Şərhlər azad olsa da, faktlar müqəddəsdir
Jurnalist əldə etdiyi və yayımına qərar verdiyi xəbəri, hadisəni tirajlayarkən, təbii ki, cəmiyyət, xüsusən də materialın “iştirakçıları”qarşısında məsuliyyətini dərk etməlidir
Müasir cəmiyyətdə media böyük rol oynayır. Jurnalistika işi və insanlarla qarşılıqlı əlaqəsi ilə ictimai rəyə təsir edə bilən nadir peşələrdəndir. Media bütün faktları və nəzər nöqtələrini dərk etməyə istiqamət verir, kömək edir. Lakin əlbəttə mediada dezinformasiya və həddindən artıq mühakimə hallarına da tez-tez rast gəlinir.
Jurnalistin, media təmsilçisinin davranışını tənzimləyən peşə etikasına riayət etməsinə ehtiyac var. Bu gün jurnalistikadakı bir çox mənfi tendensiyalar ciddi fəsadlara şərait yaradır. Əfsuslar olsun ki, peşəsindən reketçilik üçün istifadə edən jurnalistlər var. Jurnalist əldə etdiyi və yayımına qərar verdiyi xəbəri, hadisəni tirajlayarkən, təbii ki, fərd və cəmiyyət, xüsusən də materialın “iştirakçıları” qarşısında məsuliyyətini dərk etməlidir. Bu isə o deməkdir ki, jurnalist material yazarkən təkcə hədəf auditoriyasının deyil, bütün cəmiyyətin maraqlarını nəzərə almalıdır.
Azərbaycanda zaman-zaman reketliklə məşğul olan media qurumları ilə mübarizə aparılıb.Yəni jurnalistika sahəsində çalışanların heç də hamısı onun nə qədər məsuliyyətli və əmək tələb edən olduğunu anlamırlar, ya da anlamaq istəmirlər. Jurnalistika daim hərəkət, özünüinkişaf, dünyagörüşü, bilik tələb edir.
Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. Jurnalistika üçün ümumi olan elementar prinsiplərə riayət etmək hər bir media işçisinin sadəcə peşə borcudur. Amma XXI əsrdə qeyd etdiklərimiz bəziləri üçün bir qədər arxa plana keçib. Böyük ingilis alimi Skott Çarlz Prestupi deyib ki, şərhlər azad olsa da, faktlar müqəddəsdir. Yəni nə olursa olsun fakt faktlığında qalır və o olduğu kimi auditoriyaya, oxucuya, istifadəçiyə ötürülməlidir. Ümumiyyətlə, jurnalistika – jurnalistlər ictimai fikrə təsir imkanı baxımından heç də siyasətdən və ya siyasətçilərdən geri qalmırlar. Əgər söhbət informasiya-cəmiyyət cütlüyündən gedirsə, mütləq burada media və onun imkanları, ictimai fikir önə çıxır. Amma bu o demək deyil ki, “jurnalistlər” “qara” materialı çap etdirə, internetdə və ya digər KİV-də, sosial şəbəkələrdə yaymaqla həmin “qaraladıqları” şəxsə qara yaxa bilərlər və bundan heç zərrə qədər də vicdan əzabı çəkməyə bilərlər. Yəni biz, hazırda bu oxuduqlarınızın zaman-zaman şahidi oluruq. Bir digər məsələ isə budur ki, bütün peşələr kimi jurnalistikada da yaxşı və pis anlamı var. Təbii bu peşədə çalışmaq vicdan, qabiliyyət, xarakter və s. keyfiyyətlər tələb edir. Gəlin görək, sadalananlar hər qələm, söz sahibində varmı? Çox təəssüflər olsun ki, bu gün cəmiyyətdə “reket jurnalist” termini bəzi hallarda bu sahəni qara çalarlarla təqdim edir.
