Milli-mənəvi dəyərlərə Heydər Əliyev qayğısı
Müstəqil Azərbaycan Respublikasının memarı, dahi qurucusu, bütün azərbaycanlıların ümummilli lideri Heydər Əliyev xalqımızın tarixinə təkcə böyük dövlət, ictimai-siyasi xadim kimi deyil, həm də mənsub olduğu xalqın milli-mənəvi dəyərlərinin keşiyində duran, bu dəyərlərin daha da inkişaf etdirilməsinə çalışan, bütün işıqlı həyatı boyu bu sahəyə diqqət yetirən dahi şəxsiyyət kimi daxil olmuşdur.
Heydər Əliyev qüdrətli və eyni zamanda, milli dövlət başçısı kimi respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan dövlətçiliyində milli siyasətin, milli ideologiyanın tərkib hissəsi kimi, xalqın mənəvi dəyərlərinə böyük diqqət yetirmişdir. Tariximizə bələd olanlar bilirlər ki, Azərbaycan xalqı çox keşməkeşli böyük bir yol keçmiş, ötən əsrin 70 ilini Azərbaycan Sovet dövləti adlanan bir imperiyanın tərkibində olmuşdur. Bu dövrdə milli-mənəvi və həm də mədəni irsimizə birtərəfli, qeyri-humanist, qeyri-bəşəri münasibət təəssüf doğurmaya bilməz. Belə münasibət xalqı öz tarixi yaddaşını itirməyə, onu manqurtlaşmaya yönəltmək məqsədini güdürdü.
Bütün fəaliyyəti dövründə ulu öndər Heydər Əliyev doğma xalqına, dilinə və dininə dərindən bağlılığını özünəməxsus mərdanəliyi, cəsarəti, dönməz iradəsi idə bariz şəkildə göstərmişdir. Bu da bir həqiqətdir ki, Heydər Əliyev milli olduğu qədər, həm də bəşəri idi. O bilirdi ki, bəşəriyyətin yüksək mədəni səviyyəsinə bələd olmadan milli-mədəni irsə, dini adət-ənənələrə, mənəvi dəyərlərə layiqincə, səmərəli münasibət bəsləmək cətindir.
Əsl xəlqi idraka, milli qayəyə söykənən Heydər Əliyev yeni nəslə, gənclərə öz soyuna, kökünə daimi bağlı olmağı tövsiyə edirdi: “Hər bir gənc öz kökünə sadiq olmalıdır… Bizim öz kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik. Hər bir gəncin həyatda uğurla yaşaması üçün kökünə sadiqliyi ən əsas amildir… Eyni zamanda ümumbəşəri, dünyəvi dəyərlərdən səmərəli istifadə etmək, onları öz mənəvi dəyərlərimizə birləşdirməklə və xalqımızın mənəviyyatını zənginləşdirmək bizim əsas vəzifələrimizdən biridir… Bu, gələcək üçün bizim strateji yolumuzdur”.
Keçmişlə gələcəyin əlaqəsini gözəl bilən, duyan böyük dövlət xadimi Heydər Əliyev bu məsələyə xüsusi diqqət verir, insanları dinin mənəvi dəyərlərindən bəhrələnməyə çağırırdı: “… Məhz bu dövrdə hər bir azərbaycanlı, hər bir müsəlman ilk növbədə İslam dininin tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir”. Dahi öndər bildirirdi: “Mənəviyyatımız nə qədər yüksək olarsa, biz insanlarda, hər bir azərbaycanlıda, müsəlmanda vətənə, öz amallarına sədaqət, mənəvi saflıq əhval-ruhiyyəsi tərbiyə edə bilsək, Azərbaycan bu ağır böhran dövründən, çətinliklərdən tezliklə və müvəffəqiyyətlə çıxacaqdır”.
Bu da bir həqiqətdir ki, xalqımızın dininə, adət-ənənələrinə, dilinə və milli xüsusiyyətlərinə ən çox ötən əsrdə Sovet hakimiyyəti dövründə təcavüz olunmuş, ögey münasibət göstərilmişdir. Bolşeviklər dinsiz bir cəmiyyət yaratmaq, xalqların min illərlə qoruyub saxladığı, nəsildən-nəsilə ötürdüyü milli xüsusiyyətlərə, milli qaydalar və əlamətlərə, hətta musiqisinə də “köhnəlik” damğası vuraraq üstündən qələm çəkmək istədilər. Totalitar Sovet rejimi sözdə ən humanist, ən demokratik quruluş yaratdığını iddia etsə də, həqiqətdə isə humanizmdən, demokratiyadan tamam yan keçirdi.
