Gündəm 

Azərbaycan Qarabağı və Zəngəzuru yenidən qurur

Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri bütün məziyyətləri ilə yanaşı, dövlətimizin gücünün təsdiqidr. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması torpaqlarımızın xilaskarı Prezident İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. 2021-ci il həm növbəti möhtəşəm layihələrin təməlinin qoyulması, həm də icra edilən layihələrin başa çatdırılması ilə əlamətdar oldu.

Qazandığımız böyük Zəfərdən sonra işğldan azad olunmuş torpaqlarımızda çox işlər görülür. Qısa müddət ərzində 3 hava limanı və dəmir yolunun birləşdirilməsi işlərinə də başlandı. 8 ay ərzində Füzuli şəhərində dünya standartlarına cavab verən, müasir formalı Beynəlxalq hava limanı tam şəkildə inşa olundu. Zəfər yolunun açılışı oldu. Dövlətyarlı kəndində “ağıllı kənd”in bərpasının əsası qoyuldu. Strateji əhəmiyyəti ilə seçilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun əsası qoyuldu. Eləcə də digər infrastruktur və quruculuq işləri hələ də davam etdirilməkdədir.

Bu tarixi Zəfərin ən mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı 2020-ci il noyabr ayının 10 da Moskvada İmzalanan üçtərəfli Bəyanat oldu. Bəyanatda Zəngəzur dəhlizinin açılması müddəa kimi qeyd olunub. Zəngəzur dəhlizinin açılması mühüm əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsindən qalib ayrılan Azərbaycan, eyni zamanda regionda yeni reallıqlar yaratdı. Beynəlxalq nüfuzunu artırdı və dünyanın siyasi arenasında sözünü deyən aparıcı ölkələrdən birinə çevrildi. Zəngəzur dəhlizinin açılması da bu reallıqlardan irəli gəlir. Bu dəhlizin açılması ilə iki qardaş ölkə olan Azərbaycanla Türkiyə yeni bir nəqliyyat vasitəsi ilə birləşəcək. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Zəngəzur dəhlizi Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirməsi ilə həm Zəngəzur dəhlizindən istifadə etmək imkanı, həm də Zəngəzur dəhlizi vasitəsi ilə Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə inteqrasiya olunmasına imkan verəcək.

Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir. Dəhlizin bərpası yeni perspektivləri yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla daha sonra Ordubad vasitəsi ilə Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nəaliyyəti olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2022- ci ilin birinci yarımilinin yekunlarına həsr olunmuş müşavirə zamanı nitqində demişdir:

“Biz Qarabağı, Zəngəzuru yenidən qururuq, yenidən qurmalıyıq. Buna nə qədər vəsait lazımdır. Hamısını öz hesabımıza edirik, 1 il 8 ay ərzində hələ bir dənə də kömək görməmişik. Heç bir yerdən heç kim bizə bir manat yardım etməyib, hamısını özümüz edirik. Şəhərləri qururuq, kəndləri qururuq, binalar tikirik və hələ nə qədər edəcəyik. Bununla paralel olaraq, sosial məsələləri həll edirik və edəcəyik, heç kimin bunda şübhəsi olmasın. Çünki yenə də bunu özümüzə mənəvi borc bilirik və bizim sosial siyasətimiz hər zaman belə olub. Baxın görün, son müddət ərzində əməkhaqları nə qədər artıb. Bu il, məsələn, orta əməkhaqqı haradasa 14 faiz artıb, pensiya 10 faizdən çox artıb. Bütün bu artımların mənbəyi var, bu da dövlət büdcəsidir. O büdcə ki, o büdcədən biz ordumuzu gücləndiririk və gücləndirəcəyik, bax, dediyim səbəblərə görə. O büdcə ki, biz sosial məsələləri həll edirik, Qarabağı yenidən qururuq və bütün başqa ehtiyaclarımızı ödəyirik və heç kimdən bir manat almadan. Ona görə bunu bilmək lazımdır. Bunu unudanlar da gərək yaddaşlarını, necə deyərlər, aydınlaşdırsınlar, bir az diqqətli olsunlar.”

Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin-Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Görülən işlər, həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqramın uğurla icra olunması sayəsində quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.

Xalisə Məmmədova, 
Füzuli Tarix-Diyarşünaslıq Muzeyinin direktoru vəzifəsini icra edən

Daha çox xəbərlər