İki yüz ildən artıqdır ki, erməni-daşnak quldur birləşmələri və onların havadarları Azərbaycan türklərinə qarşı qətliamlar həyata keçirib, torpaq iddiaları irəli sürüb,böyük soyqırımlar törədiblər.
1905-ci və 1918-ci illər ərzində azərbaycanlılara qarşı apardıqları soyqırımlar buna bariz misaldır.
Əsrlər boyu öz işğalçı siyasətlərindən əlçəkməyən düşmən 27 sentyabr 2020-ci il səhər saatlarında genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı.
Müzəffər Ali Baş komandanımız cənab İlham Əliyevin əmri və Rəşadətli Azərbaycan Ordusunun gücü ilə erməni silahlı qüvvələrinin hücumlarının qarşısını almaq məqsədilə bütün cəbhə boyu ərazilərdə hərbi əməliyyatlara başlanıldı.
44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu.
Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandanımız İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
44 gün davam edən Vətən müharibəsi nəticəsində Güclü Azərbaycan ordusu düşmənə layiqli cavab verdi.Bu gün Azərbaycan 30 il düşmən tapdağı altında olan əzəli Qarabağ torpaqlarına qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi.
Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, Rəşadətli əsgər və zabitlərimizdir.
Bu gün minlərlə şəhidin qanı ilə sulanmış Qarabağda yenidənqurma işləri aparılır.Əhalinin öz əzəli və əbədi torpaqlarına köçürülməsi prosesi mərhələli şəkildə həyata keçirilir.
Biz xoşbəxtik ki, Azərbaycan kimi qüdrətli dövlətimiz, vətənimizi təhlükədən qorumağa qadir güclü ordumuz var.
Yaşasın Müzəffər Ali Baş komandanımız cənab İlham Əliyev!!!
Yaşasın Rəşadətli Azərbaycan ordusu!!!
Qarabağ Azərbaycandır!!!
Ülkər Mehdizadə
YAP Bərdə rayon təşkilatı təbliqat qrupunun üzvü,
Bərdə rayon Tarix diyarşünaslıq muzeyinin şöbə müdiri