Sovet ideoloqları keçmişdən qalma bayramlara qarşı dı ilk gündən mübarizə aparmağa başladılar. İş o yerə çatdı ki, bütün Şərqdə qeyd olunan Novruz bayramını “keçmişin qalığı”, “mövhumat bayramı”, “xürafatçıların uydurma fantaziyası” hesab etdilər, ona damğa vuraraq dini bayramlar sırasına qatdılar. Unudulurdu ki, Novruz – Bahar bayramı, İslamdan çox-çox əvvəl Şərq xalqları, o cümlədən Azərbaycan xalqı tərəfindən qeyd olunurdu.
Burada bir məsələni nəzərdən qaçırmaq olmaz. Sovet ideologiyasının əsasını kiçik xalqların, eləcə də müsəlman xalqlarının xristian xalqları içərisində əriyib getməsinə, assimliasiya olmasına şərait yaratmaq təşkil edirdi. Bunun üçün, əsasən iki şərt vardı: xalqların dilini və adət-ənənəsini unutdurmaq. Onlar çalışırdılar ki, milli hisslərin, dini duyğuların oyanmasıqıq qarşısı alınsın.
Bu oyanış, bu özünüdərk Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda hakimiyyətə gəlməsindən sonra yeni bir vüsət aldı desək heç də yanılmarıq. Heydər Əliyev özüylə bir yenilik, təzə abi-hava gətirdi. Çox tez hiss olunaraq göründü ki, yeni rəhbər başdan-ayağa milli düşüncəyə malik şəxsiyyətdir. Respublikanın ictima-siyasi və mədəni həyatında sözün həqiqi mənasında bir dönüş yarandı. Azərbaycan dilinə, ədəbiyyatına, incəsənətinə qayğı, diqqət artdı.
SSRİ-də adamların “sovet xalqı”, “sovet milləti” ruhunda tərbiyə edilməyə səy göstərildiyi bir zamanda Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili “dövlət dili” kimi yazıldı. Onu da deyək ki, müsəlman respublikalardan yalnız Azərbaycanda dövlət dili yerli xalqın milli dili qəbul edilmişdi.
Azərbaycana rəhbərlik etdiyi ilk gündən Heydər Əliyev Azərbaycan mədəniyyətinin tərəqqisi, inkişafı üçün çox işlər gördü. Azərbaycanın görkəmli şəxsiyyətlərinə abidələr, heykəllər ucaltdı. Nəriman Nərimanova, Nəsimiyə, Şah İsmayıl Xətaiyə, Hüseyn Cavidə, Cəfər Cabbarlıya və başqalarına qoyulmuş möhtəşəm heykəl və abidələr Heydər Əliyev yadigarlarıdır.
Ötən əsrin 70-80-ci illərində Azərbaycanda nə qədər şair və yazıçılarımızın yubileyləri keçirildi. Həm də bu yubileylər respublika çərçivəsində deyil, ümumittifaq, ümumdünya miqyasında keçirilirdi. Heydər Əliyevin keçirdiyi hər bir yubiley əsl mədəniyyət, bayram hadisəsinə çevrilirdi. Bedə mərasimlər xalqı təkcə tanıtmır, onu həm də ucaldırdı.
Azərbaycan müstəqillik qazandıqdan sonra da dilimizin, xalqımızın adının dəyişdirilməsinə cəhd göstərən mənfur, qara qüvvələrin, məkrli cəhdlərin qarşısını yenə Heydər Əliyev aldı. Onun dönməz iradəsi, cəsarətli məntiqi ən çox sevdiyi, hörmət etdiyi adamlara da güzəştə getmədi.
Heydər Əliyev şəxsiyyəti, dövlətçilik məharəti, öz vətəninə, xalqına, dininə bağlılığı yaxın-uzaq ellərə, ölkələrə çoxdan bəlli idi. Ona görə Heydər Əliyev şəxsiyyətinə hər yerdə xüsusi hörmət, diqqət həmişə olmuşdur. Heydər Əliyev müsəlman dünyasının da böyük hörmət bəslədiyi, sevdiyi şəxsiyyətlərdən biri olmuşdur və olaraq da qalır.
