Cəmiyyət 

“Qeyri-rəsmi mənbəyə” istinad, yoxsa qeyri- peşəkarlıq?

Sosial şəbəkələrdə tirajlanan, insanlarda  təzad, fobiya yaradan əsassız  informasiyaları silahsız müharibə adlandıranlar qənaətlərində yanılmırlar.

Müstəqilliyini əldə etdikdən sonra  demokratik prinsiplər əsasında inkişaf edən Azərbaycanda müstəqil mətbuatın formalaşması, söz azadlığının, plüralizmin qorunması üçün həyata keçirilən  islahatlar qanunvericilik  prinsipləri əsasında təkmilləşir. Senzuranın ləğvindən sonra «Kütləvi informasiya vasitələri haqqında»”, «İnformasiya əldə etmək haqqında”» və digər qanunların tətbiqi ilə  informasiya əldə etmək və yaymaq hüququna tam təminat verilir. «Media haqqında» qanunun qəbulu   ilə islahatların əhatə dairəsinin genişləndirilməsi, jurnalist peşəkarlığının artırılması üçün nəzərdə tutulan qaydalar  həyatımıza geniş  daxil olan sosial şəbəkələrin fəaliyyətində hiss olunmalıdır. Obyektiv, operativ, qərəzsiz,  demokratiyanın, söz azadlığının tələblərinə uyğun informasiyaların yayımı, açıqlanması dövlət qanunları ilə tənzimlənir. Belə ki,  qadağan olunan  dövlət və hərbi sirlərin, insanların mənəviyyatına təsir edən,  hüquqlarını pozan informasiyaların yayımına xüsusi həssaslıq, peşəkarlıq  və vəzifə məsuliyyəti ilə yanaşılmalıdır

Müasir dövrümüzdə  təkcə ölkədaxili sabitliyin qorunmasında deyil, dövlətlərarası münasibətlərin gərginləşməsində də  sosial şəbəkələrdən qərəzli istifadə hallarına  rast gəlinir. Sosial şəbəkələrdə tirajlanan, şəbəkə istifadəçilərində  fikir ayrılıqları, təzad, fobiya yaradan informasiyaları  silahsız müharibə adlandıranlar  qənaətlərində yanılmırlar. Çox təəssüf ki, hələ də  dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq  əsası olmayan informasiyaları ictimailəşdirərək özləri üçün reytinq qazandıqlarını düşünən «reket» jurnalistika mövcuddur. Sosial şəbəkə mənsubları hazırkı şəraitdə  ölkəmizin yerləşdiyi coğrafiyada baş verən siyasi, hərbi vəziyyəti, qlobal hadisələri  nəzərdən qaçırmamalıdırlar. İndiki zamanda Azərbaycanın bölgədə yaratdığı reallıqlara qısqanclıqla yanaşanlara  respublikamızdakı siyasi, iqtisadi sabitlik barədə  informasiyaların çatdırılması ümumi işimizə dəstək olar.  Müxtəlif şəxslər haqqında qərəzli informasiyalar yayan,  ailə münaqişələrinə səbəb olan, bəzən  sonu məhkəmə salonlarında azadlıqdan məhrumedilmə ilə nəticələnən məişət problemlərini «alovlandıran» bu cür şəbəkələr təsdiqlənməmiş yalan məlumatları yaymaqla insanların taleyi ilə oynadıqları kimi,  Azərbaycanın dünyada möhkəmlənən mövqeyinə,  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərlik etdiyi Milli Ordumuza da qara yaxmaqdan çəkinmirlər.

