Xarici sərmayənin böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdəndir
Dövlət başçısı İlham Əliyev Qarabağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində bir daha bildirmişdir ki, siyasətimiz əsasında ölkəmizin bundan sonrakı sürətli inkişafını təmin, azad edilmiş torpaqları bərpa etmək dayanır
Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslar daim diqqət mərkəzində olmasını şərtləndirən əsas amil olub. Digər mühüm məqam isə həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin fonunda bu imkanlardan səmərəli istifadəyə nail olmaq, ölkələr, xalqlar arasında körpü roluna yeni əlavələr etmək, reallaşdırılan layihələrlə nəinki iştirakçı, eyni zamanda, dünya dövlətlərinin dayanıqlı inkişafına dəstək olmaqdır.
Azərbaycanın 1994-cü ildən bəri iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrlə regional inkişafa, dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin reallığa çevrilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. İllər keçdikdən sonra əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə böyük zərurət duyuldu. Çoxtərəfli əməkdaşlığın başlanğıc nöqtəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin 2014-cü ildə təməli qoyuldu və nəzərdə tutulduğu vaxtda- 2018-ci ildə rəsmi açılışı oldu. 2018-ci ildə Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsi olan TANAP, 2020-ci il dekabrın 31-də isə digər seqmenti TAP istifadəyə verildi. Dövlət başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Azərbaycan irəli sürdüyü hər bir layihənin uğurlu sonluqla başa çatmasında maraqlıdır və səylərin birləşdirilməsi fonunda buna nail olur.
Azərbaycanın enerji sektorunda qazanılan uğurlardan bəhs edərkən ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası göz önünə gəlir. Ölkə Prezidenti «Əsrin müqaviləsi»nin əhəmiyyətindən bəhs edərkən bu fikri daim vurğulayır ki, bu saziş imzalanmasaydı BTC neft və BTƏ qaz kəmərlərindən, Cənub Qaz Dəhlizindən danışmaq mümkün deyildi. Həmçinin, «Əsrin müqaviləsi» imzalanmasaydı, Azərbaycanın bu gün iqtisadi vəziyyətini, beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olduğunu düşünmək çətin deyildi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın öz təbii resurslarından səmərəli istifadəsinə geniş imkanlar açdı və bu gün dünyanın enerji xəritəsinə diqqət yetirdikdə ölkəmizin əlavələrinin, yeniliklərinin təqdir edildiyini görürük. 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması da Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.
2003-cü ildən etibarən qarşıya qoyulan əsas hədəflərdən biri iqtisadiyyatın şaxələndirilməsi, enerji sektorundan asılılığın minimuma endirilməsidir. Son 18 ildən artıq dövrdə bu istiqamətdə atılan addımlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə də təqdir olunur, qeyri-neft sektoruna investisiya axını sürətlənir. Bu müddətdə ölkə iqtisadiyyatına 280 milyard dollara yaxın investisiya qoyulub ki, bunun böyük həcmini xarici investisiyalar təşkil edir. Bu mühüm məqam Azərbaycanın bu gününə və gələcəyinə inamı nümayiş etdirir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə əsas prioritet kimi öndədir. Təhlillər əsasında bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması əhəmiyyətli rol oynayır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi diqqətə çatdırır. Atılan addımlarda əsas məqsəd bölgələrin inkişafına nail olmaqla yanaşı, sahibkarlara dəstək göstərməkdir. İnfrastrukturun yenilənməsi öz növbəsində iş adamlarının fəaliyyətlərini daha yüksək səviyyədə qurmalarını şərtləndirir. Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
Ölkə Prezidenti uğurlarımızda bir məqamı xüsusi qeyd edir ki, 1990-cı illərin sonlarında, 2000-ci illərin əvvəllərində bəzi təhlilçilər deyirdilər ki, neft Azərbaycana xoşbəxtlik gətirməyəcək, problem gətirəcək. Ancaq biz bu təbii sərvətimizdən maksimum dərəcədə səmərəli istifadə edə bilmişik, ölkəmizi möhkəmləndirmişik, möhkəm dövlət qurmuşuq və müstəqil ölkə kimi yaşayırıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Artıq müstəqilliyinin yenidən bərpasının 30 ilini arxada qoyan Azərbaycan neft amilinin ölkə iqtisadiyyatının inkişafında önəmini bildirərək gerçəkləşdirdiyi enerji layihələri ilə regionda inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Artıq son 18 il neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı kimi xarakterizə olunur. Tarixi Zəfərimizdən sonrakı dövr isə müəyyənləşdirilən Milli Prioritetlərin icrası dövrüdür. Burada əsas prioritet Böyük Qayıdışın reallığa çevrilməsidir. Həmin sənəddə işğaldan azad edilmiş rayonlarımızın malik olduğu potensiala uyğun olaraq görüləcək işlər öz əksini tapıb.
