Basqal qəsəbəsi tarix-mədəniyyət qoruğudur
Əsrarəngiz təbiəti, qədim tarix və mədəniyyəti, yüksək qonaqpərvərliyi ilə seçilən Basqal qəsəbəsi xalq sənətkarlığını qoruyub saxlayan və bu günə qədər yaşadan sənətkarlıq mərkəzlərindən biridir. 2500-3000 illik tarixi olan bu qəsəbə, bu gün də hər kəsin diqqət mərkəzindədir. Basqalı məşhurlaşdıran onun əsrlər boyu Şirvanın, bütövlükdə Azərbaycanın çox mühüm ipək məmulatı istehsalı mərkəzlərindən biri olmasıdır. Hələ 1293-cü ildə Azərbaycanda olmuş venesiyalı səyyah Marko Polo yazırdı ki, burada çoxlu ipək var, ipək və zərxara parçalar toxunur. Belə gözəl parçaları dünyanın heç bir yerində görmək mümkün deyil. Bu təsvir Şirvana aiddir. Şirvanda isə ipək və zərxara istehsalı mərkəzi məhz Basqal olub. Basqal ustalarının istehsal etdikləri ipək məhsulları Azərbaycan sərhədlərini aşaraq, Hindistan, Orta Asiya, Rusiya, İngiltərə, Fransa və digər ölkələrə qədər gedib çıxmışdır. Basqal sənətkarları tərəfindən toxunan kəlağayılar yaşa və zövqə uyğun olaraq müxtəlif rənglərə boyanırdı. ”Heyratı”, ”Hələbi”, ”Gülvəngi”, ”Saçaqlı”, “Sumağı”, ”Ağzəmin”, Bağdadı” və sair adlı əlvan kəlağayılar əsas yer tuturdu. Hal-hazırda bu sıraya ”Basqalı” və “Yeddi rəng” adlı kəlağayılar da əlavə edilib.
Azərbaycan mədəniyyəti növlərindən olan ”Azərbaycan kəlağayısı sənəti” Basqal kəlağayısının timsalında 2014-cü ildə UNESCO-nun qeyri maddi-mədəni irsinin Reprezentativ siyahısına daxil edilmişdir.
Son illərdə Basqalda dövlət vəsaiti hesabına bir sıra işlər görülmüşdür. 2015-ci ildə qəsəbə təbii qazla təmin olunmuş, enerji təchizatı yenidən qurulmuş, Basqalçayın üzərində yeni körpü tikilib istifadəyə verilmişdir. Qədim küçələr çay daşı ilə döşənmiş, bulaqlar bərpa olunmuş, su kəmərlərində təmir-bərpa işləri aparılmışdır.
Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl ölkə başçısı İlham Əliyev tərəfindən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncama uyğun olaraq, Dövlət Turizm Agentliyi tərəfindən qəsəbədə xeyli işlər görülüb. Görülən işlərə əsasən, Basqal kəndi həm öz tarixi simasını qorumuş, həm də burada yaşayan insanlar üçün daha geniş imkanlar yaradılmışdır. Tezliklə Basqal qəsəbəsi bu bölgənin çox qədim yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq.
Basqal Azərbaycanın qədim tarixi məkanlarındandır.Bu yurdun inkişafı daima dövlətin diqqətindədir. Basqalı qorumaq və inkişaf etdirmək hər birimizin müqəddəs borcu olmalıdır.
Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

