Xalqın böyük sevgisini və etimadını qazanan qalib PREZİDENT
11 aprel 2018-ci il prezident seçkilərindən ötən 4 ildə qazanılan uğurların zirvəsində dayanan tarixi Zəfərimizə söykənərək xöşbəxt gələcəyə doğru daha böyük inamla addımlayırıq
«Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim.» Dövlət başçısı İlham Əliyev 11 aprel 2018-ci il prezident seçkilərində xalqın 86,02 faizinin səsini qazanaraq Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində bu hədəfi də açıqlamışdır ki, biz gələcəyə baxmalıyıq və baxırıq: «Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.»
Qeyd edək ki, 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri sayca 8-ci seçkidir. Seçki marafonunda 8 namizəd iştirak etmişdir. Yeni Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşların 74.3 faizi iştirak etmişdir. Şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini qazanmışdır.
Prezident seçkilərinin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirib. Xalqımız 2003-cü ildən 2018-ci ilədək ölkəmizin qazandığı uğurların fonunda seçki prosesində fəal iştirak edərək inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs vermişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günündə yenə də beynəlxalq və yerli təşkilatların keçirdikləri “exit-poll”lar səsvermənin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.
Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də müdrik seçim etmişdir. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun iqtisadi qüdrəti daha da artıb, beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib.
Tariximizə yazılan Zəfər Günü dövlətimizin başçısı İlham Əliyevin Prezidentliyi dövründə atdığı qətiyyətli addımların, ölkəmizdə xalq-iqtidar birliyinin, xalqın öz liderinə, Müzəffər Ali Baş Komandana olan sonsuz inamının və məhəbbətinin, onun ətrafında yumruq kimi birləşməsinin dünyaya təqdimatı oldu. Bu reallıq bir daha öz təsdiqini tapdı ki, ölkəsini güclü, qüdrətli, xalqının yenilməz, məğrur görmək istəyən Lider daim gələcəyə hesablanmış strategiya üzərində çalışacaq, bu strategini təqdim edəcək və onun uğurlu icrasına səy göstərəcək.
Düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanın dünyaya günəş kimi doğmasına yol açan ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz iqtisadi və siyasi müstəqilliyini təmin etdi, etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi. «Bu gün Heydər Əliyev siyasəti bütövlükdə bütün sahələrdə davam etdirilir. 2003-cü ildə Azərbaycan xalqı mənə böyük etimad göstərərək Prezident vəzifəsinə seçdiyi gündən bu günə qədər bu siyasətə sadiqəm. Mən 2003-cü ildə bu barədə sözümü demişəm. Mən bu siyasətə sadiq qalacağam və 2003-cü ildən bu günə qədər Azərbaycanda gedən uğurlu inkişaf Heydər Əliyev siyasətinin təntənəsidir, müstəqil Azərbaycanın təntənəsidir.» Dövlət başçısı İlham Əliyevin bugünümüzdən dünənimizə baxış fonunda səsləndirdiyi bu fikirlər 2003-cü ildə keçirilən andiçmə mərasimində bəyan etdiyi «Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm» vədinin təsdiqi, sabahımıza olan inam, ən əsası ümummilli Liderin böyük əminliklə ifadə etdiyi «Azərbaycan dünyaya günəş kimi doğacaq» tezisinin real həyatda göstəricisidir. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun göstərdiyi şücaət, ərazi bütövlüyümüzün təmin olunması da cənab İlham Əliyevin Ulu Öndərin vəsiyyətini yerinə yetirdiyinin təsdiqidir. Dövlət başçısı İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından xalqımıza çatdırarkən bu məqamı xüsusi vurğulamışdır: «Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!»
Təbii ki, hər bir ölkənin inkişafında onun iqtisadi müstəqilliyi əsas rol oynayır. “Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər” söyləyən Prezident İlham Əliyev davamlı olaraq iqtisadiyyat sahəsində islahatların təşəbbüskarı kimi çıxış edir. 2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olmuşdur. Bu dövrdə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə, ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enmiş, 245 min nəfər məcburi köçkün mənzillə təmin olunub.
