Türkiyə – Azərbaycan müttəfiqliyi: Bölgədə sabitliyin etibarlı qarantı
Prezident İlham Əliyevin martın 10-da Ankaraya işgüzar səfəri, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Şuşa Bəyannaməsinin xatırlanması, Zəngəzur dəhlizinin bərpası ilə bağlı fikir mübadiləsinin aparılması regional sabitliyə önəmli töhfədir
Azərbaycanın xarici siyasətinin strateji xətti qonşu dövlətlərlə qarşılıqlı hörmət əsasında əməkdaşlığı genişləndirmək, etimad prinsiplərinə sadiq qalmaqdır. Prezident İlham Əliyevin «Bu münasibətlər bərabərhüquqlu münasibətlərdir, çox möhkəm zəmin üzərində qurulubdur. Artıq bütün qonşularla münasibətlərimiz ikitərəfli maraqları təmin edir. Belə də olmalıdır. Biz bu bölgədə, bu coğrafiyada yaşayırıq. Ona görə qonşu ölkələrlə sağlam, mehriban qonşuluq münasibətləri hər bir ölkə, o cümlədən Azərbaycan üçün önəmlidir» sözləri dövlətlərarası siyasi, iqtisadi, tarixi, mədəni əlaqələrin inkişafında sabitliyin təminatına göstərdiyi sadiqlikdir.
Bu gün Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli əməkdaşlıq bütün ölkələr üçün qəbul olunan ən uğurlu formatlardır. Cənubi Qafqazın aparıcı dövləti, İslam aləminin ayrılmaz parçası olan Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi müsəlman dövlətləri arasında həmrəyliyin möhkəmlənməsindəki rolu artan Azərbaycan Avropa ölkələri üçün də ənənəvi tərəfdaşlığa əsaslanan vədinə sadiq dövlət, əsas ticarət tərəfdaşıdır. Təsadüfi deyil ki, respublikamızın ixrac məhsulları daha çox Avropa məkanına göndərilir. Son illərdə Asiya ölkələri ilə qarşılıqlı münasibətlərin möhkəmlənməsi ölkəmizin diplomatik əlaqələrini daha da genişləndirib.
«Təbii ki, ilk belə maraq göstərən Avropa ölkələri – Qərb ölkələri olmuşdur. Xüsusilə neft-qaz sektoruna olan maraq da orada əsas rol oynamışdır. Biz də təbii ki, münasibətlərimizi ilk növbədə o ölkələrlə qurduq. Ümumiyyətlə, ilk illərdə bizim əsas tərəfdaşlarımız Qərb dünyası, Asiya ölkələri ilə siyasi və iqtisadi əməkdaşlıq aparmaq üçün çox böyük potensial vardır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada tam şəkildə müstəqil siyasət aparan az saylı ölkələr sırasında Azərbaycanın adının yer alması ölkəmizin diplomatiyasına beynəlxalq səviyyədə göstərilən etimad və etibardır. Bu da təsadüfi deyil. Müstəqil siyasət pərdəsi altında birtərəfli və radikal siyasət aparan bəzi dövlətlərdən fərqli olaraq Azərbaycan bütün ölkələrlə milli maraqlarımızı, bərabərhüquqlu münasibətlərimizi əks etdirən xoş niyyətli əlaqələr qurmaq sahəsində zəngin təcrübəyə malikdir. «Çünki bir daha demək istəyirəm ki, bizimlə məntiqi nöqteyi-nəzərdən mübahisə etmək mümkün deyildir» söyləyən Prezident İlham Əliyev Azərbaycan diplomatiyasının əsasında özünə inam prinsipinin, başqasına hörmət amilinin, multikultural dəyərlərin çoxluq təşkil etdiyini də diqqətə çatdırır. Bərabərhüquqlu münasibətlərin təmin edilməsi də Azərbaycanın artan gücü hesabına mümkün olmuşdur. Bütün səviyyələrdə dəstəklənən ölkəmizin xarici siyasətinin əsasını təşkil edən enerji diplomatiyamızın coğrafiyasının genişlənməsi, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatında əsas mənbə olan respublikamızın əvəzsiz rolu Azərbaycana marağı daha da artırır.
Prezident İlham Əliyevin «Yeni qaz mənbəyi – ən önəmlisi budur, yeni marşrut yox, yeni qaz mənbəyi. Avropa üçün bu gün yeni qaz mənbəyi, sadəcə olaraq, Azərbaycandır. Başqa yeni mənbə yoxdur və yaxın zamanlarda olmayacaqdır» sözləri hazırda enerji böhranı ilə üzləşən qitə ölkələrinin tələbatının ödənilməsi baxımından daha xarakterikdir.
Təbii ki, Azərbaycanın təşəbbüsü ilə formalaşan əməkdaşlıq formatında Azərbaycan –Türkiyə strateji tərəfdaşlığının, diplomatik fəaliyyətin xüsusi yeri və rolu vardır. Ötən il Şuşada Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik Bəyannaməsinin imzalanması əsrlərə söykənən qardaşlığın tarixi qələbəsi idi.
