Şuşa daha bir mühüm sənədin imzalanmasına şahidlik etdi
Qoşulmama Hərəkatının Gənclər Sammitinin yekun Şuşa sessiyasında qəbul olunan sənəddə gənclər yeni dövrün yeni reallıqları fonunda dünyanı necə görmək istədiklərini açıqladılar
Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi beynəlxalq təşkilatlarda yeri və rolunun möhkəmlənməsində əhəmiyyətli rol oynayır. 120 ölkəni sıralarında birləşdirən Qoşulmama Hərəkatının üzv dövlətlərin yekdil qərarı əsaında Azərbaycanın quruma sədrlik müddətinin bir il uzadılması da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun göstəricisidir. İyulun 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrdən olan Gənclərin Sammiti öz işinə başladı və iyulun 29-da Şuşa sessiyasının keçirilməsi ilə başa çatdı.
Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndəsinin qatıldığı Sammitin əhəmiyyəti dövlət başçısı İlham Əliyevin iştirakçılara ünvanladığı müraciətdə özünün aydın ifadəsini tapmışdır. Müraciətdə qeyd edilmişdir ki, Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verilir və ölkəmizdə keçirilən tədbir Hərəkat ölkələrinin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.
Sammitdə ötən ilin noyabr ayında yaradılmış Gənclər Şəbəkəsinin ötən müddət ərzində gördüyü işlərdən və gələcək planlardan geniş bəhs edilmişdir. Ümumilikdə Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi tarixi hadisədir. Beynəlxalq əhəmiyyət kəsb edən bu kimi tədbirlərdə iştirakçı dövlətlərin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycanın dünyaya səs salan gənclər siyasətinin təməlində onların dövlət idarəçiliyinə çəkilmələri ilə yanaşı, malik olduqları potensialdan səmərəli istifadələrinə əlverişli şəraitin yaradılması dayanır. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edirlər. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.
60 ölkənin gənclərinin malik olduqları potensialı ortaya qoymaları fonunda günümüzün çağırışlarının yüksək dəyərləndirilməsinə öz töhfələrini vermək istəkləri təqdir edilir, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün geniş imkanlar yarandığı qeyd edilir. Ölkəmizdə gənclərin inkişafı istiqamətində atılan addımlar beynəlxalq aləmdə də diqqətlə izlənilir. Dövlət başçısı İlham Əliyevin Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında jurnalistin «Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz» sualına cavabında bildirmişdir ki, biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdə, startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Biz çox nəhəng könüllülər hərəkatına başlamışıq və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. Sonra da yaxşı nəticələr göstərənlər hökumət təşkilatlarına işə götürülür. Dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Onları həyat qane etmir, onların hökumətə olan etimadı itib: «Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Əslində, onlar yalan danışıblar. Bunun əsas səbəbi isə siyasətçilərin məsuliyyətsizliyidir. Çünki biz təkcə Avropada yox, bir çox ölkələrdə onu müşahidə edirik ki, hökumət hakimiyyətə gəlir və dərhal hökumətin rəhbəri təzyiq altında olur. İnsanlar onu seçir, lakin bir ildən sonra o, ona göstərilən etimadı itirir. Çünki yerinə yetirilməsi mümkün olmayan vədlər verilmişdir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.»
Cari ildə gənclərlə bağlı keçirilən tədbirlərə diqqət yetirmək kifayətdir. Hər birində əsas məqsəd, amal gənclərin yenilikçi təşəbbüslərindən bəhrələnmək, ölkələrin gələcək inkişafına dəstək olmaqdır.
Sammitdə qəbul edilən sənədin əhəmiyyəti böyükdür. Burada gənclər öz təcrübələrini, düşüncələrini bölüşür, gələcəyi necə görmək istəklərini açıqlayırlar. Gənclərin gücünün bütün dünya üçün böyük dəyər olduğu bir daha təsdiqlənir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təkliflər irəli sürüb ki, onlardan biri də Gənclər Şəbəkəsinin yaradılmasıdır. Dünyanın gələcəyi gənclərin əlindədir. Qlobal səviyyədə səsləndirilən çağırışlar diktə edir ki, səylər birləşdirilsin, təcrübə mübadiləsi aparılsın. Gənclərin potensialından səmərəli istifadə günümüzün əsas tələblərindəndir.
İyulun 29-da Qoşulmama Hərəkatı Gənclər Sammitinin keçirilən Şuşa sessiyası olduqca diqqətçəkən oldu. Bu baxımdan ki, Sammit iştirakçıları iyulun 25-28-də keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul etdilər. Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsü ilə 2021-ci il oktyabrın 4-də təsis edilmiş Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Daimi katibliyi Bakı şəhərində yerləşəcək Qoşulmama Hərəkatı Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da Sammitin Şuşa sessiyası çərçivəsində təsdiq edildi.
Göründüyü kimi, bu tədbirin də yekun sənədi Şuşada imzalandı. Qarabağın tacı beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan qəbul olunmaqla yanaşı, əhəmiyyətli sənədlərin imzalandığı ünvandır. Bu mühüm addımlar dünyaya ciddi mesajlardır. Qarabağımız, Şuşamız azaddır, öz tarixi sahiblərindədir və bundan sonra da olacaq. Şuşamız diplomatik mərkəzdir. Dünyanın müxtəlif ölkələrinin siyasətçiləri, jurnalistləri, o cümlədən 30 ildən sonra dünya azərbaycanlıları azad Şuşamızda bir araya gələrək həm bu qədim şəhərin tarixini öyrənir, həm də ermənilərin illərdir bu torpağımızda törətdikləri vəhşiliklərin şahidi olurlar. Bütün bunların fonunda Şuşamız özünün yeni dirçəliş mərhələsini yaşayır. Hər daşı, qayası tarix olan Şuşa qonaqlarını qarşılamaqdan həm qürur hissi keçirir, həm də tarixini, 2 8 il əsarətdə olduğu müddətdə əyilmədiyini, sınmadığını onlarla paylaşmağından sanki bir rahatlıq tapır.