2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur inkişaf edib, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Kompleksi yaradılıb. Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzindədir.
Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasını şərtləndirir. Belə ki, 2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndirmişdir. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşıb və MDB məkanında liderliyini qoruyub saxlayıb. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanınıb. Həmçinin ölkəmiz innovasiya potensialına görə dünyada 44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi üzrə 14-cü olub. Ölkə ərazisində internetin tətbiqi genişləndirilib və internet istifadəçiləri əhalinin 78 faizini təşkil edib. İKT sektorunun iqtisadiyyatda payı 3,7 dəfə artıb. Azərbaycan müasir dünyanın çağırışlarına daha dayanıqlı iqtisadiyyat formalaşdırmaqla cavab verir. Azərbaycanda yüksək texnologiyalar sürətlə inkişaf edib və ölkəmiz dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil olub.
2003-2018-ci illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər və sahibkarların öz vəsaiti hesabına minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etmişdir. 15 il ərzində sözügedən sahəyə xüsusi diqqət göstərilirdi. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda Cənub Qaz Dəhlizinin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. Cənub Qaz Dəhlizinə qoyuldu sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP istifadəyə verildi.
Hər bir ölkənin inkişaf dinamikası onun daxili potensialının yüksəlməsi ilə yanaşı, beynəlxalq aləmdə çəkisinin, yerinin və rolunun artmasında ifadə olunur. Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən bu fikri böyük inamla qeyd edirik ki, Sovet İttifaqının dağılmasından sonra yaranan 15 dövlətdən yalnız Azərbaycan dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. 155 ölkənin dəstəyini qazanmaq böyük uğur, diplomatik qələbə kimi dəyərləndirildi. Bu mühüm hadisə Azərbaycanın iqtisadi möcüzəsinin beynəlxalq aləmdə çəkisinə nə qədər təsir göstərdiyinin aydın ifadəsini yaratdı.
Azərbaycan bütövlükdə regionun iqtisadi mənzərəsinə ciddi təsir göstərən, dünyada əsl söz sahibinə çevrilən bir dövlət kimi adını müasir tariximizə yazıb. Regional əməkdaşlığın aparıcı qüvvəsi kimi Azərbaycanın töhfələri davamlılığı ilə diqqət çəkir. Azərbaycan sözün həqiqi mənasında ciddi regional faktora çevrilib. «Bizim xarici siyasətimiz də birmənalıdır, açıqdır, aydındır və müstəqildir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə əlaqələrimiz qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında qurulur. Beynəlxalq aləmdə xoşbəxt, islahatçı ölkə kimi tanınan Azərbaycan növbəti uğurları ilə bu xoşbəxtliyinə yeni əlavələr edir. 2020-ci ilin Zəfəri xoşbəxtliyimizin ən böyük göstəricisidir. Ölkəmizin sözünün imzası qədər dəyərinin artması, beynəlxalq hüquqa əsaslanan siyasəti artıq tarixin arxivinə verilmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini reallığa çevirdi. Cənab İlham Əliyevin qətiyyəti, dəyişməz mövqeyi sayəsində Azərbaycan Ordusu tarix yazdı. Bu Zəfər çoxəsrlik tariximizin ən parlaq səhifəsi kimi yaddaşlarda əbədi yaşayacaq.
Bu uğurlarımızı şərtləndirən amillərdən biri də beynəlxalq qurumların keçmiş Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdikləri qərar və qətnamələrində, həmçinin imzalanan sənədlərdə Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi, qeyd etdiyimiz kimi, iqtisadi uğurlarımız fonunda ordumuzun artan gücü və qüdrətidir.