Təcrübə göstərir ki, hətta inkişaf etmiş demokratik ölkələrdə belə hərbi əməliyyatlar və  digər oxşar hallarda hakimiyyət medianın informasiyaya çıxışını və yaymaq hüququnu  məhdudlaşdırır. 2013-cü ildə Böyük Britaniya Kraliçası II Elizabet Birləşmiş Krallıqda medianın əxlaq kodeksinə əməl edilməsi mexanizmini müəyyənləşdirən  Kral Xartiyasını imzalayıb. Həmin qaydalara görə ölkədə jurnalistlərin etik normalara riayət etməsini tənzimləyən qurum yaradılır  və bu quruma qaydalardan  kənar hallara yol verən  mətbu orqanını  1 milyon funt sterlinq məbləğində cərimələmək hüququ verilir.  Fransa, Böyük Britaniya, son illər isə Türkiyə nümunəsindən bəlli olduğu kimi «YouTube»,  «Google,» «Tvitter», «Facebook» kimi sosial şəbəkələrin ölkə qanunvericiliyinin tələblərinə uyğun fəaliyyətini təmin etmək məqsədilə məhkəmə prosesləri keçirilib və   qanunlara uyğun hökmlər çıxarılıb.
ABŞ-ın sabiq   prezidenti Donald Trampın imzaladığı,  1996-cı ildə  ABŞ-da qəbul olunmuş «Kommunikasiya Müdafiə Aktı»nın 230-cu paraqrafın ləğvini nəzərdə tutan  «Onlayn senzuradan müdafiə barədə» Fərmanı da diqqətçəkəndir.  Adı çəkilən paraqrafa görə,  texnoloji şirkətlər öz sosial şəbəkələrində, «Facebook», «Twitter», «YouTube» və digər sosial şəbəkələrin platformalarında yayılan dezinformasiyalara görə həmin şəbəkələr məsuliyyətə cəlb olunmaqla, qanun qarşısında cavab verirdilər.  Bu sənədin tətbiqində məqsəd    «feyk» informasiyaların qarşısının alınması idi. ABŞ-ın sabiq  Prezidentinin mətbuat konfransında  jurnalistlərə müraciətlə  söylədiyi «Sosial media şirkətləri hazırda qalxana malikdirlər. Lakin bu fərmandan sonra onların qalxanı olmayacaq» sözləri sosial şəbəkələrdən qərəzli istifadə edənlərə ciddi xəbərdarlıq idi .
Azərbaycanın Ermənistan üzərindəki tarixi Qələbəsini, Milli Ordumuzun Zəfərini «unudan», yalnız insanlarda    hiddət , şok yaradan  «feyk» xəbərlərlə diqqəti cəlb etməyə çalışan şəbəkələr sosiallıqdan kənar əməllərlə məşğul olurlar. Təbii ki, reallıqdan kənar  məlumatları  cəmiyyətə sırımağa çalışan bu cür « operativlik» nə jurnalistika sahəsinə, nə də cəmiyyətə lazımdır. Əksinə, hiddət doğuran dezinformasiyalar  dövlətçiliyimizə  xəyanət  kimi lənətlənir.  Toraqlarımızın işğaldan  azad edilməsi uğrunda döyüşlərdə şəhid olanların ailələrinə, döyüş əməliyyatları zamanı yaralanan qazilərə göstərilən dövlət qayğısına kölgə salmağa çalışan  çirkab bataqlıqlarında eşələnən  bəzi «sosialların» vicdansız əməlləri tam cinayət xarakterlidir.

Təbii ki,   mürəkkəbliyindən, yaranma səbəbindən,  dövlətə, insanlara verə biləcəyi  fayda və zərərlə bağlı  informasiyaların rəsmi mənbələrdən  açıqlanması yanlış məlumatların qarşısının alınmasında  mühüm əhəmiyyət kəsb edir. Daha geniş auditoriyalara malik sosial şəbəkə istifadəçilərinə eyni hadisə ilə bağlı informasiyaların müxtəlif  sosial media platformalarında fərqli yanaşmalarla  ictimaiyyətə  çatdırılması insanlarda  fərqli düşüncə tərzinin formalaşması, nəticədə müxtəlif təbəqələrə mənsub insanlar arasında  çaşqınlıq yaradır.

Elm və texnologiyalar əsri olan müasir dövrümüzdə elə bir sahə yoxdur ki, orada sağlam rəqabətin yaratdığı uğurlar nümunə göstərilməsin.  Oxucu auditoriyası cəlbi baxımından bu cür sağlam  rəqabət sosial şəbəkələrdə daha çox əhəmiyyət  daşımaqla, medianın mahiyyətini təşkil etməlidir. Bu sahədə çalışanlar unutmamalıdırlar ki,  obyektiv mənbələrə əsaslanan, bütünlükdə cəmiyyətdə  sağlam düşüncə tərzinin formalaşmasına xidmət edən məlumatları yaymaq, Milli Konstitusiya  ilə müəyyənləşən hüquqların qorunmasına əməl etmək onların  vətəndaşlıq borcu,  peşə məsuliyyətidir.  Ali Qanunumuzda qeyd olunduğu kimi, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan  izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Çox təəssüf ki,  xarici  dairələr tərəfindən maliyyələşən milli xəyanətkarlarımız  ölkəmizdə davamlı inkişafda olan demokratik şəraitdən, söz və mətbuat azadlığından istifadə edərək bir çox hallarda dövlətçiliyimizə, Azərbaycanın beynəlxalq  aləmdə möhkəmlənən  nüfuzuna  zərər vuran  əsası olmayan informasiyalarla  cəmiyyətdə çaşqınlıq yaradırlar.

