Gündəm 

Sülh naminə həmrəyliyin təcəssümü

 

Azərbaycan V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 56 ölkə arasında idmançı sayına görə ikincidir

 

Azərbaycan təkcə siyasi deyil, eləcə də digər sahələrdə İslam ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. Bu mənada 2017-ci ildə ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsini qeyd etmək yerinə düşər.

 

Bu günlərdə isə anoloji yarışlar Türkiyənin Konya şəhərində keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edib. Avqustun 9-da start verilən İslamiadanın açılış mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, İslam Həmrəyliyi İdman Federasiyasının və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rəsmi nümayəndələrinin iştirakı ilə 42 min tamaşaçı tutumuna malik Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda olub. Bu Oyunlar avqustun 18-dək davam edəcək.

 

Ümumilikdə, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-də iştirak edirlər. V İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün Oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu.

 

İslam Həmrəyliyi Oyunları ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilib. İranın paytaxtı Tehranda keçirilməli olan ikinci İslamiada ləğv edilib. Üçüncü Oyunlar 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində təşkil olunub. VI İslam Həmrəyliyi Oyunları isə 2025-ci ildə Kamerunun paytaxtı Yaundedə keçiriləcək.

 

2017-ci il mayın 12-22-də Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunları Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident və Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün dünyaya nümayiş etdirdi ki, İslam aləmi bir ola bilir və bu birlik gücümüzü daha da artırır. “Bakı-2017”də 54 ölkədən 3 mindən çox atlet idmanın 24 növü üzrə keçirilən yarışlarda 269 dəst medal uğrunda mübarizə aparıb. Bu Oyunlara 425 atletlə qatılan Azərbaycan 162 medalla (75 qızıl, 50 gümüş və 37 bürünc) birinci oldu. Türkiyə ikinci (195 medal), İran üçüncü (98 medal), Özbəkistan dördüncü (63 medal), Bəhreyn (21 medal) isə beşinci yerdə qərarlaşdı. Xüsusilə qeyd etmək lazımdır ki, “Bakı-2017”ni 50-dən artıq ölkədə 1 milyarddan çox tamaşaçı izləmiş, yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırmışdı.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla da görüşüb. Beynəlxalq yarışlar ərəfəsində idmançılarla görüşlərin ənənə olduğunu önə çəkən dövlətimizin başçısı Azərbaycanın idman ölkəsi kimi tanınmasından, idmançılarımızın yarışlarda yüksək nəticələr əldə etmələrindən bəhs edərək bu Oyunlarda da uğur qazanacaqlarına əminliyini ifadə edib.

 

Budəfəki Oyunların Türkiyədə keçirilməsinin Azərbaycan üçün əlavə imkanlar yaratdığını vurğulayan dövlət başçısı vurğulayıb ki, bu, həm idman bayramı, həm də İslam həmrəyliyi bayramı kimi yadda qalacaq: “Beş il bundan əvvəl Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında bizim komandamız çox gözəl nəticə göstərmişdir, komanda hesabında birinci olmuşdur. Eyni zamanda, Bakıdakı Oyunlar İslam həmrəyliyinin güclənməsinə təkan vermişdir. Çünki müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Əminəm ki, burada da siz yeni dostlar tapacaqsınız. Çünki bu Oyunlar həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən amildir.”

 

Azərbaycanı İslamiadada 281 idmançı təmsil edir. Onlar ağır atletika, atıcılıq, atletika, basketbol 3×3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, para-oxatma, para-atletika, para-üzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülük yarışlarında güclərini sınayırlar. V İslam Həmrəyliyi Oyunlarının doqquzuncu gününün yekunlarına görə Türkiyə medal sıralamasında liderliyini davam etdirir. Oyunlarda Türkiyə idmançıları 60 qızıl, 59 gümüş və 50 bürünc medal qazanıblar. İlk üçlükdə İran (27-23-23) və Özbəkistan (20-17-26) qərarlaşıb. Azərbaycan 13 qızıl, 14 gümüş və 15 bürünc medalla dördüncü pilləyə yüksəlib.

 

Son illər Azərbaycanda idmanın bütün növləri üzrə yüksək inkişafın yaşandığını nəzərə alsaq, əminliklə demək olar ki, idmançılarımız Konyadan Azərbaycana böyük nailiyyətlərlə qayıdacaqlar. Buna bütün Azərbaycan xalqı inanır.

 

 

Daha çox xəbərlər