Yeni qanun orqan alverçilərinin cinayətlərinin qarşısını alacaqmı – rəy
Aydın Əliyev: “Sui-istifadə etmək istəyən şəxslər yenə ola bilər, ona görə də…”
Azərbaycanda orqan donorluğu könüllü və təmənnasızdır. Yəni satış məqsədilə həyata keçirilə bilməz. 2022-ci ilin yanvarında qüvvəyə minən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanuna görə, həm orqana ehtiyacı olanlar, həm orqan vermək istəyənlər vahid bazada birləşəcək. Yeni qanunda deyilir ki, həm canlı donordan, həm də meyitdən orqan götürülə bilər. Bu yeni qanun orqan mafiyasının işini əngəlləyə biləcəkmi? Orqan transplantasiyası ilə qanunsuz şəkildə məşğul olan şəxslərin, qrupların fəaliyyətini iflic edəcəkmi? Azərbaycanda orqan mafiyası haqda peşəkar mediada çox yazılıb. Yeni qanun qəbul etməklə bu kimi fəaliyyətlər aradan qaldırılacaqmı?
Məlumat üçün bildirək ki, Azərbaycanda ilk dəfə orqan nəqli akademik Mirməmməd Cavadzadə tərəfindən icra olunub. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə canlı donordan böyrək köçürülməsi həyata keçirilib və bu nailiyyətə görə o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb. Ümumilikdə isə mərhum akademikin rəhbərliyi altında 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın canlıdan böyrək nəqli əməliyyatı aparılıb. Sonradan bu iş dayandırılıb. Sovet hakimiyyətinin süqutundan sonra yaranan durğunluq, tibbi kadrların, avadanlıqların və hüquqi bazanın olmaması səbəbindən transplantasiya aparılmayıb və bu vacib sahə diqqətdən kənarda qalıb. Bu sahədə ənənələrin bərpası yalnız müstəqillikdən sonrakı dövrdə müşahidə olunub. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması məqsədilə 1999-cu ildə “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulub.
Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Belə bir qanunun qəbulu orqan ticarətinin müəyyən qədər qarşısını alacaq. Cinayətkarlar hər zaman müxtəlif yollar axtarırlar. Ola bilsin ki, kimisə cəlb edərlər, o adamlar könüllü şəkildə donor olmağa razılıq verərlər. Amma belə bir qanunun qəbul olunması təqdirəlayiqdir. Çünki əgər qanun orqanın pulla satılmasına icazə versə, o zaman çox ciddi problemlər yarana bilər. Tutaq ki, insan hansısa ehtiyac üzündən gələcəkdə nə kimi fəsadın olacağını bilmir. Hansısa maddi ehtiyacına görə bu addımı ata bilər. Amma sonradan onda problem yaranarsa, fəsadı olarsa, onu geri qaytarmaq artıq mümkün deyil. Necə deyirlər, sonrakı peşmançılıq fayda vermir”.
Həkim qeyd edib ki, donoru verən və qəbul edən şəxslər çox ciddi şəkildə müayinələrdən keçməlidirlər: “Onların orqanizmi dəqiqliklə yoxlanmalıdır. Genetik uyğunluq yoxlanılır, araşdırılır. Orqan verən şəxsin orqanizmindəki dəyişiklik sonradan onun üçün fəsad yaradarmı-yaratmazmı, bunlar hamısı müəyyənləşdirilməlidir. Kor-koranə şəkildə edilməsi yolverilməzdir”.

Aydın Əliyev
A.Əliyev “Orqan transplantasiyası ilə bağlı bütün məlumatların vahid bazada birləşməsi qeyri-şəffaf yanaşmaya səbəb olmayacaq ki” sualına belə cavab verib: “Bunun mərkəzdən idarə olunmasının müsbət tərəfi odur ki, orada xəstələr – hansı ki, orqan ötürülməsini gözləyirlər – bunların hamısının haqqında əvvəllər məlumat olmurdu. Kimdən kimə köçürmək olar-olmaz, bu məsələlərin bir portaldan idarə olmasının müsbət tərəfi budur. Hər iki tərəf – donor verən də, qəbul edən də bir-birindən xəbərdar olurlar. O işi idarə edən insanlar məlumatlı olurlar ki, hansı xəstəyə bunu köçürmək olar, olmaz. Yaxud da qəza oldu, kimsə dünyasını dəyişdi, məlumat verilir, ora gətirilir və sairə. Bu, müsbət tərəfləridir. Amma digər tərəfdən, bunun mənfi tərəfi odur ki, bundan sui-istifadə etmək istəyən şəxslər ola bilər. Məsələn, hansısa xəstədən gizlədib kimisə önə sala bilərlər, kimisə gecikdirə bilərlər. Müraciət edən şəxslərin adları, müraciət etdikləri tarix portalda qeyd edilərsə, müəyyən qədər nəzarət oluna bilər”.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycan 60, dövlət xəstəxanalarında 57 böyrək köçürmə əməliyyatı icra olunub. 2014-cü ildə ilk dəfə Azərbaycanda Respublika Talassemiya Mərkəzində sümük iliyinin transplantasiya əməliyyatı aparılıb. Azərbaycanda 2013-2018-ci illərdə minə yaxın orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib. Ümumi orqan köçürülməsi əməliyyatının 70 faizini böyrək transplantasiyası təşkil edir. İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir. 10 faizini isə sümük iliyinin nəqli tutur. Azərbaycanda orqan transplantasiyasında böyrək nəqli əməliyyatı ona görə üstünlük təşkil edir. Mərkəzi Neftçilər Xəstəxanasında 2014-cü ilə qədər 128 xəstəyə böyrək köçürülüb, 2018-ci ildə isə bu say 600-ə çatıb.

