Türkiyə-Azərbaycan birliyi bu günün hadisəsi deyil
Dövlət başçısı İlham Əliyev Türkiyənin milli bayramı-Respublika Günü münasibətilə qardaş ölkənin Prezidentinə təbrikində bir daha bu məqama diqqət yönəltdi ki, Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində özünü göstərməsi bizi çox sevindirir
Tarixi Zəfərimizin ikinci ilinin tamamlanmasına sayılı günlər qalır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşanın işğaldan azad edildiyi tarix-8 Noyabr ölkəmizdə Zəfər Günü kimi qeyd edilir. Təbii ki, hər bir tarixi gün keçilən yolun təhlilini, bu hadisəni zəruri edən səbəbləri bir daha nəzərdən keçirib perspektivləri müəyyənləşdirməyə stimul verir.
Tarixi Zəfərimizin həqiqət anına bir daha nəzər salıb arxada qalan iki ilin yeniliklərinin, mühüm hadisələrinin qısa təhlilini verək. Dövlət başçısı İlham Əliyev istər 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, istərsə də tarixi Zəfərimizdən sonra yerli və xarici mətbuata müsahibələrində Vətən müharibəsinin həqiqət anı olduğunu önə çəkərək kimin haqqın, ədalətin, kimin şərin və təcavüzkarın yanında olduğunu əsaslı şəkildə diqqətə çatdırdı. Ölkə Prezidenti Azərbaycana dost ölkələr olan Türkiyə və Pakistanın İkinci Qarabağ müharibəsi başlandığı gündən yanımızda olduqlarını bildirərək, bunu dostluğun, qardaşlığın təcəssümü kimi dəyərləndirdi. Ötən ilin avqustunda postmünaqişə dövrünün reallıqları əsasında “CNN Türk” televiziya kanalına müsahibəsində jurnalistin “Diqqətimi çəkən çox gözəl bir məqam var. Hara getsək Azərbaycan bayrağının yanında Türkiyə bayrağını görürük və çox gözəl qarşılanırıq. Cənab Prezident, Siz bu mövzu haqqında nə düşünürsünüz? Burada necə bir yanaşma var? Mən burada gördüklərimdən çox məmnunam. Bu, nəyə əsaslanır? Kökümüzəmi? Kökümüz bir olduğu üçün belə davam edirik” sualını cavablandıran cənab İlham Əliyev bildirmişdi ki, bu, bir günün hadisəsi deyil. Bütün bu illər ərzində Türkiyə-Azərbaycan birliyini möhkəmləndirmək üçün çox böyük səylər göstərdik. Dünyada oxşar tarixə, mədəniyyətə, etnik köklərə malik olan ölkələr çoxdur. Bizim ətrafımızda elə ölkələr var ki, onların dili də bir-birinə bənzəyir, etnik kökləri də bir-birinə yaxındır. Amma baxın, görün, bu ölkələr arasında əlaqələr necədir? Bəziləri bir-birinə düşməndir: “Yəni, ortaq tarix və ortaq etnik köklər hələ o demək deyil ki, ölkələr də qardaş ölkələr olsunlar, xalqlar da qardaş xalqlar olsunlar. Yəni, bu, böyük bir siyasətin təzahürüdür. Son 19 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb. Ondan daha əvvəl atamın dönəmində onun məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bunu indi bilməyən yoxdur. Amma bəziləri bəlkə də bilmir ki, bunun müəllifi Heydər Əliyev olmuşdur. Bu sözləri o demişdi. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu vəsiyyətə, bu sözlərə sadiq olaraq biz hər istiqamət üzrə əlaqələrimizi gücləndirdik, yüksək səviyyəyə qaldırdıq.”
Dövlət başçısı bildirir ki, Türkiyəyə nə qədər böyük sevgi və məhəbbət var. Bu, hər zaman belə idi. Amma bu, İkinci Qarabağ müharibəsində daha da artdı. Çünki Azərbaycan xalqı çox gözəl gördü ki, onun əsl dostu, qardaşı kimdir: “Bizim yanımızda olan ölkə Türkiyə və Pakistan idi. Biz bəzi ölkələrdən heç dəstək ifadələri də duymadıq. Halbuki biz haqlı idik. Yenə də deyirəm, biz öz ərazi bütövlüyümüzü bərpa edirdik. Ona görə Türkiyə və Azərbaycan bayraqlarının birgə dalğalanması təbiidir. Birliyimiz də əbədidir… Türkiyə-Azərbaycan birliyi artıq bölgəsəl amildir. Bəlkə də nə vaxtsa qlobal amilə çevriləcək, ola bilər.”
