Gündəm 

Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün də uğurla davam edir

Türkiyə-Azərbaycan birliyi bölgədə hər zaman çox önəmli bir amil olaraq tanınıb. 2020- ci ildə başlayan Azərbaycanın haqq savaşında ilk gündən etibarən  Türkiyə Azərbaycanın yanında oldu. Bu, müharibə bitənə qədər və ondan sonra da davam etdi. Türkiyənin həmin vaxt sərgilədiyi qəti mövqe imkan vermədi ki, 44 günlük müharibə vaxtı hansısa dövlət prosesə müdaxilə etsin. Şuşa Bəyannaməsindən sonra isə iki ölkə arasında müttəfiqlik münasibətləri rəsmiləşdirildi.  Şuşa Bəyannaməsi iki ölkə arasında tarixi bir sənəddir.  Bundan əlavə Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir.  Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu sənəd çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm tarixi sənəddir. Yəni, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə zirvə mərhələsinə qədəm qoydu.

Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq layihələr təkcə bu iki qardaş ölkənin deyil, bütövlükdə regionun inkişafı, bölgə xalqlarının rifahı və təhlükəsiziliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin genişləndirilməsi müttəfiqlik münasibətlərinin iqtisadi əsaslarını möhkəmləndirməklə yanaşı, hər zaman olduğu kimi yenə də bölgə xalqlarının rifahına və təhlükəsizliyinə xidmət edəcək. Bu gün türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”. Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarında belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərib və bundan sonra da göstərməyə davam edəcək.

Ayşən Qasımova,
YAP-ın gənc fəalı

Daha çox xəbərlər