Azərbaycanda media azadlığı var. Hər vətəndaşın özünü sərbəst şəkildə ifadə etməsi üçün şərait yaradılıb. Acınacaqlısı odur ki, bu azadlıqdan sui-istifadə edən, şəxsi maraqlarını təmin etmək istəyənlər də az deyil.
Müstəqilliyimizin əldə edilməsindən sonra Azərbaycanda KİV-in sayında artım baş verdi. Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirdi. Hazırda Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini xeyli qabaqlayır. Azərbaycanda vətənpərvər, intellektual, bacarıqlı jurnalistlər ordusu var. Azərbaycanın milli mətbuatı inkişaf edir. Təbliğat insanların fikrini dəyişir, şüurunu, onların istənilən məsələyə münasibətinin keyfiyyətini formalaşdırır. Bu istiqamətdə Azərbaycan mediası çox böyük işlər görüb və bundan sonra da görməyə qadirdir. Eyni zamanda, bu gün ölkəmizdə media resursunun yaradılması və onun fəaliyyət göstərməsi üçün kifayət qədər asan şərait mövcuddur.
“Reket” jurnalistikasına gəldikdə isə əlbəttə belə fəaliyyət göstərmək cinayətdir. “Reket jurnalistika” ilə mübarizədə dərhal, barışmaz, qətiyyətli addımlar atılır. Baş prokuror Kamran Əliyev bildirib ki, “Reket jurnalistika” cinayət əməlidir və bununla məşğul olanlar məsuliyyətə cəlb olunurlar. Onlar barəsində müvafiq tədbirlər görülür. K.Əliyev müsahibəsində hüquqi məsələlərlə bağlı rəy verən, fikir bildirənlər haqqında isə bunları deyib: “Bu gün mənə elə gəlir ki, bəzən bizim sosial media istifadəçiləri, yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər. Və hüquqi məsələlərlə bağlı, bəzi mürəkkəb məsələlərlə bağlı o dərəcədə asanlıqla rəy verirlər, qəti fikirlər yürüdürlər. Bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. O, sadə göründüyü qədər də mürəkkəb elmdir. Hüquqi məsələlər, sübutlar, sübutların təhlili, sübutların qiymətləndirilməsi ilə bağlı müstəntiqlər, prokurorlar, hakimlər tərəfindən kifayət qədər çoxşaxəli qiymətləndirmə, dəyərləndirmə həyata keçirilir. Və işi bilmədən, işin incəliklərini, sübutları bilmədən, o cümlədən şərti olaraq “Tərtər işi” kimi işlərlə bağlı bəzən bu cür fikirlərin yürüdülməsi, təbii ki, yolverilməzdir. Hesab edirəm ki, bu sahədə biz müəyyən tədbirlər planı hazırlamalıyıq və onu jurnalistlərlə, media orqanları ilə birlikdə həyata keçirməliyik”.
Qeyd edək ki, qanunsuz əməllərlə bağlı hüquq-mühafizə orqanları dəfələrlə media qurumlarına və nümayəndələrinə, sosial şəbəkə fəallarına xəbərdarlıq edib. Şübhəsiz, müəyyən xəbərdarlıqlardan nəticə çıxarmayanlar qanunvericiliyə uyğun olaraq öz layiqli cəzalarını alırlar. Baş prokuror Kamran Əliyev həmçinin vurğulayıb ki, bəzən jurnalist fəaliyyətindən istifadə etməklə, yaxud da jurnalistlərin öz fəaliyyəti zamanı bu hallar baş verir: “Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən sosial media istifadəçiləri tərəfindən də bu kimi hallara yol verilir. Konkret olaraq qanunda bunun adı hədə-qorxu ilə tələb etmə adlanır. Belə hallar yolverilməzdir. Artıq bu, jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, jurnalistika da deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik. Bu kimi faktları aşkarlayıb, şəxsləri məsuliyyətə cəlb edirik”.
Əsl, peşəkar jurnalist reketçiliklə məşğul olmamalıdır. Azərbaycan vətəndaşı düzgün, qərəzsiz, dəqiq informasiya ilə təmin olunmalıdır.

