BÖYÜK ZƏFƏRİN UĞURU CƏBRAYILDAN BAŞLAYIR
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin iki ili arxada qaldı. Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. 30 il işğal altında olan torpaqlarımızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün bərpası arzusu ilə yaşayıb, bir gün də belə inamımızı itirmədik. Bu gün torpaqlarımızın işğaldan azad edildiyi tarixlər hər birimiz üçün böyük qürurdur. Bu qürur tarixlərinin sıralanması fonunda 8 noyabr 2020-ci ildə alınmaz qalanın – Şuşanın işğaldan azad edilməsi, bundan sonra Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması dövlətimizin qətiyyətinin, Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun, ən əsası torpaq, Vətən sevgisinin təqdimatı oldu.
Haqq savaşımız Vətən oğullarının qəhrəmanlığı, şücaəti sayəsində cəmi 44 gündə qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. İlk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən müharibəsində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.
“Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, Ordumuza əlavə güc verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir: “Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik. Mən demişəm, bir daha demək istəyirəm ki, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu.”
Bu məqamı da qürurla qeyd edirik ki, Böyük Zəfərin ilk ciddi uğuru Cəbrayıldan başlandı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz oldu məhz Cəbrayıl rayonu, Cəbrayıl şəhəri. Məlumdur ki, 5 yanvar 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Strateji yüksəkliklər işğalçılardan azad edildikdən sonra artıq Cocuq Mərcanlıya həyatın qayıtması mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi.
Həm Böyük Qayıdışın Cəbrayıldan başlanması, həm də İkinci Qarabağ müharibəsində ilk qələbəyə bu torpaqda nail olunması, Cəbrayılın ilk azad olunan şəhər kimi tariximizə yazılması hər birimizdə qürur doğuran hadisələrdəndir. Bütün xalq tarixi Zəfərimizi əldə etmək üçün birləşdi, Ordumuza dəstək oldu və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir sözlə, Vətən oğulları qəhrəmanlıq, fədakarlıq göstərərək, şəhidlik zirvəsinə yüksələrək tarixi ədaləti bərpa etdilər. Düşməni öz torpağımızdan qovduq%2