Dövlətimizin başçısı İlham Əliyev xalqa müraciətlərində Azərbaycanın iqtisadi imkanlarından bəhs edərkən bu mühüm məqamı da xüsusi qeyd edir ki, ölkəmiz nəqliyyat mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Cənab İlham Əliyev demişdir ki, keçməyə də bilərdi, əgər biz bu coğrafiyaya böyük sərmayə qoymasaydıq, əgər qonşu ölkələrlə çox yaxşı münasibətlərimiz olmasaydı. Əgər onun qonşularla münasibətləri yaxşı deyilsə, ölkə necə tranzit ölkəyə çevrilə bilər, bu, mümkün deyil. Ona görə də xarici siyasətimiz daxili vəziyyətimizin daha da yaxşı olmasına hesablanıb.” Bu fakt da inkaredilməzdir ki, Azərbaycanın yerləşdiyi region geosiyasi, strateji və iqtisadi baxımdan dünyanın siyasi xəritəsində böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan həm qonşuluq siyasətində, həm də digər region ölkələri ilə münasibətlərində balanslaşdırılmış siyasət yürütməkdədir. Burada Azərbaycanın milli maraqları əsasdır. Xarici siyasətdə balanslaşdırma siyasətinin əsas olaraq götürülməsi ölkəmizin yerləşdiyi bölgənin həssas olmasından irəli gəlir. Dövlət başçısı İlham Əliyev çıxışlarında bu məqama da xüsusi diqqət yönəldir ki, xarici siyasətimiz, eyni zamanda, Azərbaycanda təhlükəsizliyin təmin edilməsində də mühüm rol oynayır. Azərbaycanda daxildə təhlükə mənbələri yoxdur. Biz özümüzü mümkün olan risklərdən öz siyasətimizlə, o cümlədən uğurlu xarici siyasətimizlə qoruyuruq. Eyni zamanda, dünyada təhlükəsizliyə töhfəmiz də getdikcə artır. Təkcə təhlükəsizliyə yox, biz təhlükəsizliyi böyük dərəcədə şərtləndirən insanlararası, dinlərarası dialoqa da böyük töhfə veririk. Təsadüfi deyil ki, bu gün Azərbaycan dünya miqyasında multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri çox rahat, bir ailə kimi yaşayırlar. Eyni zamanda, bu siyasət dünyaya lazımdır. Toqquşmalar, anlaşılmazlıq, ayrı-seçkilik, ksenofobiya – bütün bunları biz dünyada görürük. Biz öz siyasətimizi ortaya qoyuruq, öz nümunəmizi göstəririk.” Azərbaycan artıq üçtərəfli, eyni zamanda, dördtərəfli formatda əməkdaşlıq əlaqələrinin qurulmasının təşəbbüsçüsü kimi çıxış edir və bu səylər öz müsbət nəticəsini verir. İkitərəfli əlaqələrin yol açdığı Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatlarının təşəbbüskarı da məhz ölkəmizdir. Bu formatlar isə öz növbəsində əməkdaşlıqda yeni-yeni prioritetlərin müəyyənləşdirilməsini, qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağı şərtləndirir.
Azərbaycanın tarixi Qələbəsini şərtləndirən amillər sırasında diplomatik müstəvidə uğurlarımızdan bəhs edərkən Azərbaycanın Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsini, eyni zamanda, quruma sədrliyini xüsusi qeyd etməliyik. Azərbaycan Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə quruma sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir və verəcək. Azərbaycanın Qoşulmama Hərəkatının nisbətən yeni üzvü olduğunu önə çəkən dövlət başçısı İlham Əliyev bu məqamı mühüm uğurumuz, eyni zamanda, səylərin birləşdirilməsinin vacibliyi kimi qeyd edir.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri də yüksələn xətlə inkişaf etmişdir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanan «Tərəfdaşlığın prioritetləri» adlı sənəd bu qurumla ölkəmizin əlaqələrinin hazırkı səviyyəsinə işıq salır. Pandemiya dövründə Azərbaycanın birlik, həmrəylik çağırışlarını konkret əməli işdə təsdiqləyərək Qoşulmama Hərəkatının Zirvə Görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və bu istəyini reallaşdırması bir-birinə əks qütblərin COVID-19-la bağlı bir araya gəlməsinə əsas verdi.
