Region Xəbərləri 

Martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür.

Martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür. Günlər var ki, sevincinin böyüklüyü ilə, günlər də var ki, fəlakət və qüssəsinin əzəməti ilə unudulmur. 31 mart ikinci günlərdən idi.
1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.
Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülmüşdür. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.
Erməni-daşnakların və bolşeviklərin soyqırımı törətməkdə başlıca məqsədi Azərbaycanın muxtariyyətinin və müstəqilliyinin elan edilməsinə yol verməmək, Bakı neftinə, Xəzər dənizinə yiyələnmək, Orta Asiyaya gedən yola nəzarət etmək, Cənubi Qafqazı əldən buraxmamaq idi. Lakin onlar istəklərinə nail ola, Azərbaycan xalqının iradəsini qıra bilmədilər. Bu hadisələr Azərbaycan xalqının müstəqilliyinin elan edilməsini ləngitsə də, istiqlal mübarizəsini dayandıra bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika idarə üsulunu qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu, nümunəsini göstərdi, onların yoluna çıraq tutdu. Bakı sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin və torpağının sahibi oldu.
Bu gün Azərbaycan öz tarixinin şanlı günlərini yaşayır. 44 günlük Vətən müharibəsində işğal altındakı ərazilərimizin azad edilməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin – müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünyaya öz gücünü, mətinliyini nümayiş etdirdi. Bu tarixi Zəfərlə ermənilərin 1918-ci ildə Bakıda, Şamaxıda, Qubada, digər yerlərdə, eləcə də 1992-ci ildə Qarabağda, Xocalıda törətdiyi soyqırımlarının, qırğınların da qisası alındı.
Əsmər İmanlı- YAP Siyəzən rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər