Gündəm 

Tarixə qızıl hərflərlə yazılan şanlı Zəfər

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Prezident İlham Əliyev həmin səfər zamanı etdiyi çıxışında bildirdi ki, bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Qeyd edək ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, Şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.  Ordumuzun iki il əvvəl, sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayo­nun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik yağılardan təmizləndi.

Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini aydın şəkildə gördü. Vətənpərvər xalqımızın öz Prezidenti ətrafında  necə sıx birləşdiyi bir daha təsdiqləndi. 44 günlük müharibədən 2 il keçir. İllər keçsə də şanlı tariximizə qızıl hərflərlə yazılan bu zəfəri heç zaman unutmayacağıq. Bu müharibə gənc nəsillərimizə bariz nümunə oldu. Vətəni uğrunda canlarını fəda edən hərbiçilərimiz bütün Azərbaycan xalqına bir daha dərin vətənpərvərlik hisslərini aşıladı.

Biz Prezidentimizlə, xalqımızla , gənclərimizlə qürur duyuruq!

Yaşasın Ali Baş Komandan!

Yaşasın Azərbaycan əsgəri!

Qarabağ AZƏRBAYCANDIR!

Ülkər Məmmədzadə,
6 saylı Bakı ‘’ASAN xidmət’’ mərkəzi, Baş mütəxəssis

Daha çox xəbərlər