Cəmiyyət 

“Sehrli Novruz” mövzusunda rəsm müsabiqəsi

Astara  rayon  Gənclər və İdman İdarəsinin  Rayon Dövlət Rəsm Qalereyası ilə  birgə təşkil etdikləri  “Sehrli Novruz” mövzusunda gənclər arasında rəsm müsabiqəsi keçirilib.

Rayon Dövlət Rəsm Qalereyasında  baş tutan tədbirin açılış mərasimində Rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, Astara Rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov müsabiqənin təşkilində  məqsəd və vəzifələri, milli adət ənənələrin yaşadılması, eləcə  yaradıcı gənclərlə iş sahəsində görülən işlər barədə danışaraq bildiriblər ki, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” nın 5.2.3  və 5.2.13-cü bəndlərinin icrasını təmini,  istedadlı gənc rəssamların aşkar edilməsi, xalqın  milli adət ənənələrinə hörmət hissini aşılamaq, Novruz bayramı yaşam fəlsəfəsinin dərk olunması və gələn nəsillərə ötürülməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarətdir.

Sonra  münsiflər tərəfindən müsabiqədə fərqlənən gənclərin  adları  elan olunub. Səncərədi kənd tam orta məktəbinin  onuncu  sinif şagirdi Elvira  Fərziyeva müsabiqədə birinci,  həmin məktəbin səkkizinci sinif şagirdi Bəyim Həbibzadə ikinci və Burzubənd kənd tam orta məktəbinin beşinci  sinif şagirdi Elida  Əmirzadə  isə üçüncü yerləri qazanıblar.

Qalib gənclər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər