AMEA sindromu sındırıldı
Prezidentin məlum fərmanı elm və təhsil sahəsində yeni eranın başlandığınıntəsdiqidir
Azərbaycan Milli Elmlər Akademiyası haqqında uzun zamandır səngiməyən ictimai müzakirələrə nəhayət ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Elm və Təhsil Nazirliyinin yaradılması barədə məlum fərmanı ilə aydınlıq gətirildi. Etiraf etmək lazımdır ki, zaman-zaman Azərbaycan cəmiyyətində ən çox tənqidə tuş gələn qurumlardan biri də, məhz Azərbaycan Milli Elmlər Akademiyası olub. Vaxtaşırı ekspert səviyyəsində AMEA fəaliyyətsizliyi ilə ittiham edilir, hətta bu qurum “beşinci kalonun” yuvası kimi xarakterizə edilirdi. Hətta bu günlərdə də iqtidar nümayəndələri səviyyəsindəsabiq Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə sözügedən qurumda mövcud dövlətçiliyimizə qarşı ciddi təhlükəli senarilərin hazırlandığı barədə ittihamlar səsləndirilir. Bəs, əslində nələr baş verir, doğrudanmı AMEA öz profilindən kənar fəaliyyətlə məşğul olurdu və ölkə başçısının bu günlərdə imzaladığı məlum fərman buna hesablanıb? Yenədə aidiyyatı məsələ üzrə mülahizə yürüdən ekspertlərin qənaətincə dünyanın inkişaf etmiş ölkələrində dövlətin vəsaiti və tabeliyində fəaliyyət göstərən elmlər akademiyası deyilən bir qurum yoxdu. Belə ki, bütün elmi-tədqiqat işləriuniversitetlərin öz elmi tədqiqat mərkəzlərində aparılır. Daha aydın desək, həmin ölkələrdə təhsillə elm vəhdət halında fəaliyyət göstərir və səmərəlilik prinsipi özünü tam təsdiq etmiş olur. Məhz bu nüanslar təsdiq edir ki, belə ziddiyətli məqamlar ucbatından Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqat işləri hər daim qeyri-qənaətbəxş olub. Bu mənada mütəxəssislərin qənaətincə elmi tədqiqatla məşğul olan müəssisələr müstəqil deyilsə, heç bir keyfiyyətdən söhbət gedə bilməz. Bəzi ekspertlər isə keçmişə istinad edərək faktlar əsasında sübut etməyə çalışırlar ki, sovetlər dövründə AMEA sistemində kosmik, nüvə tədqiqatları sahəsində dünyada tayı-bərabəri olmayan işlər görülüb.
Bütün bu məqamlardan çıxış edərək qeyd etmək lazımdır ki, AMEA-nın strukturunda və işində ciddi dəyişikliklər aparılmalıdır və Prezidentin məlum fərmanı buna hesablanıb. Təsadüfi deyil ki, yaxın keçmişdə Milli Məclisdə AMEA haqqında müzakirələr aparılanda Maliyyə naziri Samir Şərifov da bildirmişdi ki, hökumət elmə ayrılan pulu artırmağa hazırdır, amma alimlərin hazır layihələri yoxdur. Maliyyə naziri AMEA-nın tərkibində fəaliyyət göstərən elmi tədqiqat institutlarının fəaliyyətində ciddi problemlər olduğunu, Azərbaycan üçün kifayət qədər beynəlxalq əhəmiyyətli layihələrin hazırlanmadığını xüsusi vurğulamışdı. Nazir bu səbəbdən AMEA-da mütləq struktur dəyişikliyinin aparılmasının qaçılmaz olduğunu qeyd etmişdi.
Bəzi ekspertlər isə, əslində bu cür nöqsanların baş verməsində AMEA-ya dövlət büdcəsindən ayrılan vəsaitindaha çox əmək haqlarına yönəldilməsi ilə səciyyələndirirlər. Ona görə də elmi ixtiralara, kəşflərə və yaxud da bu istiqamətdə məsələlərin həllinə həmin vəsaiti sərf etmək imkansızdır. Bu baxımdan da məsələnin fundamental həllinə ehtiyac var. AMEA-nın nəzdində olan institutların laboratoriyalarının müəyyən dərəcədə universitet bazasına köçürülməsinə ehtiyac var. Daha aydın ifadə etsək universitet modelinə ehtiyac var. Bu model qurulmadığına görə çox təəssüf ki, problemlər yaşanır. Birdə ki, AMEA-da elmin inkişafı o səviyyədə deyildi ki, elmi tədqiqat institutları müəyyən layihələr hazırlasınlar, proqnozlar versinlər.
