Prezident İlham Əliyev müstəqillik tariximizin Zəfər səhifəsini yazdı
17 il torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işərini aparan dövlət başçısı şanlı Qələbəmizə söykənərək “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” bəyan etdi
“Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın döyünən ürəyi, türk dünyasının mədəniyyət paytaxtı Şuşamızın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən səsləndirdiyi bu fikirlər arxada qalan illərin əsas məqsəd və məramına, eyni zamanda, hədəflərə işıq saldı. Cənab İlham Əliyev bu fikirlərin davamı olaraq bildirdi ki, bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram: “Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!”

Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilin nisgilinə son qoydu. Torpaqlarımız düşmən tapdağı altında qalıb dağıntılar dövrünü yaşasa da gec-tez tarixi sahibinə qovuşub xoş günlərini yaşayacaqlarına, cənnət məkana çevriləcəklərinə əmin idilər. Baxmayaraq ki, ermənilər bu dağıntıların miqysını genişləndiməklə izləri tamamilə silməyə cəhd edir, bu torpaqlarımızı erməniləşdirməyə çalışırdılar. Bunun mümkünsüzlüyü özlərinə, həmçunin illərdir ona himayədarlıq edən dövlətlərə çox yaxşı bəlli idi. 44 günlük müharibədə əldə olunan qələbə 10 noyabr üçtərəfli Bəyanatın imzalanması ilə nəticələndi. Bu Bəyanat Azərbaycanın siyasi-hərbi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təqdimatı idi. Dünya bir daha bu reallığın şahidi oldu ki, ermənilər nə qədər havadarlarına arxalanıb işğal altında saxladıqları torpaqlarımızda istehkamlar qursalar da, güclü hərbi texnika ilə təmin olunsalar da Azərbaycan Ordusu bütün bu istehkamları yarıb keçərək torpaqlarımızı işğaldan azad etdi, üçrəngli bayrağımızı yüksəklərdə dalğalandırdı. 2020-ci il 10 dekabr tarixində keçirilən Zəfər paradında bu byraqlar dalğalandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük inamla və qürur hissi ilə qeyd etdiyi kimi, Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.

44 günün hər günü şanlı tariximizdir. Rəşadətli Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın müddətdə qurduğu istehkamları yararaq keçdi. Əsgər və zabitlərimiz böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, eyni zamanda, Suqovuşan qəsəbəsi, Hadrut qəsəbəsi, Xocalı rayonunun bir hissəsi, Kəlbəcər rayonunun bir hissəsi, Murovdağ silsiləsi, Laçın rayonunun cənub hissəsi, strateji yüksəkliklər döyüş meydanında düşməndən azad edildi, Azərbaycan bayrağı ucaldıldı. Noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi tarixi nailiyyətimizdir. Şuşanın işğaldan azad edilməsi ilə Ermənistan diz çökdü. Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi möcüzə idi. Ordumuz dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək Şuşaya çatdı və əlbəyaxa döyüşdə düşməni məhv etdi. Azərbaycan bayrağı Şuşada qaldırıldı. 2020-ci il 9 noyabr tarixində 70 kənd işğalçılardan azad edildi və Ermənistan artıq təslim oldu, ağ bayraq qaldırdı. Rəşadətli Ordumuz ermənilərin uzun illər yaratdıqları mifi darmadağın etdi. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar. Guya Ermənistan ordusu “yenilməz” ordudur. Cəmi 44 gündə Ermənistan ordusu məhv edildi. Azərbaycan Silahlı Qüvvələrinin qarşısında dayana bilməyən erməni silahlı birləşmələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdılar. Zəfər paradının özəlliklərindən biri də bu idi ki, Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikası nümayiş edildi.
Bu gün həmin hərbi texnikalar dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Bakının Xətai rayonunda açıq səma altında salınan Hərbi Qənimətlər Parkında ziyirətçilərə təqdim edilir. Ümumilikdə park İkinci Qarabağ müharibəsinin reallıqlarının təqdimatında əhəmiyyətli rol oynayır.
Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu Qələbəni həm peşəkarlıq, qəhrəmanlıq, eyni zamanda, milli ruh hesabına qazanmışıq: “Biz haqlı idik, haqq-ədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər. Noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, biz müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazanmışıq.”

Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 19 ildə uğurlu davamının nəticələri göz önündədir. Azərbaycan dayanıqlı və davamlı inkişafı ilə dünyanın diqqətindədir. İqtisadi tərəqqi hər bir sahədə uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycana hansı sahədən diqqət yetirsək böyük inkişafın, tərəqqinin, yeniliyin şahidi oluruq. İqtisadi tərəqqi ordu quruculuğu sahəsində mühüm addımların atılmasına yol açdı. İşğalçı Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyildi və bu gün də deyil.
Son 19 ilin mühüm uğurlarından biri kimi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr edirik. Azərbaycan xalqının başı uca, alnı açıqdır. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. İşğal altında olan torpaqlarımız azad olunub, öz tarixi sahibinə qayıdıb. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm uğurlar ulu öndər Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir. Dövlət başçısı İlham Əliyev çıxışlarında Azərbaycanın uğurlarından bəhs edərkən daim bildirir ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

44 gün davam edən və Azərbaycanın Qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi bir çox məqamlara işıq saldı. Bir daha təsdiqləndi ki, dünya ikili standartlardan yaxa qurtara bilmir, ədalət meyarı zamana və məkana görə tətbiq edilərək, maraqların arxasında əriyir, ölkələr arasında münasibətlərdə «əbədi dost yox, əbədi maraqlar» prinsipi əsas götürülür, ən əsası dəyişən dünyada güc amili öndə dayanır. Azərbaycan bütün hallarda beynəlxalq hüququn norma və prinsiplərini əsas götürdü, 30 ilə yaxın müddətdə Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün istər danışıqlar yolu ilə, istərsə də iqtisadi imkanlara söykənərək ordumuzun maddi-texniki bazasını möhkəmləndirərək lazım gələrsə, hərb meydanında mübarizəyə hazırlıq həyata keçirdi. Dövlət başçısı İlham Əliyev xalqa müraciətlərində daim bu məqama diqqət yönəldirdi ki, dünya dəyişir, münasibətlər dəyişir, beynəlxalq hüquq işləmir, güc amili önə çıxır, “Kim güclüdür o da haqlıdır” prinsipi üstünlük təşkil edir: «Bütün bunları mənim çıxışlarımda görmək olar. Çünki mən beynəlxalq vəziyyəti düzgün təhlil etmişəm. Demək istəmirəm ki, biz də bu yolla gedək. Yox. Bizim yolumuz ədalət yoludur və beynəlxalq hüquq yoludur. Biz beynəlxalq hüququn kənarında bir iş görməmişik. Ancaq demişəm ki, güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq və hazırlıq işləri gedirdi, bütün bu illər ərzində, həm iqtisadi sahədə, həm beynəlxalq münasibətlər sahəsində, ilk növbədə, ordu quruculuğu sahəsində. Bu gücü topladıq, lazım olan anda vurduq, əzdik düşmənin başını. Elə əzdik ki, onu əbədi yadda saxlayacaq, əbədi. O damğanı vurduq. Azərbaycan xalqı müzəffər xalqdır. Azərbaycan Ordusu müzəffər ordudur. Biz döyüş meydanında qələbə qazanmışıq, siyasi müstəvidə qələbə qazanmışıq, torpaqlarımızı işğalçılardan azad etmişik.»
Bu gün Azərbaycan regionda inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Dövlət başçısı İlham Əliyev 44 günlük müharibə dövründə xalqa müraciətlərində, eyni zamanda, 10 noyabr Zəfər tariximiz münasibətilə xalqa təbrikində və çıxışlarında qələbəmizdə iqtisadi və siyasi müstəqilliyin rolunu xüsusi qeyd edir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Azərbaycan dünyaya sübut etdi ki, beynəlxalq hüququn norma və prinsipləri mövcuddur və onların icrası üçün vahid mexanizm olmalıdır. Bu qələbə dünyanın yeni xarici siyasətinin formalaşmasında, yeni reallıqların yaradılmasında əhəmiyyətli rol oynadı.
Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan artıq xarici mətbuata müsahibələrinin hər birində Azərbaycan həqiqətlərini faktların dili ilə dünyaya çatdırdı. Bu müsahibələrin hər biri gələcəkdə Qarabağ münaqişəsi, ümumilikdə Azərbaycanla bağlı həqiqətlərin öyrənilməsində zəngin mənbədir. Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Yəqin ki, Qarabağı azad etmək rəhmətlik atanızın vəsiyyətidir. Vəsiyyətini də yeri gəlmişkən Sizdən öyrənmək istərdik. Vəsiyyətini hazırda həqiqətən yerinə yetirirsiniz. Sizi də, Azərbaycan xalqını da Türkiyə xalqı adından təbrik edirik. Atanızın vəsiyyəti barədə nə söyləmək istəyirsiniz” sualını belə cavablandırmışdır: “Bilirsiniz, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və uğurlu inkişafı, beynəlxalq müstəvidə böyük hörmətə malik olması, ölkə daxilində sosial, iqtisadi, digər problemlərin həlli, böyük layihələrin həyata keçirilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır. Təbii ki, dünya dəyişir. Dünyadakı güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək, müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və ərazi bütövlüyümüzü bərpa etməkdir. Yəni, qısa desəm, atamın vəsiyyəti bundan ibarətdir.»
Ölkə Prezidenti bu məqamı xüsusi qeyd etmişdir ki, əlbəttə ki, ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli vəzifədir. Biz buna nail olmaq üçün böyük səy göstərdik – siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz faktiki olaraq yenidən quruldu. Bu gün ordumuzun potensialı bütün dünyanın gözü önündədir: «Mənə verilən məlumata görə, inkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq. Ona görə atamın yoluna sadiq qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa çatdıracağıq.»

