İşğaldan azad olunan ərazilərin enerji potensialından səmərəli istifadə olunacaq
Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən İkinci Qarabağ Müharibəsi işğal edilmiş ərazilərin azad edilməsi ilə nəticələnməklə yanaşı Erməni işğalçılarının həyata keçirdiyi dağıntıların tam olaraq üzə çıxmasına imkan yaratdı. Bir daha məlum oldu ki, otuz ilə yaxın davam edən işğal müddətində Erməni vandalları işğal etdikləri Azərbaycan ərazilərində böyük dağıntılar həyata keçirmiş və mövcud olan infrastrukturu demək olar ki, tamamən məhv etmişdir.
Bərpa prosesində qarşıda duran mühüm vəzifələrdən biri də işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsidir. Əsas məqsəd azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən enerji sisteminin yaradılması və ölkənin ümumi enerji sisteminə inteqrasiya edilməsidir.
İşğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerjinin imkanları müzakirə edilmiş həmin ərazilərdə hidroenerji, günəş, külək, bioenerji və geotermal enerji mənbələrinin dəqiq potensial imkanları hesablanmış, görüləcək işlər və atılacaq addımlar müzakirə olunmuşdur.
İlkin olaraq Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının ərazisində yüksək günəş enerjisi potensialına malik ümumi sahəsi 14 427 ha olan 8 potensial ərazi seçilmişdir. Bu ərazilərdə ümumilikdə 7214 MVt gücündə günəş elektrik stansiyalarının yerləşdirilməsi mümkün görünsə də, cənub ərazilərin bir hissəsinin kənd təsərrüfatı təyinatlı ola biləcəyi nəzərə alınaraq, burada ümumi potensial 4000 MVt-dan yüksək qiymətləndirilir. Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 500 meqavatdan yüksək qiymətləndirilir və bu potensialın böyük hissəsi adıçəkilən rayonların Ermənistanla sərhəd zonalarına düşür. Belə böyük potensiala baxmayaraq, əlverişli infrastrukturun olmaması səbəbindən bu sahələrdə külək enerjisindən elektrik enerjisinin hasil edilməsi məsələsinin yerində araşdırma və tədqiqat işləri tələb etdiyi vurğulanmışdır.
Azərbaycanda 25% yerli su ehtiyatlarının Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı məqsədi ilə istifadə perspektivləri nəzərdən keçirilib, regionda mövcud olan kiçik su elektrik stansiyaları haqqında məlumat verilib. Bildirilib ki, mövcud su elektrik stansiyaları əsasən Tərtər, Laçın və Kəlbəcər rayonlarının ərazisində yerləşir. Bəzi kiçik su elektrik stansiyalarında təmir-bərpa işlərinə başlanması üçün hazırlıq işləri görüldüyü qeyd edilib. Həmçinin regionun bioenerji və geotermal enerji mənbələri kifayət qədərdir, gələcəkdə bu enerji növlərindən elektrik və istilik enerjisi istehsalı məqsədi ilə istifadənin mümkünlüyü nəzərdə tutulub.
Qarabağ regionunun bərpası ərazilərdə enerji infrastrukturunun qurulması və enerji təhlükəsizliyinin təmin edilməsi orada mövcud olan iqtisadi imkanların bərpa edilməsi həmin ərazilərin ölkə iqtisadiyyatında payının işğaldan əvvəlki səviyyəyə çatmasına şərait yaradacaqdır. Bu isə Azərbaycan iqtisadiyyatının inkişafına imkan yaratmaqla yanaşı qeyrineft sektorunun inkişafını əsaslı şəkildə dəstəkləyəcəkdir. Ümumilikdə isə Qarabağın sürətli inkişafı regionun ümumi inkişafına töhfə verməklə indiyədək Ermənistanın işğalçı siyasəti nəticəsində istifadə edilməmiş imkanların tam olaraq reallaşdırılmasına şərait yaradacaqdır. Qarabağda davamlı iqtisadi inkişafın təmin edilməsi isə regionda davamlı sülhün yaranmasına və zərərli münaqişələrin yenidən yaranmasının qarşısının alınmasına imkan yaradacaqdır.

Müşfiq Əliyev,
Füzuli rayon R.Əkbərov adına Kürdmahmudlu kənd tam orta məktəbin direktoru