İnkişafın Azərbaycan modelinin tətbiqi ilə iqtisadi, sosial sahədə qazandığı uğurlarla beynəlxalq aləmdə  nümunə göstərilən, multikultural dəyərləri ilə fərqlənən tolerant ölkəmizin dünya birliyində möhkəmlənən mövqeyinə  xarici havadarlarından aldıqları dilənçi payı müqabilində qara yaxmağa çalışan «beşinci kolon»un qaragürühçularının inhisarında olan bəzi sosial şəbəkələr şəxsi mənfəətləri, qul xislətinə xas olan  boyunəymə   vərdişlərinə hələ də sadiqdirlər.  Ağalarının süfrələrinin artıqlarına möhtac qalan bu mənfur niyyətlilər  xəyanətlərini   ölkəmizdə mövcud olan söz azadlığı pərdəsi altında gizlədərək   qara vicdanlarını belə hərraca qoyurlar.   Fəaliyyətlərini ermənilərin dəsti-xəttinə uyğun quranların Vətənə xəyanətləri isə  bağışlanılmazdır.
30 il işğal altında qalan  Azərbaycanın ərazilərində ermənilərin  törətdikləri  vəhşilikləri, vandalizmi, hərbi cinayətləri, dağıntıları,  görməzdən gələn xəyanətkar «reketlər» jurnalist adını hörmətdən salır,   ölkəmizdə olan söz, mətbuat azadlığı naminə həyata keçirlən demokratik islahatları  kölgədə saxlayırlar.

Sosial şəbəkələrdə  insanların ləyaqət və şərəfinə toxunan, hüquqlarının pozulması ilə nəticələnən  informasiyaların «bolluğu»  ailədaxili münaqişələrin yaranmasına da  səbəb olur. Bu kimi hallar ölkəmizdə təkmilləşən və əsrlərdən bəri qorunub saxlanılan, milli-mənəvi keyfiyyətlər əsasında  möhkəmlənən ailə institutunun  dəyərlərinə də   xələl gətirir.  Həmişə diqqətdə olan tanınmış simaların, şou əhlinin gündəlik həyatları ilə bağlı , bəzən əxlaqımıza, mənəviyyatımıza yad informasiyaların sosial şəbəkələri «bəzəməsi»  xüsusilə gənclərimizə çox pis örnəkdir. Nə qədər vicdansız olasan ki, respublikamızda  şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğını təkzib edəsən. Dünyanın heç bir ölkəsində bu kateqoriyadan olan insanlara Azərbaycanda olduğu qədər qayğı göstərilmir. Xüsusi imtiyazlarla əhatə olunan şəhid ailələri, qazilər mənzillərlə, avtomobillərlə təmin edilirlər. Reabilitasiya mərkəzlərində onların sağlamlıqları naminə ən müasir vasitələrdən istifadə edilir. Ehtiyac yarandıqda müalicə üçün qardaş Türkiyəyə göndərilirlər. Şəhid ailələrinin üzvləri, qazilər məşğulluq fəaliyyətinə cəlb olunurlar.

Cəmiyyətdə narazılıq yaradan bu cür neqativ halların aradan qaldırılması üçün  müəyyən dairələrdə, hüquq – mühafizə orqanlarında   sosial şəbəkələrlə bağlı müzakirələr aparılır, ekspertlərin rəyləri ictimaiyyətə çatdırılır. Cəmiyyətimizə, dövlətçiliyimizə kölgə salan  informasiyalar, insanların hüquq və azadlıqlarının pozulmasına səbəb olan   dezinformasiyalar üçün cavabdehlik məsuliyyətinin,   nəzarətin qanunla tənzimlənməsi üçün tədbirlər görülür. Bu günlərdə  reytinq qazanmaq naminə çirkin əməllərlə  məşğul olan bir neçə sosial şəbəkənin dırnaqarası mənsublarının  prokurorluq orqanlarına çağırılması, onlara xəbərdarlıq olunması, bərələrində  cəza tədbirlərinin görülməsi  digər böhtançılara da dərs olmalıdır.
Unutmayaq ki, vəzifəsindən, mövqeyindən, sosial statusundan asılı olmayaraq, bütün  ölkə  vətəndaşları vahid amal uğrunda birləşməli, Azərbaycanın inkişafı, ümummilli problemlərin həlli, dövlət və milli maraqların təmin olunması, işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq işlərinin təbliği naminə bütün qüvvəsini səfərbər etməlidirlər.  Böhtan xarakterli, qərəzli  informasiyalarda yazılan «qeyri- rəsmi mənbəyə» istinad sözləri  isə həmin sosial şəbəkə  əməkdaşlarının qeyri- peşəkarlığından xəbər verir.  Məntiqi nəticə budur ki, reket jurnalistikası” cinayətkar fəaliyyətdir.  Təəccüblüsü budur ki, bəzi sosial media mənsubları  hazırladıqları informasiyaları  hüquqşünas kimi şərh etməkdən  belə çəkinmirlər. Hadisələri öz baxışları ilə dəyərləndirərək hüquqi don geyindirirlər. Bu isə ikiqat cinayətə yol açan  Vətənə xəyanət, insanlara mənəvi zərbədir.

Daha çox xəbərlər