Əsas səhifə 

«Əgər dostumuz İlham Əliyev olmasaydı…»

Bolqarıstanda Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı mərasimində Avropanın enerji xəritəsini dəyişən Azərbaycanın enerji diplomatiyasını yüksək qiymətləndirən Serbiya Prezidenti Aleksandar Vuçiçin azərbaycanlı həmkarı haqqında dediyi bu sözlər ölkəmizin sadiq qaldığı şaxələndirmə siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsidir

Cari ilin iyul ayının 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen Bakıya səfəri zamanı Prezident İlham Əliyevlə birlikdə mətbuata bəyanatla çıxışında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanan «Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu»nu yüksək dəyərləndirərək ölkəmizin qitə dövlətlərinin enerji təchizatındakı rolunu əməkdaşlığa töhfə adlandırdı. O, Azərbaycanın Avropa üçün ən etibarlı enerji bazarı olduğunu bu sözləri ilə bildirdi: «Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz. İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir.» Həmin mərasimdə qeyd olundu ki, Avropa dövlətlərinə nəql olunan qazın həcmini ikiqat artıran, bərpa olunan enerji sahəsində zəngin potensiala malik Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır: «Avropa İttifaqı Azərbaycanın ən iri ticarət tərəfdaşı və əsas ixrac bazarıdır. Həmçinin sərmayə qoyuluşu baxımından da Azərbaycan üçün ən vacib mənbələrdən biridir.»

Oxşar mövqeyini Bakı Enerji Həftəsi çərçivəsindəki çıxışında qeyd edən, Cənub Qaz Dəhlizinin Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb etdiyi ilə bağlı fikirlərini diqqətə çatdıran Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero Azərbaycanı qitə dövlətləri üçün bütün sahələrdə etibarlı tərəfdaş adlandırdı. Trans-Xəzər əlaqələrinə dair ideya və müzakirələrin böyük maraqla izlənildiyi və əməkdaşlığın genişlənməsinə önəmli töhfələr veriləcəyi bir daha etiraf edilərək vurğulandı ki, Avropa İttifaqı Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin yaradılmasında maraqlıdır.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının hər iki tərəf üçün faydalı olacağını bildirən Prezident İlham Əliyev münasibətlərin gələcəkdə daha sağlam zəmin üzərində möhkəmlənəcəyinə əmin olduğu bildirdi.

Azərbaycanın tarixi ərazisi olan Qarabağ və Şərqi Zəngəzur kimi, Ermənistanın işğalından azad olunmuş digər ərazilərində Günəş və külək enerjisinin potensialının 9200, Xəzər dənizində 157 qeqavata həcmində olması ölkəmizin bərpa olunan enerji üzrə ixracını da artıracaq. Dünyanın aparıcı enerji şirkətləri olan «ACWA Power» və «Masdar» şirkətləri ilə imzalanmış müqavilələr əsasında Günəş və Külək elektrik stansiyalarının inşası ilə respublikamızın enerji ixracı daha da artacaq. Xüsusilə Kəlbəcər və Laçın rayonlarında küləyin və Günəşin potensialından istifadə ilə bağlı perspektivlər də ümidvericidir.

Enerji təminatı ilə bağlı imzalanan Memorandumun gələcək üçün yol xəritəsi kimi dəyərləndirilməsi, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji dialoqunun yaranması neft və qaz sahələri ilə yanaşı, elektrik enerjisi, bərpa olunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələlərinin gündəmdə olması Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı keçirdiyi görüşlərdə də diqqətə çatdırıldı. Dünyada enerji təchizatı ilə bağlı yaranan mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusunun enerji siyasəti ilə bağlı olması İtaliya görüşlərinin əsas mahiyyəti kimi yadda qaldı. «Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq» sözləri ilə ölkəmizin neft strategiyasının davamı olaraq neft-qaz kəmərlərinin şaxələndirilməsi istiqamətində layihələrin davam etdiriləcəyini bildirən Prezident İlham Əliyev görülən işləri Azərbaycanın enerji diplomatiyasının uğuru adlandırdı.

Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Bolqarıstanda keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bildirildi ki, Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihəsidir. Ölkəmizin təşəbbüsü və müəllifliyi ilə Avropa bazarlarına çıxarılan Azərbaycan qazı Bolqarıstana daxil olur. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin respublikamıza səfəri zamanı Avropa Komissiyası ilə imzalanan Anlaşma Memorandumunda qeyd olunduğu kimi, 2027-ci ilə qədər Azərbaycan qazının qitə ölkələrinə ixracının ən azı iki dəfə artırılacağı planlaşdırılır. TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarla məsləhətləşmələr aparılır. Mərasimdə qeyd olunduğu kimi, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsi təkcə layihədə iştirak edən tərəflər üçün deyil, bütövlükdə Avropa üçün xüsusi hadisədir.
Qarşıdakı illərdə təbii qaz təchizatının şaxələndirilməsi üçün bütün imkanlardan istifadə ediləcək. Qonşu ölkələrin dövlət başçılarının da iştirak etdiyi mərasimdə Azərbaycanın etibarlı enerji təchizatçısı olması ilə bağlı fikrini bildirən Serbiya Prezidenti Aleksandar Vuçiçin: «Bolqarıstanlı və yunanıstanlı dostlarımızı bu interkonnektorun uğurla tamamlanması münasibətilə təbrik edirəm. Layihə Serbiya üçün də vacib əhəmiyyət kəsb edir. Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı» sözlərində enerji diplomatiyamızı dəstəkləyənlərin ümumi fikri əksini tapır.

Mərasimə yekun vuran Bolqarıstan Prezidenti Rumen Radev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun artıq Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdiyini vurğuladı: «Dünən mən çox mühüm bir təklif aldım, faktiki olaraq 4 ölkənin – Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəqli şirkətləri və təchizatçıları tərəfindən, belə demək mümkündürsə, mənə səlahiyyət verilib. Onlar məndən Avropa Komissiyasının Prezidentinə birgə imzalanmış məktubu təqdim etməyi xahiş edirlər və iyulda Avropa Komissiyasının Prezidenti ilə Prezident Əliyev arasında imzalanmış Memorandumla paralel olaraq, Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər.»

Belə ki, tarixi Anlaşma Memorandumunun imzalanması ilə əvvəlki illərdə planlaşdırılan layihələrin reallaşması ümidvericidir. Coğrafi mövqeyi və müasir daşımalar infrastrukturu ilə bağlı əlverişli potensiala malik Azərbaycanın ölkələr arasındakı şəbəkənin qurulması təklifinin tərəfdaşları artmaqdadır. Xəzərdə ən iri ticarət donanması olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı və dəmir yolları vasitəsilə qonşu dövlətlərlə əlaqə yaradan Azərbaycanın həqiqi mənada bölgənin siyasi, iqtisadi, humanitar platforması olması təsdiqlənir. Bu münasibətlər şəbəkəsinə enerji qədər diqqət göstərilməsi üçün birgə səylərə hər zaman ehtiyac duyulur. Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada yeni saziş üzərində işlər bu məqamlar nəzərə alınaraq davam etdirilir. Həmişə olduğu kimi, bu gün də Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji təchizatçısıdır.

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə də dövlət başçımız energetika sektoru ilə bağlı perspektivlərdən də bəhs etdi. «Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi» söyləyən Prezident İlham Əliyev qarşıdakı illər üçün nəzərdə tutulan ölkəmizin enerji diplomatiyasını, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Anlaşma Memorandumunu digər ölkələrin enerji təhlükəsizliyinə töhfə adlandırdı. Dövlət başçımızın «Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq» sözləri vədə sadiqlik nümunəsidir.

Daha çox xəbərlər