Gündəm 

Təhsilimizə Ulu Öndər qayğısı

Ümummilli Liderin təhsil strategiyası gələcəyimizi  əbədi məşəl kimi işıqlandırır

Təhsilimizin milli əsaslar üzərində qurulması, əsl inkişafa qоvuşması məhz  ulu öndər Heydər Əliyev dühası sayəsində gerçəkləşdi. Ümummilli Liderin təhsilin hərtərəfli yüksəlişinə göstərdiyi qayğı sayəsində elm və təhsil sahəsində  gerçəkləşən köklü dəyişikliklər, qəbul olunmuş qərar, Fərman və sərəncamlar bu sektorun hərtərəfli  tərəqqisini, məzmunca yeniləşməsini, maddi-texniki cəhətdən möhkəmlənməsini, dünya standartlarına yaxınlaşmasını şərtləndirdi.

Əsl intibah dövrü

1969-1982-ci illərdə ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin birinci dövründə təhsilimizə böyük qayğısının nəticəsi olaraq Azərbaycanda çoxlu sayda məktəb binası tikilərək istifadəyə verilib. Ölkədə yeni ali təhsil müəssisələri açılıb, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilib, lazımi avadanlıqla təchiz olunub. Dahi rəhbərin  təşəbbüsü ilə hər il yüzlərlə Azərbaycan gənci SSRİ-nin müxtəlif şəhərlərinə ali təhsil almağa göndərilirdi. Həmin gənclər Azərbaycan üçün çox vacib olan ixtisaslar üzrə təhsil alırdılar və respublikamıza bacarıqlı mütəxəssislər kimi qayıdırdılar.

“Təhsil millətin gələcəyidir” deyən Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib, təhsil sistemində baş verən boşluqları, deformasiyaları düzəltmək üçün böyük qüvvə sərf edib, bu sahənin inkişafı üçün misilsiz işlər görüb.  1998-ci ildə müstəqil Azərbaycan müəllimlərinin 1-ci qurultayı keçirildi. Xalqımızın böyük oğlu Heydər Əliyev qurultayda tarixi çıxış etdi. Bu çıxış təhsil işçilərinin qarşısında duran vəzifələrin həlli üçün tam bir proqram idi. Qurultayda təhsil tariximizdə ilk dəfə Respublika Təhsil Şurası yaradıldı. “Təhsil sahəsi xalqımızın bu günü,millətimizin,dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir” deyən Ümummilli Liderimiz Azərbaycan təhsilinin dinamik inkişafını təmin edən Fərman və sərəncamlar imzaladı.

Məktəbəqədər təhsildə inkişaf

Ötən əsrin 70-80-ci illərində məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı 110 mindən 147 min nəfərə çatmış, məktəbəqədər təhsillə əhatə səviyyəsi 12 faizdən 19 faizə yüksəlmişdi. Bu dövrdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilmiş, 35200 yerlik yeni körpələr evi-uşaq bağçası binaları tikilib istifadəyə verilmişdi.

Ümumtəhsil sistemində yeniliklər

Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə qəbul оlunaraq həyata keçirilən bir sıra mühüm qərarlar, о cümlədən “Gənclərin ümumi оrta təhsilə keçməsini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında” (1972), “Kənd ümumtəhsil məktəbinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” (1973), “Ümumtəhsil məktəbi şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməsinə keçmək haqqında” (1978) qəbul olunan qərarlar dahi  şəxsiyyətin Azərbaycana birinci rəhbərliyi dövrünün mühüm nailiyyətləri sırasındadır. Həmin illərdə məktəblərin şəbəkəsinin genişləndirilməsi, texniki bazasının, kadr pоtensialının əsaslı şəkildə yaxşılaşdırılması xüsusilə qeyd оlunmalıdır.

Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci dövründə ümumtəhsil müəssisələrində şagirdlərin dərsliklərlə təminatı sahəsində əhəmiyyətli addım atılmış, 1978-ci ildən şagirdlərin dərsliklərlə pulsuz təminatına keçilmişdi. Sonradan müstəqilliyin ilk illərində o zamankı hakimiyyət tərəfindən dərsliklə pulsuz təminat ləğv edilmişdi. Heydər Əliyev isə 1994-1995-ci tədris ilindən bu imtiyazı yenidən bərpa etdi və hazırda da bütün şagirdlər dərsliklərlə, müəllimlər isə tədris vəsaitləri ilə pulsuz təmin edilirlər. Müstəqillik illərində milli-mənəvi dəyərlərə uyğun dərslik hazırlığı diqqət mərkəzində saxlanılmış, bu sahədə yeni reqlament və prosedurlar tətbiq edilmiş, I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatmışdır.