Diplomatik uğurlarımız sırasında dünyada sülhün, təhlükəsizliyin təminatçısı kimi NATO-nun Dağlıq Qarabağ münaqişəsinin həllinə biganə olub, son illərdə mövqeyində dəyişiklik etməsi Şimal Alyansının mövqeyində olan dəyişikliyi də qeyd etməliyik. Baxmayaraq bu qurum dünyada təhlükəsizliyin, sabitliyin təminatçısı kimi çıxış edir, amma son illərə qədər artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə seyrçi mövqeyi ilə diqqət çəkib. Azərbaycan dövlətinin uğurlu daxili və xarici siyasəti nəticəsində artıq NATO-nun Zirvə görüşlərində qəbul edilmiş bəyannamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək beynəlxalq münasibətlər sistemində mövqeyimizi daha da möhkəmləndirdi.
2003-2018-ci illər milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Prezident İlham Əliyev milli ideya ətrafında xalqı birləşdirib. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub. Qeyd olunan illər, eyni zamanda, Azərbaycan Ordusunun sürətli inkişaf dövrüdür. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasına daxil olub. 2016-cı ilin Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin həmin illər ərzində əldə olunmuş iqtisadi inkişaf və aparılan effektiv xarici siyasət nəticəsində Ermənistan bütün regional layihələrdən təcrid olunub. Hərbi qüdrəti artan, dünya miqyasında 50 ən güclü ordu sırasında olan Azərbaycan Ordusunun hazırlığı və döyüş qabiliyyəti NATO standartlarına cavab verir. Ölkəmizdə keçirilən «ADEX» Beynəlxalq müdafiə sərgiləri, möhtəşəm hərbi paradlar, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən mindən çox adda hərbi təyinatlı məhsulun istehsal olunması ordumuzun döyüş qabiliyyətinin, hərbi diplomatiyamızın yüksək səviyyəsini göstərir.
«Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfə çoxşaxəlidir. Qeyd etdiyim kimi, onlardan biri mədəni körpülərin qurulmasına yönələn səylərimizdir ki, onlar Asiya və Avropa, Avropa ilə müsəlman dünyası arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bizim apardığımız siyasət hər zaman təhlükəsizlik, sabitlik və proqnozlaşdırıla bilməyə yönəlmiş qarşılıqlı əməkdaşlıq və dəstək üzərində qurulub.
Siyasətində müstəqil olan Azərbaycan bu mövqeyi ilə dünya birliyində əsl söz sahibinə çevrilir, dünyada cərəyan edən proseslərə ölkəmizin təsir imkanları artır. 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının imzalanmasından sonra keçirilən Moskva və Soçi görüşləri, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin görüşlərinin keçirilməsi, Brüssel sülh gündəliyinin yaradılması da ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti diplomatik uğurlarımızın miqyasının genişlənməsində əsas faktordur.
Son 18 ilin mühüm uğurlarından biri kimi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr edirik. İşğal altında olan torpaqlarımız azad olunub, öz tarixi sahibinə qayıdıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əlavə etdiyi möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir. Dövlət başçısının qeyd etdiyi kimi, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, torpaqlarımız işğaldan azad edildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində artıq bu gün Qarabağ səmalarını köhnə bir bez parçası deyil, ay və ulduz bəzəyir. Azərbaycan bayrağı Qarabağda qürurla dalğalanır.
“Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam!” söyləyən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın milli qürurunu özünə qaytardı. Cənab İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində daim bu fikrirləri ifadə edirdi: “ Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq!
Uğurlarımız irəliyə daha böyük inamla addımlamağa əsas verir. Bu gün işğaldan azad edilmiş ərazilərimiz cənnət məkana çevrilir. Tezliklə soydaşlarımızın Böyüş Qayıdışının sevincini yaşayacağıq.

