Daş ürəklərdə yanıb daşları sındırdı muğam…
Avqustun 26-sı tarixi Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu Üzərində Yerləşən Ölkələrin Musiqisi Günü kimi qeyd olunur
Dünya musiqi xəzinəsinin incisi sayılan muğamın tarixi çox qədimdir. Şərq musiqisinin möhtəşəm sənət abidəsi olan bu janrın yaranmasını alimlər hələ keçən minilliyə, İslamaqədərki dövrə aid edirlər. Onun köklərini bəzən zərdüştiliklə də bağlayırlar. Muğam sözünün mənası da “Allah tərəfindən göndərilən musiqi” kimi izah olunur. Muğam onu dinləyənlərin ruhunu təmizləyir, saflaşdırır, bir sözlə, insanı mənəvi kamilliyə aparır. Təsadüfi deyil ki, vaxtilə musiqinin şəfaverici gücündən müalicə vasitəsi kimi istifadə ediblər.
Muğam sənəti azərbaycanlılar tərəfindən milli özünüdərk və özünü eyniləşdirmənin əsasını təşkil edən başlıca mədəni dəyərlərdən biri kimi qavranılır. Bu sənət Azərbaycan ərazisində yaşayan talışlar, dağlı yəhudilər, ləzgilər, gürcülər, avarlar kimi etnik qruplar arasında da populyardır. Ümumiyyətlə, muğamdakı heyrətamiz səsin bəşəri deyil, ilahi musiqi olduğunu fərq etməmək mümkün deyil. Azərbaycanda 7 əsas, 3 köməkçi muğam var. Əsas muğamlar “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun”, köməkçi muğamlar isə “Şahnaz”, “Sarənc” və “2-ci növ Çahargah”dır. Azərbaycanda həm solo ifada, həm də instrumental muğamlar geniş yayılmışdır. İnstrumental muğam ifaçıları dəstəsi müxtəlif ola bilər. İnstrumental muğamın zirvəsi solo ifadır. Muğam oxuyanları Azərbaycanda ənənəvi olaraq xanəndə adlandırırlar. Milli alətlərdə xanəndənin ifasını müşayiət edən dəstənin tərkibi müxtəlif saylı olur: üçlükdən – tar, kamança, dəfdən tutmuş bütöv bir orkestrə qədər. Muğam Azərbaycan bəstəkarlarının həmişə ilham mənbəyi olmuş və hər zaman da belə olaraq qalacaqdır. Klassik muğamlar əsasında yaradılan simfonik muğamlar Şərqdə də, Qərbdə də böyük uğur qazanmışdır.
Nadir sənətə böyük qayğı
2003-cü il noyabrın 7-də Azərbaycan muğamı UNESCO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri elan edilmiş və onun vətəninin məhz Azərbaycan olduğu qeyd edilmişdir. Bu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və UNESCO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın xoşməramlı səfiri adına layiq görülüb. Heydər Əliyev Fondu 2005-ci ildən davamlı olaraq “Azərbaycan muğamları” layihəsini həyata keçirir. 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan ilk və uğurlu layihədir. Fond tərəfindən 2008-ci ildə hazırlanmış “Muğam ensiklopediyası” qədim musiqi irsimizin qorunması və inkişafı yolunda sanballı nəşr kimi dəyərləndirilir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın ənənəvi klassik musiqisini dünya miqyasında tanıtmaq məqsədilə 2008-ci ildə Bakıda Beynəlxalq Muğam Mərkəzi tikilərək istifadəyə verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həmin ildə Ağcabədidə, 2010-cu ildə Füzulidə, bu il isə Ağdamda inşa olunan Muğam mərkəzləri ölkəmizdə muğamın inkişafına mühüm töhfədir.
Qarabağ Azərbaycanın muğam beşiyidir
Azərbaycanda bir neçə muğam ifaçılıq məktəbi var. Xüsusi maraq doğuran Qarabağ muğam məktəbi əsasən Şuşada formalaşmışdır. Şuşanı haqlı olaraq həmişə Şərqin musiqi konservatoriyası adlandırıblar. Məşhur müğənniləri dinləmək və ya ifaçılıq dərsi almaq üçün hər yerdən bura musiqi həvəskarları axışıb gəlirdilər. Şuşa məhz muğam məclisləri ilə o qədər şöhrətlənmişdir ki, nəticədə musiqi mədəniyyəti baxımından Qafqazda nadir məkana çevrilmişdir. “Şuşada uşaqlar “Segah” üstə ağlayır, “Şahnaz” üstə gülürlər” və xalqın dilinə daxil olan digər bu kimi başqa məsəllər muğamın Azərbaycan xalqının həyatındakı əhəmiyyətli rolundan xəbər verir. Başqa cür ola da bilməzdi. Çünki burada dünyaya göz açanlar uşaq yaşlarından, inkişaf səviyyəsi və sosial vəziyyətlərindən asılı olmayaraq, istər-istəməz əbədi musiqi bayramının iştirakçısına çevrilirdilər. XIX əsrin II yarısı XX əsrin əvvəllərində Qarabağ muğam məktəbi yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə bir çox görkəmli xanəndə və ifaçılar: Hacı Hüsü, Mir Möhsün Nəvvab, Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan), Məşədi Məmməd Fərzəliyev, Əbdülbaqi Zülalov (Bülbülcan), Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı oğlu, İslam Abdullayev, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Məcid Behbudov, Bülbül, Zülfü Adıgözəlov, Xan Şuşinski və başqaları Qarabağ muğam məktəbini təmsil edirdilər.
Müxtəlif dövrlərdə Qarabağda keçirilən musiqi festivalları və müsabiqələri yeni istedadların üzə çıxması və inkişafına təkan vermiş və muğam sənətinin dünyada tanıdılmasına şərait yaratmışdır. Buna misal olaraq 1987-ci ildə Şuşada keçirilən “Xarıbülbül” ümumittifaq musiqi festivalını göstərmək olar. Uzun fasilədən sonra ilk dəfə 2021-ci ilin mayında Qarabağın tacı olan Şuşada – Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı yenidən baş tutdu. Bu il də ənənəyə sadiq qalaraq Festival öz möhtəşəmliyi ilə diqqətləri öz üzərinə çəkməyi bacardı. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə 12-14 mayda baş tutan bu dəfəki festivalda da bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər iştirak etdi. Müxtəlif xalqların incəsənət nümayəndələrinin “Xarıbülbül” festivalında iştirakı hər bir azərbaycanlıda böyük iftixar hissi yaradırdı. Bu festivalın əks-sədası daim yaddaşlarda qalacaq. Çünki bu, tarixdir. Əbədi və silinməz, şərəfli tarix. Bu tarixi yazan və onun sevincini bizlərə yaşadan isə müzəffər ordumuz və Ali Baş Komandanımız, möhtərəm Prezident İlham Əliyevdir. Cənab Prezident Qarabağdakı tarixi Qələbədən sonra Azərbaycana daha bir töhfə – mədəniyyətimiz üçün Zəfər hesab olunan “Xarıbülbül” festivalını bəxş etdi.