Dövlətimiz hərbi və diplomatik sahədə böyük Zəfərə nail oldu
Artıq işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış başlayıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayiş etdirdi. Rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaratdı.
Torpaqlar işğal altında olan zaman oradakı evləri, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, doğum evlərini, müxtəlif ictimai binaları, kinoteatrları, mədəniyyət evlərini, inzibati binaları erməni vandalları söküb, talamışdır. Dağıdılmış binaların daşının bir hissəsindən ermənilər havadarları ilə birlikdə mühəndis istehkamları düzəltmişlər. Bəs qalan materiallar hara aparılıb? İşğaldan sonra bir daha təsdiqləndi ki, bu cinayəti Ermənistan hakimiyyəti və Qarabağdakı erməni separatçıları tək törətməyiblər. Onlar bunu İrana məxsus şirkətlərlə birlikdə etmişlər.
Görünən budur ki, həm qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi, həm işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində sistemli fəaliyyət müvəffəqiyyətlə davam etdirilir. Bu gün azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır.
Bülbülün ev-muzeyinin, Molla Pənah Vaqifin məqbərəsinin, o cümlədən büstünün, Üzeyir bəy Hacıbəylinin heykəlinin, Xarıbülbül və Qarabağ hotellərinin açılışı göstərdi ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası həm də kompleks xarakter daşıyır. Artıq Füzuli-Şuşa yolu , Füzuli hava limanı istifadəyə verilib, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyulub. Həmçinin Laçın rayonunda Güləbird Su Elektrik Stansiyası işə salınıb, Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı başa çatıb. İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa – Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir.
İndi dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib. Bunun üçün Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq.
Bu gün işğaldan azad edilmiş ərazilərdə nəyinki yerli şirkətlər, həm də Türkiyə, İtaliya, Rusiya, Pakistan və digər xarici ölkələrin tanınmış şirkətləri fəaliyyət göstərir. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.
Bundan savayı öz torpaqlarına qayıdan sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün proqramlar hazırlanmaqdadır. Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan başa düşülür ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların el-obasına qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaq. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək edir.
Aybəniz Şahmuradova,
Bakı şəhəri, 249 saylı tam orta məktəbin tarix fənni üzrə metodbirləşmə sədri

