Gündəm 

Şuşa əməliyyatı unikal hadisə idi

Bu, dünya hərb tarixində yeni dönəmin əsasını qoydu

Müzəffər Ali Baş Komandanımız İlham Əliyev  hələ İkinci Qarabağ müharibəsinin ilk günlərindən Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi: «Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.»

Ali Baş Komandan vədini  yerinə yetirərək xalqımızın qürur və ləyaqət  simvolu olan Şuşa şəhərini  2020-i ilin noyabrın 8-də 27 illik işğaldan sonra öz sahibinə  qovuşdurdu. Ancaq Şuşanın düşməndən geri alınması hərbi cəhətdən  asan əməliyyat deyildi . Ona görə ki, şəhərin yerləşdiyi coğrafi ərazi və relyef əməliyyatın asanlıqla həyata keçirilməsinə imkan vermirdi. Burada elə bir möhtəşəm hərbi əməliyyat həyata keçirildi ki, hətta  bir çox xarici ölkələrin jurnalistləri  və hərbçi mütəxəssisləri heyrətlərini gizlədə bilmədilər. Çünki sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər aparan Azərbaycan hərbçiləri Şuşada Ermənistan Ordusunun yüzlərlə əsgər və zabitini bir gün ərzində məhv etdilər.

Şuşa şəhərinin işğaldan azad olunması xəbərinin Ali Baş Komandan tərəfindən elan edilməsi xalqımızı və dostlarımızı çox sevindirdi. Çünki Azərbaycanın qədim şəhərinin azad olunması ordumuza 44 gün davam edən döyüşlərdə həlledici üstünlük verdi.  Nəticədə  Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu.

Qürurverici digər hadisələr isə həm müharibə dövründə, həm də müharibədən sonra  xarici KİV-lərin və hərbi ekspertlərin  Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusunun möhtəşəmliyindən heyrətlə yazmaları oldu.  Məsələn,  Şuşanın azad edilməsindən bir gün sonra Fransanın «Le Monde» nəşrinin Xankəndidəki  müxbiri yazırdı ki, Şuşadan gətirilən yaralı erməni hərbçiləri əsasən tapança və bıçaq yaraları almışdılar.

Həmin günlərdə Rusiya mediası isə yazırdı: «Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu? Demək çətindir! Dağ yuxarı,  şəhidi çiynində, döyüşə-döyüşə qan, tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralını, nə şəhidi əldən buraxırdılar. Nəfəs almadan Şuşaya çıxdılar…»

Şuşanın işğalından bir gün sonra ukraynalı hərbi ekspert Aleksey Arestoviç ordumuzun Şuşanı işğaldan azadetmə əməliyyatını belə şərh edəcəkdi: «Azərbaycan Şuşanı azad etdi. Piyada döyüşləri ilə, sursatları üstündə daşıya-daşıya, duman altında, pis hava şəraitində dağları yararaq qaytardı. PUA-sız, tanksız, artilleriyasız şəhəri aldılar.»

Şuşanın qısa müddətdə azad edilməsindən danışan Ermənistanın sabiq prezidenti , Xocalı qatili Robert Koçaryan da Azərbaycan Ordusunun bu hərbi əməliyyatından şok keçirdiyini etiraf etmişdi. O, erməni mətbuatına müsahibəsində bunun necə baş verdiyini hələ də anlamadığını bildirmişdi  «Hələ də  başa düsə bilmirik ki, Azərbaycan Ordusu Şuşanı topsuz – tüfəngsiz necə ələ keçirdi? Cəbrayıldan piyada daxil olub Hadrutdan çıxdılar, oradan Füzuliyə  keçdilər, Füzulidən bütün Əsgəranın alt bölgəsini və ətraf kəndləri ələ keçirdilər. Bir an belə dayanmadılar və heç yerdə müqavimət göstərə bilmədik. Şuşaya daxil olmaları isə möcüzə  kimidir. Nə biz, nə də hərbi ekspertlərimiz bunun necə baş verdiyini hələ də anlaya bilmirlər.»

Təbii ki, Şuşa uğrunda mübarizədə seçilən taktika dünya hərb tarixinə yazılan möhtəşəm hadisədir. Hətta NATO generalları da etiraf edirlər ki, Şuşa əməliyyatı hərb tarixində tamamilə yeni bir dönəmdir. Ermənilərin əsas hərbi qüvvəsi Şuşada idi və Azərbaycan Ordusu kiçik bir qüvvə ilə  minlərlə erməni hərbçisini tərksilah edib hərb tarixinə düşəsi tarix yazdı.

Fransadan könüllü olaraq Qarabağa döyüşməyə gəlmiş  muzdlu erməni də sonrakı aylarda yazdığı döyüş xatirələrində Azərbaycan Ordusunun möcüzəvi döyüşlərini belə xatırlayıb: «Ən böyük qorxumuz dron və PUA – lar idi.  PUA – nın səsini eşitdinsə artıq ölmüsən. Onlardan qaçış mümkünsüzdür. Vızıltı eşitdinsə demək artıq nişangahdasan və nə etsən də, hara qaçsan da ölümdən qurtuluşun yoxdur.»

Muzdlu erməni daha sonra Azərbaycan Ordusunun xüsusi təyinatlılarından yazarkən həyəcanını boğa bilməyib: «Onlar ən çox gecələr, dumanlı və çiskinli havalarda gəlirdilər: «Əsgərlər səngərlərin qarşısına kartof çipsisi tökürdülər ki, onlar gələndə xışıltıdan bilsinlər. Onların gəlişi sanki ölüm mələyinin gəlişi kimi idi. 3 – 4 nəfərlə gəlib, səngərdəki silahlanmış  20-30 erməni əsgərini öldürərək, gəldikləri kimi də yoxa çıxırdılar. Gecələr ova çıxmış ac canavara bənzədirdik biz onları.»

Təbii ki, hərbçilərimiz haqqında danışılan  bu kimi heyrətamiz hadisələr kifayət qədər çoxdur. Məhz bu möhtəşəmlik  ilk  növbədə, hərbçilərimizin peşəkarlığından, Şuşa əməliyyatına başçılıq edən hərbi rəhbərliyin yüksək döyüş taktikası  seçməsindən və hər şeyin başında isə vətənpərvərlik hissi dayandığından xəbər verir. İşğalçılardan fərqli olaraq Şuşaya hücum edərək onu düşmən əsarətindən qurtaran qəhrəman  hərbçilərimiz bilirdilər ki, onlar məhz doğma torpaqlarının azadlığı uğrunda vuruşurlar.

Daha çox xəbərlər