Postmünaqişə dövrünün reallıqları sırasında Şuşa Bəyannaməsinin ardınca Bakı Bəyannaməsinin imzalanması üç qardaş ölkənin münasibətlərinin inkişaf səviyyəsinə aydınlıq gətirdi. Bu birlik, həmrəylik dünyanın qəbul etməli olduğu gerçəklikdir. Azərbaycan və Türkiyənin dostluğuna, qardaşlığına, müttəfiqlik sənədinin imzalanmasına şahidlik edən Qarabağın tacı Şuşadan dünyaya bir sıra mesajlar ünvanlandı. Tarixi Zəfərimizdən sonra Azərbaycan Prezidentinin ilk olaraq qardaş ölkənin Prezidentini Qarabağımızda qarşılaması və burada Şuşa Bəyannaməsinin imzalanması təsadüfi deyil, bunun rəmzi mənası vardı. Azərbaycanın kədərini öz kədəri, sevincini öz sevinci kimi qəbul edən qardaş Türkiyə Zəfərimizin sevincini də Azərbaycan qədər yaşadı. Türkiyə Prezidentinin Zəfər paradında Azərbaycanın yanında olması, həmin səfər zamanı bir sıra sənədlərin imzalanması fonunda bunların simvolik məna kəsb etdiyini önə çəkərək hələ o qədər imzaların atılacağını bəyan etməsi, həmçinin Şuşada olmaq istəyini bildirməsi bu Zəfərin qardaş ölkədə necə sevinclə, qürurla qarşılandığını nümayiş etdirdi. Qardaş ölkə Prezidentinin Şuşaya ilk səfərinin reallaşdığı tarixə də diqqət yetirmək kifayətdir. Milli Qurtuluş Günü dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanı inkişafa, tərəqqiyə çıxardığı dövrün başlanğıcıdır. Ümummilli Liderin yeganə arzusu, istəyi ərazi bütövlüyümüzün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Ölkə Prezidenti İlham Əliyev bu vəsiyyəti yerinə yetirdi. Cənab İlham Əliyev sözügedən müsahibədə jurnalistin “Şuşa ilə bağlı atanızın xüsusi vəsiyyəti var idi” sualına cavabında vurğulamışdır ki, atamın vəsiyyəti təkcə Şuşa ilə deyil, o vaxt işğal altında olan bütün torpaqlarla bağlı idi. Şuşa alınandan sonra atamın qəbrini ziyarət edərək dedim ki, onun vəsiyyətini yerinə yetirdim. Mən həyatımda bəlkə də ən xoşbəxt günlərimdən birini yaşadım. Şuşa, əlbəttə ki, hər bir azərbaycanlı üçün doğma, əziz şəhərdir, böyük rəmzi məna daşıyır: “Təsadüfi deyil ki, mən Şuşanı Azərbaycanın Mədəniyyət Paytaxtı elan etdim. Ancaq bütün digər şəhərlər də mənim üçün, bütün Azərbaycan xalqı üçün Şuşa qədər əzizdir və doğmadır. Hər qarış torpaq bizim torpaqdır və onları biz azad etməli idik. Bu, xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcu şərəflə yerinə yetirdik.”
Ötən ilin avqustunda Azərbaycanın təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin paytaxt Bakıda toplantılarının keçirilməsi və Bakı Bəyannaməsinin imzalanması da bir çox məqamlara aydınlıq gətirdi. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətlərini qəbul edən Prezident İlham Əliyev Bakıda gerçəkləşən birinci üçtərəfli görüşü regional təhlükəsizliyin təminatı baxımından mühüm tarixi hadisə adlandıraraq vurğulamışdır ki, Türkiyənin və Pakistanın Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstəyini xalqımız müzəffər Ordumuzun Qələbəsi, qardaşlığın Zəfəri kimi böyük coşqu ilə qeyd etdi.
Əvvəldə də qeyd etdiyimiz kimi, İkinci Qarabağ müharibəsindən sonra sevincini qeyd edən insanların hər üç dövlətin rəmzi olan bayraqları birlikdə dalğalandırmaları dost ölkələrə xalqımızın minnətdarlıq cavabı idi. Milli-mənəvi dəyərləri, tarixi eyni olan Türkiyə ilə Azərbaycanın əsrlərin sınağından çıxan birliyinin sübutuna ehtiyacı yoxdur. Prezident İlham Əliyevə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın cavabı da qardaş səmimiyyətindən qaynaqlandı: «Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür.» Şuşa Bəyannaməsi ilə bu qardaşlığın daha böyük perspektivləri açıqlandı.
Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında münasibətlər quran, bütün xalqlarla bərabərlik, qarşılıqlı anlaşma şəraitində yaşamaq prinsiplərinə sadiq olan Azərbaycan İkinci Qarabağ müharibəsində dünyada hansı proseslərin getdiyinin bir daha şahidi oldu. 30 ilə yaxın müddətdə Ermənistana dəstək olan dövlətlər Vətən müharibəsinin getdiyi dövrlərdə də bu yanaşmalarını qabarıq şəkildə büruzə verdilər. Azərbaycana göstərilən təzyiqlərə baxmayaraq dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev öz prinsipial mövqeyindən bir addım belə geri çəkilmədi, müharibəni hansı şərt daxilində dayandıra biləcəyini diqqətə çatdırdı. Azərbaycan Ordusunun gücü, qüdrəti qarşısında Ermənistan diz çökdü. Artıq havadarları Ermənistana dəstək vermək imkanında deyildi. Çünki “Dəmir yumruq” əməliyyatı 30 ilin ədalətsizliyinə son qoydu.
Azərbaycan-Türkiyə, Azərbaycan-Pakistan əməkdaşlığı dərin köklərə malikdir. Bu birliyin üçlükdə ifadə edilməsi əlaqələrin yeni prioritetlər üzrə inkişafının göstəricisidir. Qardaş Türkiyədən sonra Pakistanın Azərbaycanın müstəqilliyini tanıması ilə iki dost ölkə arasında yaranan, möhkəmlənən siyasi, iqtisadi, hərbi əməkdaşlıq illərdən bəri strateji tərəfdaşlıq səviyyəsində davam edir. Azərbaycanla həmrəyliyini Ermənistanla sərhədlərini bağlamaqla bildirən Türkiyə kimi Pakistanın da bu günədək işğalçı dövlətlə heç bir əlaqəsi yoxdur.
Şuşa Bəyannaməsindən sonra Türkiyənin, Azərbaycanın, Pakistanın parlament sədrləri arasında imzalanan Bakı Bəyannaməsinin tarixi əhəmiyyətini qısa olaraq bu sözlərlə dəyərləndirmək olar ki, Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunu daha da möhkəmləndirdi. Bakı Bəyannaməsi isə Azərbaycanın, Türkiyənin, Pakistanın təhlükəsizliyinin qorunması baxımından çox əhəmiyyətlidir. Çünki Bakı Bəyannaməsində diqqət çəkən amillərdən ən başlıcası süni olaraq yaradılan islamofobiyaya, radikal dairələr tərəfindən dəstəklənən terror və kiberhücumlara, dezinformasiya kampaniyalarına, təxribatlara qarşı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Sənəddə üç ölkə arasında nəqliyyat, ticarət, energetika, xalqlararası təmas, təhsil, sosial və mədəniyyət mübadiləsi, turizm, informasiya və kommunikasiya texnologiyası sahəsində regional əməkdaşlıq üçün hər üç ölkənin birgə fəaliyyəti nəzərdə tutulur. Türkiyənin, Azərbaycanın və Pakistanın yaratdıqları «güclü ittifaq»da Azərbaycanın ayrılıqda Türkiyə və Pakistanla illərdən bəri davam edən strateji əməkdaşlığın yeni perspektivləri əksini tapır. Bakı Bəyannaməsində qlobal mübahisələrin həllində və beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsində parlamentlərin rolunu artırmaq, konstruktiv dialoq və əməkdaşlıq üçün uğurlu platforma yaratmaq, qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərdə qadın millət vəkillərinin rolu və məsuliyyətinin, təşəbbüskarlığının artırılması, milli ayrı-seçkilik və müsəlman azlıqların üzləşdiyi zülmə qarşı mübarizədə səylərin əlaqələndirilməsi, nəqliyyat, ticarət, enerji, insanlar arasında təmas, təhsil, sosial və mədəni mübadilə, turizm və informasiya-kommunikasiya texnologiyaları sahələrində regional əlaqələr sahəsində təkmil iş birliyinin yaradılması əsas fəaliyyət istiqamətlərindəndir. Sənəddə dövlətlərin müstəqilliyinə, ərazi bütövlüyünə və ölkələrin beynəlxalq səviyyədə təsdiqlənən sərhədlərinin toxunulmazlığına güclü dəstək ifadə olunur.