Uğurlarımız qarşıya qoyulan hədəflər və onların icrası üçün düzgün mexanizmin müəyyənləşdirilməsi ilə mümkün olmuşdur. “Əgər biz oturub gözləsəydik ki, kimsə gəlib bunu bizim əvəzimizə edəcək, hansısa investor gəlib pul qoyacaq, bunların heç biri mümkün olmazdı” söyləyən dövlət başçısı bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafının bütün dövrlər üçün aktual olduğunu bildirir. Ölkəmizdə keçirilən biznes forumlar, həmçinin Prezident İlham Əliyevin bu və ya digər xarici ölkəyə səfəri zamanı iş adamları ilə görüşləri iqtisadi imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.
Artıq Azərbaycan 2020-ci ilin 10 noyabrından həyatının yeni mərhələsini yaşayır. Azərbaycanın hərbi-siyasi qələbəsinin dünyaya təqdimatı olan Bəyanatın imzalanmasından dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfəri artıq Böyük Qayıdışın başlanması kimi dəyərləndirildi. Ötən il istər Milli Prioritetlərin təsdiqlənməsi, istər iqtisadi rayonların yeni bölgüsünün aparılması ilə bağlı Fərmanın imzalanması, istərsə də işğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərinin daha da sürətləndirilməsi ilə bağlı Sərəncamın imzalanması 30 il torpaq həsrətini yaşayan soydaşlarımızda tezliklə öz doğma yurd-yuvalarına qovuşacaqlarının yaxında olduğuna əminlik yaratdı. İqtisadi rayonların yeni bölgüsünə əsasən 14 iqtisadi rayon yaradılıb. İşğaldan azad edilmiş ərazilərimizin malik olduğu resurslar məlumdur. Həm ənənəvi kənd təsərrüfatı sahələrinin, həm də ümumilikdə qeyri-neft sektorunun inkişafı üçün bütün imkanlar mövcuddur. İşğaldan azad olunan ərazilərimizin mövcud potensialını, xammal və təbii ehtiyatlarını, məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının dəfələrlə artacağı proqnozlaşdırılır. Burada məqsəd aqrar sektorun inkişafına nail olmaqdır. Füzuli, Cəbrayıl və Zəngilan rayonları işğaldan əvvəl kifayət qədər böyük aqrar və sənaye potensialına malik rayonlar idi. Eyni zamanda, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları da məhsuldar torpaqlara malikdir. Bu torpaqların məhsuldarlığının bərpa edilməsi əsasında ölkəmizin ərzaq təhlükəsizliyinin təminatına böyük töhfə verəcək. Onu da qeyd edək ki, Azərbaycanda meşə zolağının 25 faizi işğal altında olmuş torpaqların payına düşür. Su ehtiyatlarımızın təxminən yarıya qədəri həmin ərazidədir. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun yenilənməsi, kənd təsərrüfatı və sənaye müəssisələrinin bərpası yeni iş yerlərinin yaradılmasına gətirib çıxaracaq. Bir sözlə, tarixi sahiblərinə qayıdan torpaqlarımızda canlanma yaşanır. Zəfərimizdən sonra həmin torpaqlarda ilk olaraq infrastrukturun bərpasına xüsusi diqqət göstərilməsi də səbəbsiz deyil. Yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, qaz xətlərinin çəkilişi, bu ərazilərin «yaşıl enerji» zonasına çevrilməsi üçün tapşırıqların verilməsi və sair kimi biri-birindən mühüm addımlar qarşıya qoyulan hədəflərə qısa zamanda nail olmaqla Qarabağın yaxın zamanlarda cənnət məkana çevrilməsinə, xarici investorlar üçün cəlbediciliyinin artmasına geniş imkanlar açacaq. Dövlət başçısı İlham Əliyev bildirir ki, azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir. Həmin toplantıda bu rəqəm də açıqlanmışdır ki, görülmüş bərpa və quruculuq işlərinin artıq ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır.