Azərbaycan beynəlxalq səviyyəli mötəbər tədbirlərə ev sahibliyi ilə günümüzün əsas çağırışlarını dünyaya çatdırır. Bu, davamlı və dayanıqlı inkişaf yolunda olan dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan xəbər verir. Azərbaycan Qoşulmama Hərəkatına üzv olduğu 11 il ərzində özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Təkcə son illərin uğurlarına diqqət yetirmək kifayətdir. Bir mühüm məqamı da nəzərə alaq ki, Qoşulmama Hərəkatında 120 üzv dövlətlə yanaşı, həm də Birləşmiş Millətlər Təşkilatı, Afrika İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı kimi dünyanın 10 beynəlxalq nüfuzlu təsisatının, əlavə olaraq müşahidəçi statusu ilə 17 dövlətin iştirak etməsi bu təşkilatın çox ciddi və qlobal əhəmiyyət daşıyan əməkdaşlıq platforması olduğunu deməyə əsas verir. Bu faktın özü Azərbaycanın söz sahibliyinin nümayişidir.
Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin məhz həmin prinsiplər əsasında nizamlamasına çağırışlar etdi. 44 günlük İkinci qarabağ müharibəsinin getdiyi dövrlərdə də ölkəmiz qurumun, onun üzvlərinin dəstəyini gördü, dövlət başçısı İlham Əliyev hər bir çıxışında yüksək dəyərləndirir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi böyük siyasi iradə, məsuliyyət, diplomatik bacarıq tələb edən missiyadır. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin məqsədi üzv dövlətlərlə birlikdə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaqdır. Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi barədə qərar qəbul olunsa da, yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizin ötən dövr ərzində qurumun bu günü və gələcəyi üçün gördüyü işlər, ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyi onun sədrlik müddətinin bir il uzadılması ilə nəticələndi. Azərbaycanın koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin gücləndirldiyi bir zamanda Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının Zirvə görüşü keçirildi və dünyaya bu çağırış edildi ki, «COVİD-19-qarşı birlikdəyik». Azərbaycanın bu müddətdə 80-a yaxın ölkəyə maddi və humanitar yardım göstərməsi, «peyvənd millətçiliyinə» qarşı münasibəti beynəlxalq nüfuzunun artmasında əhəmiyytəli rol oynadı. Azərbaycan bir-birinə əks qütbəlri bir araya gətirən sabitləşdirici faktor kimi özünü dünyaya təqdim etdi. Koronavirusla bağlı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi və Qoşulmama Hərəkatının üzvləri tərəfində böyük dəstək qazandı. 2020-ci ilin dekabrında həmin sessiya keçirildi.
Atılan hər bir addım Azərbaycanın artan nüfuzunun göstəricisidir.
Prezident İlham Əliyev hər zaman milli maraqlar zəminində dünya siyasətində mühüm rol oynayan beynəlxalq platformalar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırır, müasir dövrün çağırışlarının birgə cavablandırılması üçün səylərin birləşdirilməsinin vabiliyini bildirir. Böyük siyasi iradəyə, diplomatik bacarığa malik dövlətimizin başçısının ədalətli və düzgün siyasəti Azərbaycanı gələcəyə doğru inamla irəliləməsini şərtdəndirir.
Bu gün yeni dövrün yeni reallıqlarını yaşayırıq. O reallıqlar ki, artıq tarixi Zəərimizin fonunda Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim edir. Qalib Azərbaycan hər sahədə təcrübəsini nümayiş etdirməklə yanaşı, təcrübə mübadiləsinin aparılmasında maraqlı olduğunu atdığı hər addımında nümayiş etdirir. Bir müddət öncə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Sammiti keçirildi. Bu da Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tədbir idi. Ölkələr arasında əlaqələrin inkişafında parlamentin rolunu Azərbaycan daim önə çəkib, tarixi Zəərimizdən sonra Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin bir araya gələrək Bakı Bəyannaməsini imzalamaqla sübut edib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması 120 üzvün parlamentinin biri araya gəlib hədəfləri müzakirə etməsi, töhfələri barədə birgə düşünmələridr ki, bu da yekun sənəddə öz əksini tapmışdır.
Bu gün isə Qoşulmama Hərəkatının 60 üzvünün gəncləri yeni reallıqları birgə cavablandırmağın yollarını müzakirə etdi və soe qərarlarını, yəni gələcək üçün birgə addımlamağın vacibliyini təsdiqləyən sənədə Şuşada imza atdılar. Belə müzüm sənədlərin atılan imzaları məkan olaraq Qarabağın tacının müşaiyət etməsi qürurvericidir. Gənclərimiz böyük qüvvə olduqlarını həm nümayiş etdirdikləri birlikləri, həm də gələcəklə bağlı təəssüratları ilə təsdiqlədilər. Gənclər yeni ideyaları ilə dünyanı necə görmək modelini ortaya qoymağa səy göstərirlər. Hədəf inkişaf, gələcək üçün böyük stimuldur.