Cənubi Qafqazda və Azərbaycanda böyük nüfuz qazanan, regionda sabitliyin təminatı üçün irəli sürdüyu təşəbbüsləri ilə diqqət çəkən Türkiyənin Azərbaycan və Pakistanla birgə ittifaqı bu gün daha zəruridir. Vətən müharibəsində məğlub olan Ermənistanın Azərbaycanın sərhəd bölgələrində yenidən atəşkəsi pozduğu, təxribatlar törətdiyi indiki zamanda bu üçlüyün birgə fəaliyyəti daha önəmlidir. Ermənistan anlayır ki, Azərbaycan torpaqlarına hücum edəcəyi halda təkcə Azərbaycan Ordusunun deyil, Türkiyənin, Pakistanın hərbçiləri ilə də üzləşə bilər.
Hər üç dövlətin qlobal nəqliyyat layihələri ilə bağlı mövqeyi də eynilik təşkil edir. Azərbaycanın israrla bərpa etməyə çalışdığı Zəngəzur dəhlizi işə salındıqdan sonra qardaş Pakistandan Türkiyəyə qədər uzanan nəqliyyat yolu bütün region dövlətlərinə üçün səmərə verəcək. Pakistanın Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü, maraqlarını dəstəkləməsinin bir səbəbi dostluq və İslam həmrəyliyidirsə, iqtisadi, siyasi mahiyyəti Zəngəzur dəhlizindən Türkiyəyə çıxış əldə etmək istəyidir. Beynəlxalq hüquq normalarının rəhbər tutulduğu Şuşa və Bakı Bəyannamələrində üç ölkə arasında strateji ittifaqın yaradılması üçün qanunvericilik sahəsində geniş iş aparılması, ölkələrin beynəlxalq müqavilələr üzrə öhdəliklərinin, yeni tələblərə uyğun vəzifələrinin yerinə yetirilməsi gələcək fəaliyyət istiqamətləri kimi nəzərdə tutulur. Bakı Bəyannaməsində diqqət çəkən məqam mətndə «Azərbaycan ərazilərinin işğaldan azad edilməsi»nin deyil, «ərazi bütövlüyünün təmin olunması» ifadəsinin qeyd olunmasıdır. Bu, Azərbaycanın daxilində ermənilərə hər hansı statusun verilməsi yaxud, xarici ölkənin hərbi qüvvələrinin hansısa əraziyə nəzarətinin mümkünsüzlüyünün Azərbaycanla bərabər, Pakistan və Türkiyənin də bəyan etməsi anlamına gəlir. Hazırda «üçlüyün» hədəfi platformaya daxil olan ölkələrin maraqlarını beynəlxalq sferada təmin etməkdir. Pakistan üçün Azərbaycanla tərəfdaşlıq ilk növbədə Avropaya açılan strateji dəhlizə çıxış əldə etmək anlamına gəlir. Azərbyacanın Pakistanla tərəfdaşlığa birtərəfli şəkildə deyil, Türkiyə ilə birgə daxil olması prosesdə balans yaradır.
Tarixi Zəfərimizdən ötən iki ildə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında daha çox diqqəti çəkən məqamlara nəzər yetirək. Ötən il Şuşa Bəyannaməsinin imzalanmasından sonra, oktyabr ayında Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimində dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə iştirakı, onun ardınca Zəngilan rayonunda Ağalı kəndində «ağıllı kənd» layihəsi çərçivəsində görülən işlərlə yaxından tanış olaraq bu rayonda iki qardaş ölkənin birgə investisiya layihəsi olan «Dost Aqropark»ın təməlinin qoyulması, ümumilikdə işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərində Türkiyə şirkətlərinin fəal iştirakı dostluğumuzun, qardaşlığımızın aydın ifadəsidir. Bu ilin oktyabr ayının 20-də Türkiyə Prezdientinin Zəngilanın işğaldan azad edilməsinin ikinci ilində keçirilən tədbirlərdə iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olması, həmçinin Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etmələri iki qardaş, müttəfiq ölkənin ədaqələrinin liderlərin şəxsi, səmimi dost münasibətləri əsasında daha da möhkəmləndiyini təsdiqləyir. Həmçinin iki qardaş ölkənin liderləri Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoydular. Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirildi və əraziyə 15 baş ceyran buraxıldı.
Göründüyü kimi, ölkələrimiz arasında dostluq, qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Dövlət başçısı İlham Əliyev qardaş ölkənin milli bayramı-Respublika Günü münasibətilə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrikində bir daha bu fikirləri iftixar hissi ilə qeyd etmişdir ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir. Bu əminlik də ifadə edilmişdir ki, “Bir millət iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcək.