Qeyd etdiyimiz kimi, son 18 ildə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dövlət başçısı İlham Əliyev martın 15-də Qarabağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində bir daha diqqəti sosial-iqtisadi göstəricilərə yönəldərək bildirmişdir ki, xarici sərmayənin Azərbaycana böyük həcmdə qeyri-neft sektoruna qoyulması bizim əsas prioritetlərimizdən biridir. Çünki uzun illər neft-qaz sahəsinə 10 milyardlarla dollar sərmayə qoyulub. Bu, enerji sahəsində istədiyimizə nail olmağa imkan verdi. Bu gün Azərbaycan həm xam neft, təbii qaz, neft məhsulları və elektrik enerjisini ixrac edən ölkədir. Bizdə elektrik enerjisinin ixracı nöqteyi-nəzərdən böyük potensial var. Hər bir yeni stansiyanın inşa olunması ixrac imkanlarımızı da artırır.
Bu ilin əvvəlindən energetika sahəsində önəmli addımların atıldığını bildirən ölkə Prezidenti qeyd etmişdir ki, yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməli qoyuldu. Fevral ayında “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı oldu və bu gün 230 meqavat gücündə günəş elektrik stansiyasının təməli qoyulur. Yəni hələ 3 ay tamamlanmayıb ki, artıq 855 meqavat gücündə yeni generasiya gücləri yaradılır. Artıq 385 meqavat gücündə yaradılıb. Bu əminlik də ifadə edilir ki, 2023-cü ildə əlavə güclər bizim ümumi sistemimizə daxil ediləcək. Bərpaolunan enerji növlərinin inkişafı prioritet məsələdir. Azərbaycanda bərpaolunan enerji növlərinin potensialı həddindən artıq böyükdür. Məhz buna görə dünyanın aparıcı enerji şirkətləri indi Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə çox maraqlıdırlar. Yaxın gələcəkdə yeni layihələrin başlanmasına start veriləcək. Böyük potensial işğaldan azad edilmiş ərazilərdədir.
Cari ilin iki ayının statistik göstəricilərinə nəzər salaq. Ümumi daxili məhsul 6,7 faiz, qeyri-neft sektoru 10,1 faiz, qeyri-neft sənaye istehsalı təxminən 21 faiz artıb. Bu rəqəmlər göstərir ki, ölkəmizdə aparılan islahatlar, sənayeləşmə siyasəti öz bəhrəsini verir, biznes mühitinin yaxşılaşdırılması və xarici sərmayənin cəlb edilməsi istiqamətində doğrudan da təqdirəlayiq addımlar atılır. Azərbaycan dünya miqyasında xarici dövlət borcu çox aşağı səviyyədə olan ölkələr sırasındadır.
Beynəlxalq maliyyə qurumları, böyük şirkətlər, investorlar Azərbaycana çox böyük maraqla yanaşırlar. Hazırkı dövrdə əsas hədəf ölkəmizin bundan sonrakı sürətli inkişafını təmin etmək, azad edilmiş torpaqlarda bərpa və quruculuq işlərini uğurla başa çatdırmaq və Böyük Qayıdışı reallaşdırmaqdır.