1998-ci ildə Bakıda iki böyük İslam toplantısı keçirildi. Onlardan birincisi həmin ilin sentyabrın axırı oktyabrın əvvəllərində baş tutdu. “Beynəlxalq İslam konfransı və Qafqaz müsəlmanlarının X qurultayı” adlanan bu toplantı dini mənəvi dəyərlərə həsr olunmuşdu. Toplantıda Ulu öndər Heydər Əliyev parlaq bir nitq söyləyərək İslam dininin tarixinə və bu dinin məziyyətlərinə dərindən bələd olduğunu bir daha göstərdi. “Bütün dinlər dünyada yüksək mənəviyyatı təbliğ edirlər. O da məlumdur ki, bəşər tarixində insanlar öz şüurunu, adət-ənənələri və cəmiyyətlərdə yaranan qayda-qanunları əsasən dini dəyərlərdən, dinin insanlara bəxş etdiyi keyfiyyətlərdən götürürlər.”
Dünyanın hər yerindən gəlmiş nümayəndələr Heydər Əliyevə sonsuz maraqla qulaq asırdılar. Qonaqların marağına səbəb bir də o idi ki, Ulu Öndər heç nəyə baxmadan, sinədən danışırdı. Həm də əsl tribun, əsl natiq kimi danışırdı.
Heydər Əliyev konfrans və qurultay nümayəndələrinə keçmiş Sovet hakimiyyəti dövründə və Azərbaycan müstəqillik qazanandan sonra xalqın dininə və mənəvi dəyərlərinə dövlətin münasibətini müqayisə edərək demişdir: “Bu gün dövlətimiz, konstitusiyamız insanlara bütün azadlıqları verərək, o cümlədən vicdan azadlığını, din azadlığını öz siyasətinini əsas hissəsi hesab edir.
Ötən dövrlərdə kommunist ideologiyasının bəşəriyyətə vurduğu zərbələrdən ən böyüyü 70 il müddətində dinə qarşı aparılan təbliğat və xüsusən dinin qadağan olunması və dinin təhrif edilməsi olmuşdur. Ancaq din, o cümlədən bizim mənsub olduğumuz İslam dini o qədər qüdrətə malikdir ki, heç bir ideologiya, heç bir hakimiyyət – heç bir hökmdar onunla bacara bilməz və 70 illik tarix də göstərdi ki, bunu bacara bilmədi”.
1998-ci ilin dekabrın 9-da Bakıda növbəti belə bir toplantı – “İslam sivilizasiyası Qafqazda” mövzusunda ilk Beynəlxalq Simpozium keçirildi.
Simpoziumda Heydər Əliyev göstərdi ki, müasirlik və dini-mənəvi dəyərlər bir-birinə bağlanmalı, bir-birini tamamlamalıdır.
Ümummilli Liderimiz din xadimlərinə tövsiyə verərək bildirdi ki, onlar İslam dininin çox yaxşı, dünyəvi dəyərlərini, onun heç zaman əhəmiyyətini itirməyən mənəvi dəyərlərini müzakirə etsinlər, bu dəyərlərdən insanların bəhrəlnməsinə, onların həyat tərzinin yaxşılaşmasında istifadə etsinlər.
Heydər Əliyev təkcə İslam dininə yox, həm də Azərbaycanda qeyri-dinlərə – xristian və yəhudi dinlərinə də hörmət və diqqət yetirirdi. O, İslam din xadimləri ilə bərabər xristian və yəhudi din xadimlərini də öz görüşlərinə dəvət edirdi. O, dəfələrlə xristian kilsəsində, yəhudi sinaqoqlarında dindarlarla görüşər, onların dini bayramlarında həmin dinlərin nümayəndələrini təbrik edərdi. Heydər Əliyev həmişə fəxrlə deyərdi ki, Azərbaycanda dini dözümlük vardır. Bütün bunların həyata vəsiqə almasında ölkə rəhbərinin rolu danılmazdır…
Fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan xalqı Heydər Əliyevin milli dövlətçilik siyasətini və ictimai siyasi kursunu layiqincə həyata keçirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, bu təcrübəyə yeni milli çalarlar əlavə edən Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla, geniş addımlarla gedir.
Musa Quluzadə,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,
tarix elmləri doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü

