Cəmiyyət 

Sosial şəbəkələr böhtan və təhqir məkanına çevrilib

Son illərdə internet- eləcə də sosial şəbəkələr həyatımızın vacib və ayrılmaz elementinə çevrilib. Təbii ki, bunun müsbət tərəfi odur ki, cəmiyyətdə informasiya bolluğu yaranır və insanların məlumatlılıq səviyyəsi xeyli yüksəlir. Lakin mənfi tərəfi isə odur ki, burada təhqir və böhtan, hətta ən əxlaqsız hərəkətlər kifayət qədər çoxdur. Xüsusilə «Tik-Tok» sosial şəbəkəsində sözün əsl mənasında əxlaqsızlıq tüğyan edir. Hətta bir çox sosioloqlar etiraf edirlər ki, ailə boşanmaları, intiharlar və qətl hallarının çoxalması «Tik-Tok» sosial şəbəkəsindən qaynaqlanır. Ən dəhşətlisi odur ki, əlinə bir telefon götürərək insanları onların iradəsinə zidd olaraq çəkib təhqir edən «bloqgerlər ordusu» yaranıb. Təhsili, savadı olmayan belələri nəinki peşəkar jurnalistikadan, hətta insanlıqdan bixəbərdirlər.

Məlumdur ki, bəzi hallarda sosial şəbəkələrdə qeydiyyatdan keçmiş şəxslər öz həqiqi ad və soyadlarını, həmçinin digər anket məlumatlarını gizlədirlər. Təbii ki, məhz bu halın mövcudluğu onlar üçün hər hansı bir hüquqi məsuliyyət yaratmır.

Bəs hansı hesablar saxta hesab edilir? Ad, soyad və ya ata adına dair yalan məlumatların yerləşdirildiyi profillər saxtadır. Eyni zamanda, məlumatların gizlədildiyi, habelə digər şəxsə aid olan məlumatlarla onun razılığı olmadan yaradılmış hesablar, profillər də saxta hesab olunur.

Təbii ki, saxta profil adlarından istifadə edən şəxslər bir sıra hallarda anonim olduqları üçün cəzasız qalacaqlarını güman edərək digər şəxsləri təhqir etməkdən və onlara böhtan atmaqdan çəkinmirlər. Odur ki, bu tip saxta profil hesablarından istifadə edənlərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsinin təmini üçün dövlət tərəfindən bəzi addımlar atılır. Belə ki, Cinayət Prosessual Məcəlləyə yeni məzmunda 148-1-ci maddə əlavə edilmişdir. Bu maddə ilə internet informasiya portallarında saxta istifadəçi adlardan, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə də cinayət məsuliyyətinə cəlb etməyə səbəb olur.

Hüquqşünasların iddiasına görə, çox vaxt məhkəmələr sosial şəbəkəyə dair iddialarla bağlı məsələlərə baxmağa maraq göstərmirlər. Çünki təhqir yazan bir çox insanın sosial şəbəkə profilləri xarici ölkələrdə açılıb. Ona görə də məhkəmələrin onlara təsir etmə imkanları yoxdur. Sadəcə, məhkəmələrdə onlara qiyabi formada cəzalar kəsilə bilir.

Ümumiyyətlə, Azərbaycanın dilini, tarixini, milli- mənəvi dəyərlərini, əxlaqını qoruyan və onu zənginləşdirən məhz sözün həqiqi mənasında peşəkar jurnalistlər olublar. Amma bu həqiqət indi hiss olunmur. Çünki saxta və böhtançı sosial şəbəkə indi at oynadır. Biz bu fikirlərimizlə iddia etmirik ki, qloballaşmanın və müasirliyin əleyhinəyik. Biz deyirik ki, qloballaşma təhsilin yüksəlməsi, ziyalı cəmiyyətin qurulması, azad və dəyərli sözün var olması ilə mövcud olsun. Bu işdə məhz peşəkar mətbuatın fəaliyyətini genişləndirmək bir həyat məsələsidir. Əks halda, cəmiyyətdə nümunə göstəriləsi insanlarımız ziyalılar yox, elə əxlaqsızlar olacaqlar.

Daha çox xəbərlər