Ötən ilin 27 sentyabrından başlanan Vətən müharibəsinin davam etdiyi 44 gündə daim Azərbaycanın yanında olduğunu bəyanatları, siyasi, mənəvi dəstəyi ilə bildirən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və qardaş ölkənin digər dövlət rəsmilərinin ölkəmizlə həmrəylik nümunəsi olan sözləri xalqımıza dəstək idi. İşğalçı Ermənistan üzərində Qələbəmizin təntənəsi kimi paytaxtımızda keçirilən Zəfər paradını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birgə izləyən Prezident İlham Əliyevin məğrur görünüşü düşmənə və Ermənistanı dəstəkləyənlərə qalibin məğlub üzərindəki üstünlüyünün qardaşlığın əbədi simvolu idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ müharibəsində ədaləti, ərazi bütövlüyünü bərpa etdi. Zəfərimizin qardaş ölkədə də təntənə ilə qeyd olunması, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəliklə Şuşada keçirilən həmrəylik, birlik tədbirlərində iştirakı, tarixi əhəmiyyətə malik Müttəfiqlik Bəyannaməsinin imzalanması qardaşlıq münasibətlərinin yeni səhifələri idi. «Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə – Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, faydalı iş birliyi, müttəfiqlik nümunəsidir. İmzalanmış Bəyannamə isə böyük öndərlərin – «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» söyləyən Mustafa Kamal Atatürkün,” «Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”» aforizminin müəllifi Heydər Əliyevin vəsiyyətlərinə sadiqlikdir.
«Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Müttəfiqlik Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad olunmaqla dövlətlərarası iş birliyinin gələcək istiqamətləri də əksini tapır. Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir. Başqa sözlə, Türkiyə ilə Azərbaycan hər iki ölkənin təhlükəsizliyinin qorunmasında da birgə iştirak edəcək. Beynəlxalq müstəvidə aktual məsələ olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu dəhlizin bərpasına mane olanların cəhdlərinin əsassız olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin «Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır» sözləri dəhlizlə bağlı revanş çağırışlar səsləndirən Ermənistan kimi onun havadarlarına da xəbərdarlıqdır. Türkiyənin də marağında olan Zəngəzur dəhlizinin bərpası Şərqdən Qərbə uzanan və hər kəsin istifadə edə biləcəyi yeni ortaq körpü olacaq.
Prezident İlham Əliyev martın 10-da Ankaraya işgüzar səfəri, türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Şuşa Bəyannaməsinin xatırlanması, bu tarixi sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında inkişafının prioritetlərinin müəyyənləşdirilməsi bütünlükdə region dövlətlərinin maraqlarına xidmət edir. Səfər çərçivəsində postmünaqişə dövründə Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasının perspektivləri ətrafında fikir mübadiləsinin aparılması, 100 illik tarixə əsaslanan Zəngəzur dəhlizinin açılmasının, onun region üçün əhəmiyyətli perspektivlərindən söz açılması, hazırda dünya siyasətinin aktual mövzularından olan Qars-Naxçıvan dəmir yolu xəttinin çəkilməsinin əhəmiyyətinin bir daha diqqətə çatdırılması müttəfiqliyin sarsızmazlığının göstəricisidir.
İkitərəfli görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda təsbit olunmuş bütün müddəaların Ermənistan tərəfindən icrasının vacibliyinin qeyd edilməsi, Türkiyə və Ermənistan nümayəndə heyətlərinin təmasları ilə bağlı fikir mübadiləsinin aparılması regional sülhə, sabitliyə etibarlı təminatdır. Azərbaycanın təşəbbüsü ilə reallaşan enerji layihələrinin Türkiyə ərazisindən keçməsi ilə bağlı Azərbaycanın göstərdiyi qətiyyət, bu sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə olan Cənub Qaz Dəhlizinin bölgə dövlətləri üçün əhəmiyyəti bu günlərdə daha çox diqqəti cəlb edir. Cənub Qaz Dəhlizi vasitəsilə qardaş ölkəyə və Türkiyə ərazisindən keçərək Avropaya qaz təchizatının artırılması imkanları müzakirə edilməklə, İğdır-Naxçıvan qaz xəttinin çəkilməsi və bununla bağlı Azərbaycanın dövlət büdcəsində investisiyanın nəzərdə tutulması ilə bağlı danışıqlar aparılıb. Müttəfiq ölkələrin iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün nəzərdə tutulan layihələr müzakirə olunub. Eyni zamanda, hərbi, hərbi texniki, o cümlədən hərbi təlim və tədris sahələrində əməkdaşlığın uğurlu davamı ilə bağlı görüləcək işlər diqqətə çatdırılıb.
Bölgədə sabitliyin yaranmasını əsas təşəbbüskarı olan Azərbaycanın regionda yaratdığı reallıqlara uyğun 3+3 formatının əsas tərəfdaşlarından olan Türkiyə və Azərbaycanın Ukraynadakı hadisələrlə bağlı mövqeləri müzakirə olunub. Türkiyə və Azərbaycanın, eyni zamanda, Prezident Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə Ukrayna arasındakı müharibənin tezliklə dayandırılması istiqamətindəki sülhsevər siyasəti yüksək qiymətləndirilib.
Göründüyü kimi, Azərbaycan ilə Türkiyə arasında möhkəmlənən müttəfiqlik təkcə bu ölkələrin deyil, qardaş dövlətlərin siyasi, iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olacaq.

