Cəmiyyət 

İnnovasiyaların inkişafının Azərbaycan modeli

İndiki zamanda elm tutumlu və rəqabətqabiliyyətli məhsul istehsalı davamlı iqtisadi inkişafın ən mühüm şərti hesab olunur. Bu gün informasiya texnologiyaları bazarında güclü rəqabət var. Araşdırmalar, hesablamalar göstərir ki, istənilən ölkədə elmin inkişafı, orada ümumi daxili məhsulun (ÜDM) orta hesabla 50 faiz artmasına təsir göstərə bilir. Qloballaşma prosesində ölkələr arasında texnoloji rəqabət daha da artdı. ABŞ və Çin, Yaponiya şirkətləri innovativ məhsul və texnologiyaların tətbiqində, inkişafında üstünlük təşkil etməkdədirlər. Qeyd edək ki, “İnnovasiya” (ingiliscə innovation) “yenilik” mənasını verir və innovasiya prosesi nəticəsində yeni və ya təkmilləşmiş məhsul, xidmət təklif olunur.

Prezident İlham Əliyev çıxışlarında ölkədə aparılan islahatlar proqramında innovativ texnologiyaların istifadəsini prioritet məsələlərdən biri adlandırır. Ölkəmiz bu sahədə nəinki regional liderdir, həm də bütün Avrasiya məkanında innovasiyalar sahəsində böyük nailiyyətlərə imza atıb. Dövlət sektorunda innovasiya yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün bir yenilik idi. Çünki innovasiyalar adətən özəl sektorda fəal şəkildə tətbiq olunurdu. Lakin təcrübə göstərdi ki, bəzən onlar dövlət strukturlarında da çox uğurla tətbiq oluna bilirlər və ölkəmizin bu sahədə təcrübəsi bir örnəkdir.

2019-cu ildə Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görüldü. BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təqdim etmişdi. Bu mükafat bir daha Azərbaycanın özünün rəqəmsal texnologiyalarını tətbiq etmək istəyən dövlətlər arasında lider olduğunu sübut etdi. Yerli ekspertlərin fikrincə, ölkəmizdə bu sahəyə xüsusi diqqət göstərilir. İnnovasiyalar nəticəsində inqilabi yeniliklər həyata keçirilir ki, bu da istehsal strukturunu, idarəetməni və iqtisadi inkişafın sürətini kökündən dəyişir. İnkişaf etmiş ölkələrdə sözügedən sahədə xüsusi institutların işləməsinə baxmayaraq, orada dövlət sektorunda innovasiyaların tətbiqi gözlənilən şəkildə irəliləmir.

Ümumiyyətlə, dövlət başçısının apardığı siyasətin təməlində, ölkədə həyata keçirilən islahatların  mərkəzində məhz Azərbaycan vətəndaşı və onun məmnunluğu dayanır.  Prezident İlham Əliyevin uzaqgörənliyi və ölkənin gələcəyini müasir innovasiyaların inkişafında görməsi “ASAN xidmət” və DOST mərkəzlərinin sayının artmasını şərtləndirir. Xatırladaq ki, “ASAN xidmət” Azərbaycan brendi kimi dünyada ilk dəfə ölkəmizdə tətbiq olunub. Əhalinin “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlərdən məmnunluğu 99,5 faizdir. Ölkədə ümumi uğurun təminatının, sabitliyin və qanunun aliliyinin gücləndirilməsinə xidmət edən vacib amillərdən biri də məmur-vətəndaş münasibətlərinin şəffaflığıdır. Qeyd edək ki, DOST mərkəzlərində xidmətlər “bir pəncərə” prinsipinə uyğun olaraq sadələşdirilmiş prosedurlarla həyata keçirilir ki, bu da öz növbəsində səmərəlilik, şəffaflıq və məsuliyyət deməkdir.

DOST mərkəzləri sosial xidmətlərin səmərəliliyini, etibarlılığını təmin etmək və vətəndaşlarla dövlət qurumları arasındakı təmasları minimuma endirmək məqsədilə yaradılıb. Həmin mərkəzlər bu vəzifənin öhdəsindən uğurla gəlir və gözləntiləri doğruldur. Əhaliyə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 96 faizdir ki, bu da bu layihənin uğurunun göstəricisidir.

“Bu gün Azərbaycanın hər sahəsində islahatların nəticələri vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, islahatlar yeniləşmə, yeni yanaşma, müasir şəraitə uyğunlaşma deməkdir. Ötən il oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı bir daha təsdiq etdi ki, həyata keçirilən dövlət siyasətində sosial sahənin inkişafına və həssas təbəqənin sosial məsələlərinin həllinə həmişə diqqət yetirilir.

Daha çox xəbərlər