Qlobal ərzaq qıtlığı: Azərbaycan işini ehtiyatlı tutur
İşğaldan azad olunan və əkin dövriyyəsinə daxil edilən ərazilərdə bu il 50 min hektar sahədə səpin aparılıb ki, bunun da böyük hissəsini taxıl və digər dənli bitkilər təşkil edir
Rusiya-Ukrayna savaşının dünya iqtisadiyyatına, o cümlədən qlobal ərzaq təminatına mənfi təsirləri davam edir. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirir ki, dünya ərzaq qiymətləri mart ayında 12,6 faiz artaraq ən azı 1990-cı ildən bəri rekorda imza atıb. Buna bitki yağlarının, dənli bitkilərin və ətin rekord qiymət artımı, şəkər və süd məhsullarının qiymətlərinin əhəmiyyətli dərəcədə artması səbəb olub. Belə ki, fevral ayı ilə müqayisədə bitki yağının (günəbaxan, xurma, soya və kolza) qiymət indeksi 23,2 faiz, dənli bitkilərin qiymət indeksi 17,1 faiz, o cümlədən buğdanın 19,7 faiz, şəkərin qiymət indeksi 6,7 faiz artıb.
BMT, Avropa İttifaqı, ərzaq böhranlarının aradan qaldırılmasında iştirak edən hökumət və qeyri-hökumət təşkilatlarının beynəlxalq alyansı olan Qlobal Qida Böhranı Şəbəkəsinin (GNAFC) son birgə hesabatında isə deyilir ki, şiddətli qida çatışmazlığı ilə üzləşən insanların sayı bir il ərzində təxminən 40 milyon artıb. Sənədə əsasən, 2021-ci ildə münaqişə, iqtisadi şoklar və ekstremal hava hadisələrinin “üçlü zəhərli kombinasiyası” 53 ölkədə ən azı 193 milyon insanı aclıq təhlükəsi ilə üz-üzə qoyub. Bu rəqəmlər həm də narahatedici tendensiyanın kəskin xəbərdarlığıdır. Hesabatda ərzaq böhranından ən çox təsirlənən ölkələrin Əfqanıstan, Efiopiya və Yəmən olduğu göstərilir: “Kəskin qida çatışmazlığı insanın kifayət qədər qida qəbul edə bilməməsi səbəbindən həyatı və ya dolanışığı təhlükə altında olduqda baş verir. İnteqrasiya edilmiş Qida Təhlükəsizliyi Faza Təsnifatı çərçivəsində bu vəziyyət qida təhlükəsizliyinin 3-5-ci mərhələlərinə uyğundur”. Son beşinci mərhələ “aclıq və ya humanitar fəlakət” deməkdir: Efiopiya, Cənubi Sudan, Yəmən və Madaqaskarın cənub bölgələrinin təxminən 570 min sakini var. FAO-ya görə, onlar üçün dolanış vasitələrinin geniş şəkildə dağılmasının, aclığın və ölümün qarşısını almaq üçün təcili tədbirlər görmək zərurəti yaranıb. Qida böhranları sahəsində ən pis vəziyyət Konqo Demokratik Respublikasında yaranıb. Daha sonra Əfqanıstan, Efiopiya, Yəmən və Nigeriyanın şimal-qərbi dayanır. 5-10-cu yerləri Suriya, Sudan, Cənubi Sudan və Haiti tutur.
BMT-nin Ümumdünya Ərzaq Proqramının Almaniya bölməsinin direktoru Martin Frik qeyd edir ki, hazırda Ukrayna limanlarında olan təxminən 4,5 milyon ton taxılı ölkədən ixrac edilə bilmir. Onun sözlərinə görə, problem liman çıxışlarının və dəniz zolaqlarının bağlanmasıdır: “Dünyada Ukraynadan gətirilən ərzaqlara təcili ehtiyac var. Aclıq nə hərbi, nə də iqtisadi cəhətdən silah ola bilməz”.
Azərbaycan hökuməti dünya iqtisadiyyatında baş verən təlatümlərin ölkəmizə mənfi təsirlərinin, inflyasiyanın, un və un məhsulları üzrə bahalaşmanın qarşısının alınması üçün təcili tədbirlər həyata keçirir. Bütün bunları nəzərə alaraq dövlət qabaqlayıcı tədbirlər planı hazırlayır, o cümlədən taxıl istehsalını artırmağa çalışır. Prezident İlham Əliyev aprelin 12-də bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə sözügedən məsələlərlə bağlı bunları deyib: “… Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki, diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk növbədə, daxili təminatımız artmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verildi. Həm azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verildi, həm də digər bölgələrdə. Əlbəttə ki, burada suvarma layihələrinin uğurla icrası böyük nəticələrə gətirib çıxara bilər. Amma hər halda indiki şəraitdə ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib məsələlərdən biridir”.
Qeyd edək ki, ölkəmizdə taxıl istehsalı tələbatın 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə özümüzü cəmi 25 faiz təmin edirik. Bu rəqəmin ən azı 70-75 faizə çatdırılması qarşıya məqsəd qoyulub. Dövlət başçısının da qeyd etdiyi kimi, bizim həm coğrafi mövqeyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq: “Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır”.
Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov mətbuata açıqlamasında bildirib ki, yerli ərzaqlıq buğda hesabına daxili tələbatın 70-75 faizini ödəmək mümkündür. Lakin bunu ekstensiv üsulla etmək olmaz, bizim su, torpaq resurslarımız məhduddur. Bu gün buğdanın orta məhsuldarlığı 32-33 sentnerdir. Amma yeni texnologiyaları tətbiq etməklə məhsuldarlığı qaldırmaq olar. Həmçinin qeyd olunub ki, payızda 1 milyon 15 min 685 hektar sahədə dənli taxıl bitkiləri əkilib. Bunun 602 min hektarı buğda, 413 min hektarı isə arpadır. Təxminən 10-15 gün sonra Azərbaycanda taxıl biçininə start veriləcək.

