Vətənpərvərlik, peşəkarlıq, əzm, iradə və fədakarlıq nümunəsi
Qarabağ problemi Azərbaycan üçün uzun illərin ağrılı və həssas mövzusudur. Sovet imperiyası dağıldıqdan sonra ermənilərin xalqımıza qarşı kin-küdurəti, xəbisliyi, vəhşiliyi artdı. “Zəngin” təxəyyüllərinin məhsulu olan “qədim tarixə” sahib olduqlarını bildirərək böyük ermənistan dövlətinin iddiasına qalxdılar. Bu ərazilərin tarixən onların olması xülyası ilə yaşayaraq Azərbaycana torpaq iddiaları irəli sürdülər. Bu yalanları reallaşdırmaq məqsədilə ətrafdan çoxlu havadarlar da toplamağı bacardılar. 90-cı illər ölkədə yaranmış qarışıqlıq, siyasi səbatsızlıq çoxlarımızın yaxşı yadındadır. Bunun nəticəsidir ki, I Qarabağ savaşında bəzi torpaqlarımızı itirməklə yanaşı, 12000-ə yaxın şəhid verdik. 4000-dən çox vətəndaşımız itkin düşmüş, taleyindən hələ də xəbər yoxdur.
Azərbaycan Qarabağ məsələsini hər zaman müharibəsiz, siyasi yolla həll etmək prinsipini gözləməyə çalışmışdır. Bu mövqeyini otuz ilə yaxın bütün beynəlxalq tədbirlərdə, müzakirələrdə açıq şəkildə nümayiş etdirmişdir. Lakin illərin nəticəsi göstərdi ki, bu məsələdə danışıqların heç bir əhəmiyyəti yoxdur. Problem öz həllini yalnız siyasi və hərbi gücün vəhdətilə tapa biləcəkdir. Bu reallıq otuz ildə siyasi masada həllini tapmayan Qarabağ probleminin 44 günlük hərbi güclə nəticə verməsilə özünü aşkar göstərdi.
Xalq otuz ildə bu problemin siyasi yolla həllini tapacağına ümid etdi. Bir çox çətinliklərə, məhrumiyyətlərə dözdü. Torpaq nisgililə yaşayaraq dədə-baba yurduna dönəcəyi günü səbirsizliklə gözlədi. Vətən həsrəti, nisgililə yüzlərlə soydaşımız dünyasını dəyişdi.
2020-ci il Azərbaycanın tarixində uğurlu, qürurverici il kimi yadda qaldı. Azərbaycan Ordusunun, hərbiçilərimizin peşəkarlığı, fədakarlığı hətta düşmən tərəfdən də etiraf olundu. Dünya mətbuatının həmin dövrdə aktual mövzularından biri də Qarabağ müharibəsi idi. Torpaqların azad olunmasında hazırlanmış hücum planı bu gün də dünyanın böyük hərb məktəblərində araşdırılır və yüksək qiymətləndirilir. Təəssüf ki, Vətən müharibəsi itkilərsiz ötüşmədi. Bu müharibədə 3000-ə yaxın şəhid verdik. Azad Qarabağımızın qürurunu, sevincini məhz şəhidlərimizə, qazilərimizə və veteranlarımıza borcluyuq.
Vətən müharibəsindəki qələbəmiz düzgün siyasətin, hərbi gücün və xalqın birliyinin nəticəsidir. Bu qələbə həm də peşəkar hərbi taktika ilə yanaşı vətənpərvərliyin, əzmin, iradənin, fədakarlığın nümunəsidir.

Bahar Məmmədova,
Xətai rayon İlqar Mirzəyev adına 98 №li tam orta məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini,
YAP Xətai rayon təşkilatını ərazi partiya təşkilat sədri

