Siyasət 

Zahid Oruc: “Təəssüflər olsun ki, tariximiz belə ağrılı səhifələrlə doludur” — ÖZƏL

“Fərruxda tapılan bu cür məzarlıqlar artıq 30 ilə yaxın dövrdə işğal altında olmuş ərazilərimizin bir neçə bölgəsində meydana çıxmaqdadır. Bu, özü-özlüyündə təkcə 90-cı illərdə ermənilərin vandalizminin və təcavüzkarlığının gerçək sübutları deyil, eləcə də tarixən bu millətin bizə qarşı apardığı siyasəti özündə əks etdirir. Təəssüflər olsun ki, tariximiz belə ağrılı səhifələrlə doludur”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib. Deputat vurğulayıb ki, heç şübhəsiz ki, bu, ilk növbədə güclü dövlətin qurulan bilməməsi, bölgədə qlobal dairələrin apardığı savaşlar, ermənilərin müxtəlif dairələr tərəfindən himayə olunması və s. ilə əlaqəli olub:

“Hesab edirəm ki, bu gün  Azərbaycan xalqı bundan sonrakı gələcəyində bir daha heç zaman soyqırımlara məruz qalmamaq üçün bütün iqtisadi, siyasi, ideoloji, mənəvi, diplomatik, informativ tədbirlərini həyata keçirməkdədir. Xüsusilə də, İkinci Qarabağ müharibəsindəki qələbədən sonrakı dövr qeyd etdiyimiz ideallara xidmət edir. Fərruxda və qeyri yerlərdə meydana çıxan belə erməni əməlləri öz-özlüyündə xarici aləmdə Azərbaycanın bütün o şəhərlərin dağıdılması, mülki binaların məhv edilməsi, infrastrukturun yerlə-yeksan edilməsi və nəinki torpaq üzərində bizim min illik sərvətlərimizin sıfırlanmasıdır. Eləcə də torpağın altının da o cür minalaşdırılaraq həyat üçün təhlükəli bir məkana çevrilməsi öz-özlüyündə sübuta yetirir ki, onlar həmin ərazilərə vətən kimi baxmayıblar”.

Millət vəkili daha sonra bunları əlavə etdi: “Elmin ən güclü tələbi ondan ibarətdir ki, sən ətrafında xarabazarlıq qurub, içərisində laləzarlıq yarada bilməzsən. Özün üçün orada dövlətin qurulması sadəcə qeyri-mümkündür. Çünki bütün ətraf ərazilərdə həyat üçün bir nişanə saxlanmayıb. Mən elə düşünürəm ki, 31 mart tarixindən danışarkən bayaq söylədiyim tarixi silsilə boyunca davam edən soyqırım aktlarını xatırlamalıyıq. Bilirsiniz ki, Ulu Öndər tərəfindən 1998-ci ildə məlum fərmanla bunlara qiymət verildi və tarixin qan yaddaşı münasibətimiz formalaşdı. Bu, dövlət siyasətində həmişə ən müxtəlif daxili və beynəlxalq tribunalardan, tədbirlərlə qeyd olunur, vurğulanır. Biz sülh müqaviləsi qarşısında olmağımıza rəğmən heç zaman həmin səhifələri unutmalı deyilik. Çünki bu gün gözümüzün qabağında yenə də keçmiş sovet məkanına daxil olan dövlətlər arasında savaşlar gedir. Bu gedən savaşların özü belə sübuta yetirir ki, bu gün ortaya gətirdiyimiz bu mənzərə güclü durum halında belə, biz elə davranışlar sərgiləməli deyilik ki, təkrarən ermənilər bizim unutqanlığımızdan istifadə etsinlər”.

“Bu, çox ağır hadisə olardı. Bilirsiniz ki, Çəmbərəkənd qəbirstanlığı adlanan hazırki “Şəhidlər Xiyabanı”nın yerində 1918-20-ci illərlə də şəhidlərimiz dəfn olunmuşdur. Sonrakı dövr ideoloji tələblərdən həmin səhifələr sanki qapadılmışdır və ayrı bir mənzərə yaradılmışdır. Orada da Kiriyovun məşhur heykəli qoyulmuşdur. Sanki, tarixin o səhifəsində də bir varislik var, yenidən şəhidlərin ruhu öz ünvanına qayıtmış oldu. Dövlətin, parlamentin, prezidentin bilavasitə rəhbərliyi ilə “İstiqlaliyyət küçəsi 19”un yerləşdiyi o məkanda şəhidlərimizin adının ucalığı Qarabağda bu gün tapılan həmin o qəbirstanlıqların, məzarlıqların bir silsilə hissəsidir. Biz bu mənada elə etməliyik ki, belə nəticələr bir daha baş verməsin. Ona görə də, güclü ordumuz bütün sərhəd ərazilərində daha da mövqelərini möhkəmləndirməlidirlər. Sonuncu atılan addımlar da buna sübutdur. Fərrux kəndi və Daşbaşı yüksəkliyi, Xocalı ərazisində gələcəkdə bütövlükdə Azərbaycan insanlarından ibarət əhalini yaşaması üçün erməni hərbi birləşmələrinin o ərazilərdən tamamilə çıxarılması yönündə ciddi addımlar atılır. Əminəm ki, atılan bu addımlar bizi bir daha soyqırımsız gələcəyə qovuşdurmaq üçündür,”-deyə, deputat qeyd edib.

Daha çox xəbərlər