nail ola bilib. Bu savaşın başlanması ABŞ və Qərb üçün Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə bəhanə qazanmaq baxımından lazım idi. Rusiyaya qarşı olduqca ağır sanksiyalar tətbiq olunduğundan Ukraynada baş verənlər bundan sonra ABŞ və Qərb üçün artıq bir o qədər də prinsipial əhəmiyyət daşımır.

Müharibədən əvvəl ABŞ və Qərb Ukraynanın Rusiya tərəfindən iki gün ərzində işğal olunacağını düşünürdülər. Bu da davamlı sanksiyalar üçün yetərli idi. Amma onlar da Rusiya kimi Zelenski hakimiyyətinin və Ukrayna xalqının dirənişini proqnozlaşdırmamışdılar. Odur ki, növbəti addım olaraq Zelenskiyə ölkəni tərk etmək və başqa bir ölkədə sığınmaqla bağlı təkliflər verməyə başladılar. Lakin Zelenskinin qəti imtinası indi onları yeni addımlar üzərində düşünməyə vadar edib. Bu addım Rusiyanın Ukraynadakı savaş bataqlığında mümkün qədər daha uzun müddət qalması ilə bağlıdır. Bunun ən yaxşı yolu isə partizan müharibəsidir. Böyük ehtimalla ABŞ və Qərb Ukraynada məhz partizan müharibəsi modelini planlaşdıraraq Rusiyanın uzunmüddətli çöküşünü təmin etməyə çalışacaq. Başqa sözlə, uduzan Rusiya və Ukrayna, qalib isə ABŞ və Qərbdəki müttəfiqləri olacaq”.

Züriyə Qarayeva: Gürcüstanda hakimiyyət çətin vəziyyətdədir - KAFKASSAM -  Kafkasya Stratejik Araştırmalar Merkezi

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayeva Rusiyanın niyyətlərindən söz açdı: “Rusiyanın Ukraynaya müdaxilə edərkən qarşılaşacaqları müqavimətə uyğun olaraq 2 planı olub. Maksimal plan Dnepr çayının şərq sahilindəki ərazilərin işğal edilməsi və bu minvalla Ukraynanı parçalamaq, NATO-ya qarşı bufer zona yaratmaq və Krımın su qıtlığı problemini həll etmək. Minimal plan isə paytaxt Kiyevə çatdıqdan sonra ordunu təslim etdirmək, tərəfləri masaya əyləşdirərək aşağıdakı şərtləri qəbul etdirməkdir: 1) Krımın, Donetskin, Luqanskın müstəqilliyini tanıtmaq; 2) Neytrallıq elan etdirmək; 3) ölkəni demilitarizasiya etdirmək. İkinci planın icra olunma ehtimalı indiki halda daha yüksəkdir. Çünki şərq ərazilərinin işğalı Moskva üçün əlavə baş ağrısından başqa heçnə deyil. Yəni paytaxt daxil olmaqla, Ukrayna torpaqlarının işğalı hədəfinin gündəmdə olduğunu düşünmürəm. Rusiya öz hədəflərinə artıq çatmış kimi görünür. Müəyyən qüvvələrə və tərəflərə göstərdi ki, NATO düşündüyünüz qədər güclü təşkilat deyil, təhlükəsizliyinizə yetəri qədər təminatçı deyil; Rusiya düşündüyünüz qədər zəif deyil; dünya, sadəcə, Amerika və Çin qütbləşməsindən ibarət deyil və Rusiya qlobal dünyanın ayrıca güc mərkəzidir. Ukraynada proseslərin nə ilə nəticələnəcəyindən asılı olmayaraq labüd olan tək reallıq ondan ibarətdir ki, beynəlxalq münasibətlər sisteminin yenidən konfiqurasiya edilməsinə ehtiyac var. Çünki geosiyasi durum gərginliyə doğru gedir, müharibə ocaqlarının sayı artdıqca beynəlxalq qurumların təsir imkanları zəifləyir, ATƏT-in adı çəkilmir. BMT heç bir qərar qəbul edə bilmir. Artıq Vyana, Paris, Yalta, Tehran, Potsdam kimi konfranslar keçirilə bilmir. Son 150-200 ilin məhsulu olan beynəlxalq hüquq işə yaramır. Çünki həmin hüquqlar Rusiyadan qabaq Qərbin özü tərəfindən pozulmuşdu. Bu gün isə qarşı cəbhə göz yumduğu hadisələrin acı nəticəsini yaşayır. Müharibənin hansı nəticələrlə bitəcəyini demək tez olsa da, tək həqiqət odur ki, dünya birliyi hələ uzun müddət qınamağa davam edəcək”.

Daha çox xəbərlər