Region Xəbərləri 

Kürdəmirdə heyvandarlıq məhsullarının istehsalı artıb

Kürdəmir rayonunun heyvandarları cari ilin ilk üç ayını uğurla başa vurublar. Belə ki, ət, süd və yumurta istehsalı üzrə göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə artıb.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, 2022-ci ilin birinci rübündə diri çəkidə 2 min 265 ton ət, 11 min 279 ton süd, 6 milyon 902 min ədəd yumurta istehsal edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 17 ton, süd istehsalı 478 ton, yumurta isə 21 min ədəd çox olub.

Qeyd edək ki, heyvandarlıq Kürdəmirdə kənd təsərrüfatının aparıcı sahələrindəndir. Hazırda fermerlər və fiziki şəxslər tərəfindən bölgədə 67 min 168 baş iribuynuzlu mal-qara, 137 min 164 baş davar bəslənilir. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə inək-camışların sayı 741 baş, qoyun-keçilərin sayı isə 296 baş artıb.

Daha çox xəbərlər