Bəzi informasiya mənbələri isə AMEA-da baş verənləribu qurumun İran kəşfiyyat orqanları ilə qeyri-qanuni əlaqələr yaratması ilə əlaqələndirirlər. Belə ki, belə mülahizələr yurudülür ki, onsuzda əmək haqqları aşağı olan bəzi AMEA mütəxxəsisləri ilə İran kəşfiyyat orqanları arasında Azərbaycan dövlətçiliyinə yönəli əlaqələr olub. Yüksək səviyyədə maddi vəsaitlə təmin olunan bəzi mütəxəssislər strateji əhəmiyyət kəsb edən məlumatların İran tərəfinə ötrülməsində ciddi fəaliyyət göstəriblər. Məhz bu məqamlar AMEA barədə məlum fərmanın imzalanmağı ilə nəticələnib. Göründüyü kimi, illərlə Azərbaycan insanının düşüncələrində bir elm ocağı statusu qazanan Azərbaycan Milli Elmlər Akademiyası haqqında ciddi ittiham xarakterli fikirlər səsləndirilir. Fakt isə odur ki, ölkə başçısının məlum fərmanə ilə AMEA-nın əvvəlki səlahiyyət və statusu minimuma endirildi. Prosesin ən ağrılı məqamı orda çalışan 12 mindən çox alimin taleyi ilə bağlıdır. Bəzi mülahizələrə görə isə AMEA sistemində çalışan alimlərin əksəriyyəti digər ali təhsil müəssisələrində onsuz da fəaliyyət göstərirlər və layihələr həyata keçirirlər. Bütün bunlarla bərabər belə fikirlər də səsləndirilir ki, taleyini AMEA-ya bağlayan və mərkəzi strukturda çalışanlar kənarda qoyulmayacaq.
Burada maraq doğuran digər bir nüans da ondan ibarətdir ki, indidən cəmiyyətdə belə bir fikirlər səslənir ki, Təhsil Nazirliyi tabeliyinə verilən bu qurumların səmərəli idarə edilməsində qarşıya qotulan vəzifələrin öhdəsindən layiqincə gələ bilməyəcək. Elm və Təhsil Naziri Emin Əmrullayev mətbuata açıqladığı müsahibədə bu məqamlara aydınlıq gətirib. O bildirib ki, rəhbərlik etdiyi qurum daha çox elm sahəsində koordinasiya, bu işin inzibati idarə edilməsi, o cümlədən də elm sahəsində maliyyələşmə, nəzarət funksiyasını həyata keçirəcək: “Yəni Elm və Təhsil Nazirliyi elmi qurum deyil, bu səhv anlaşılmamalıdır. Ümumiyyətlə, dünyada bu tip nazirliklər elmi fəaliyyətlə məşğul olmurlar. AMEA-nın ləğv edilməsi barədə səslənən fikirlər kökündən yanlış fikirlərdir. Bu qurum Azərbaycanda elmi fəaliyyətin baş verdiyi əsas mərkəzlərdən olub. Bir sözlə bu qərarı AMEA-nın ləğvi kimi qiymətləndirmək düzgün deyil. Sadəcə olaraq bu qurumun nəzdində fəaliyyət göstərən bəzi elmi tədqiqat instutlarının tabeliliyi Elm və Təhil Nazirliyinə həvalə edilib.Yenə də alimlər öz elmi fəaliyyətlərini AMEA-da davam etdirəcəklər”.
Görünən odur ki, ölkə başçısının məlum fərmanı ilə AMEA ləğv edilmir, nəzdində fəaliyyət göstərən humanitar sahə istisna olmaqla bütün institutlar yeni yaradılan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilir. Bu isə elm və təhsil sahəsində yeni bir inteqrasiya mərhələsinin başlandığından xəbər verir. Hər bir xalqı işıqlı gələcəyə aparan onun elm və təhsil sahəsində əldə etdiyi sərhəd tanımayan nailiyyətləridir. Bu mənada ölkə başçısı Prezident İlham Əliyevin məlum fərmanı Azərbaycanda elm və təhsil sahəsində yeni bir eranın başlandığının təsdiqi kimi dəyərləndirilməlidir.

Şeyda Əzizova
Aran Media qəzetinin baş redaktoru