Peşə təhsilinin təkmilləşdirilməsi

Peşə təhsilinin inkişafının yüksəliş dövrü  Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. Həmin illərdə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1.7, təhsilalanların sayı isə 2.5 dəfə artmışdı. Heydər Əliyevin təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirilmiş, həmin illərdə 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başlamışdı.

Ali və оrta ixtisas təhsili məsələləri Ümummilli Liderin daim diqqət mərkəzində оlmuşdur

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində böyük işlər görülmüşdü. Ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdi.

Müstəqillik illərində də Ümummilli Lider tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. Həmin dövrdə ödənişli təhsilin tətbiqi, demək olar ki, çətin iqtisadi şəraitdə ali təhsil müəssisələrinin maliyyə imkanlarını xeyli yaxşılaşdırdı. 1997-ci ildə bakalavriat təhsilini başa vuran məzunlar ilk dəfə olaraq magistratura səviyyəsində təhsilə başladılar. 2000-ci ildə ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırıldı, onlara universitet statusu verildi. Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradıldı, qısa müddət ərzində “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi.

Xaricdə təhsil ənənəsi

Ulu Öndər Heydər Əliyev 70-80-ci illərdə xaricdə təhsil almış yüksək ixtisaslı mütəxəssisləri Azərbaycanın yetirmələri, Azərbaycanın milli sərvəti kimi yüksək qiymətləndirmişdir. Dahi lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri də 1970-80-ci illərdə Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın iqtisadiyyatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən və ölkə üçün ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaratmasıdır.

Ulu Öndərin təhsil siyasəti uğurla davam və inkişaf etdirilir

Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bugünümüzün reallıqlarıdır. Respublikanın dövlət büdcəsində təhsil sahəsinə ayrılan xərclər ilbəil artır. Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. 2003-cü ildən bu günədək 3500-dən çox yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Son illər ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, layihələr, Dövlət proqramları bu sahəyə böyük töhfələr verib və verir. 2005-ci ildə Azərbaycan dünya təhsil məkanına – Bolonya prosesinə qoşulub. Təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası istiqamətində mühüm tədbirlər həyata keçirilir. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc Türkiyə, Almaniya, Fransa, Kanada, Rusiya, Sinqapur, ABŞ, Litva, Böyük Britaniya, İtaliya və digər ölkələrin ən nüfuzlu universitetlərində təhsilin müxtəlif pillələrində oxumağa göndərilib.

Xüsusi olaraq qeyd etməliyik ki, Ümummilli Liderin ideyalarına söykənən dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə öz sanballı töhfəsini verən, Azərbaycanda elm və təhsilin inkişafında müstəsna xidmətlərə malik olan Heydər Əliyev Fondu bu sahədə ən uğurlu layihələrə imza atır. Bu cür layihələrin reallaşdırılmasında Azərbaycanın Birinci vitse- prezidenti , Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri xüsusi       qeyd olunmalıdır. Fondun xətti ilə həm ölkə daxilində, həm də xaricdə humanitar layihələr həyata keçirilir və bu fəaliyyət artıq çoxdan beynəlxalq dəstək qazanmışdır. Fondun təhsil sahəsində reallaşdırdığı möhtəşəm layihələr sırasında “Təhsilə dəstək” , “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları  xüsusi yer tutur. İctimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirən Fondun qarşıya qoyduğu əsas məqsədlərdən biri də məhz Azərbaycan təhsilini çağdaş dövrün tələbləri səviyyəsinə yüksəltməkdir. Fond bu məqsədlə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi həyata keçirir.

Qısa təhlil əsasında bu qənaətə gəlmək olar ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev təhsili millətin gələcəyi kimi dəyərləndirərək bu sahədə biri-birindən önəmli addımları atmaqla təhsilimizin bugünkü inkişafının əsasını qoymuşdur. Son 18 ildən artıq müddətdə Ulu Öndərin təhsil strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi təhsil sahəsində yeniliklərin, təkmilləşmənin davamlı olmasında özünü qabarıq şəkildə büruzə verir.

Daha çox xəbərlər