İqtisadi tərəqqi
Dünya ictimaiyyəti Qarabağ və Şərqi Zəngəzurdakı bərpa – quruculuq işlərinin sürətini heyranlıqla izləyir
İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri sürətlə davam edir. Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev azad olunmuş ərazilərin bərpası ilə bağlı göstərişlərini hələ Vətən müharibəsinin davam etdiyi günlərdə vermiş və ilk olaraq işğalçılardan təmizlənmiş Suqovuşanın yollarının bərpasına başlanılmışdı. Artıq ötən ilyarımda Qarabağda və Şərqi Zəngəzurda bir sıra iri layihələrin icrası başa çatdırılıb. Şuşaya Zəfər yolunun çəkilməsi, Füzuli Beynəlxalq Hava Limanının inşası, Zəngilanda Ağalı kəndinin «ağıllı kənd» layihəsi əsasında inşası, yeni su-elektrik stansiyalarının, yarımstansiyaların istifadəyə verilməsi, Şuşa şəhərində başlanan bəzi layihələrin yekunlaşması, Zəngilanda və Laçında hava limanlarının tikintisinin xeyli hissəsinin başa çatdırılması həmin ərazilərin bərpası işlərinin sürətlə həyata keçirilməsindən xəbər verir.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlarımıza mütəmadi səfərləri də göstərir ki, dövlət başçısı bu məsələləri xüsusi diqqətdə saxlayır. Dövlət başçısının Qarabağa və Şərqi Zəngəzura hər səfəri yeni layihələrin təməlinin qoyulması, şəhərlərin baş planlarının təsdiq edilməsi ilə əlamətdar olur. Müzəffər Ali Baş Komandanın ötən ay Kəlbəcər rayonuna səfəri bir daha göstərdi ki, Azərbaycan dövləti işğaldan azad etdiyi ərazilərin bərpası üçün necə əzəmətli layihələr reallaşdırır.
Bir məsələni də xüsusi qeyd etməliyik. Qarabağ və Şərqi Zəngəzurun bərpasını Azərbaycan dövləti öz maliyyə imkanları hesabına həyata keçirir. 2021-ci ildə bu məqsədlə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılmışdı. 2022-ci ilin dövlət büdcəsində də bu həcmdə vəsait nəzərdə tutulmuşdu. Lakin ötən ay dövlət büdcəsinin gəlir və xərcləri artırılıb. Artan büdcə gəlirlərinin 470 milyon manatı işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldilib. Beləliklə, son il yarımda işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılmasına ümumilikdə 4 milyard 870 milyon manat vəsait ayrılıb.
İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasında Heydər Əliyev Fondu da yaxından iştirak edir, tarixi və dini abidələrin, məscidlərin bərpası ilə bağlı layihələr həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir. İndiyədək bu layihələrin bir qismi tam icra olunub. Məsələn, ötən il Şuşada dahi Azərbaycan şairi və ictimai xadim Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurulması cəmi bir neçə aya başa çatdırılıb. Abidənin hər detalında tarixi görkəmi qorunub saxlanılıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə Şuşada Vaqifin büstü və görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəli bərpa olunub. Üzeyir Hacıbəylinin Şuşadakı ev-muzeyi, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksi, Şirin su hamamı da Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Azərbaycanın tanınmış tarzəni, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edən, simlərin sayını 5-dən 11-ə çatdıran və ilk dəfə tarı sinədə ifa etməyə başlayan Sadıqcanın Şuşadakı evinin bərpasını da Heydər Əliyev Fondu həyata keçirəcək.
Mehriban Əliyevanın təşəbbüsləri ilə Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı layihələrin bir qismi də məscidlərin bərpası ilə əlaqəlidir. Hazırda Şuşa məscidləri, həmçinin Ağdam Cümə və Zəngilan məscidləri Heydər Əliyev Fondu tərəfindən bərpa edilir. Bütövlükdə bütün toxunduğumuz məqamlar ondan xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri kompleks miqyas alıb. Bu gün bütün dünya Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma işlərinin fonunda Azərbaycanın təkbaşına, yalnız öz daxili imkanları hesabına necə nəhəng layihələr həyata keçirdiyini görür. Təbii ki, ölkəmizin maliyyə imkanları yüksəldikcə bu istiqamətdə ayrılan vəsaitlərin həcmi də artacaq. Xüsusilə Prezident İlham Əliyevin milli prioritet elan etdiyi- işğaldan azad olunan bölgələrimizin bərpası prosesi ən yüksək səviyyədə başa çatacaq.
Bir sözlə, bu gün qüdrətli Azərbaycan dövləti Qarabağda və Şərqi Zəngəzurda iqtisadi Zəfərini də çalmaqdadır. Təbii ki, müharibədən dərhal sonra və cəmi il yarıma öz gücünə belə nəhəng infrastruktur layihələri həyata keçirmək dünyanı da heyrətləndirir.