Ali Baş Komandan bu missiyanı da şərəflə yerinə yetirdi. Cənab İlham Əliyev daim bildirirdi ki, mən nəyi nə zaman etmək lazım olduğunu bilirəm. Ölkə Prezidenti bütün təzyiqlərə baxmayaraq qətiyyətli mövqeyindən bir addım da belə geri çəkilmədi, işalçı Ermənistanın baş nazirinin irəli sürdüyü 7 şərtə cavab olaraq yalnız bir şərti qoydu ki, o da torpaqlarımızdan çıxmaları idi. 300-ə qədər yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə, xeyli sayda strateji yüksəkliklər işğaldan azad edildikdən sonra diz çökən Ermənistan çıxılmaz vəziyyətdə qaldı. Ya tamamilə məhv olmalı idi, ya da Bəyanata imza atıb məğlubiyyətini etiraf etməli idi. Noyabrın 10-da imzalanan Bəyanat Azərbaycanın 30 ilə yaxın dövrdə gözlədiyi anın dünyaya təqdimatı oldu. Bu Qələbə gözlənilən idi. Hər kəs Qarabağ münaqişəsinin həllində hərb yolu seçiləcəyi təqdirdə Ermənistanın sarsıdıcı məğlubiyyətə uğrayacağına əmin idi. Çünki dövlət başçısı İlham Əliyev möhkəm təmələ əsaslanaraq elə bir ordu yaradıb ki, onun qarşısında Ermənistanın duruş gətirməsi tamamilə mümkünsüz idi. 19 ildə ordu quruculuğu Prezident İlham Əliyevin inkişaf siyasətinin xüsusi prioritetlərindən birini təşkil edib. Bu məqsədlə inkişaf etmiş hərbi sənaye kompleksinə malik olan dövlətlərdən müasir silah və texnikalar alınaraq ordumuzun maddi-texniki bazası daha da möhkəmləndirilib. “Bizim ordumuzun son illər ərzində uğurlu inkişafı göz qabağındadır. Bunu Azərbaycan xalqı bilir, görür. Dünyada orduların reytinqlərini tərtib edən sanballı qurumlar da bunu qeyd edir. Bu gün Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır. Biz bunu yorulmaz fəaliyyət nəticəsində əldə etmişik. Çünki mənim Prezident kimi fəaliyyətimdə ordu quruculuğu birinci yerdədir» söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, bu sahə daim diqqət mərkəzində olacaq.
Noyabrın 8-də, 28 illik həsrətdən sonra Qarabağın ürəyi Şuşanın rəşadətli Ordumuz tərəfindən işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində Azərbaycanın ən mühüm qələbələrindən biri oldu. Müharibədə asan qələbə olmur. Bu qələbəni 3 minə yaxın şəhidin qanı ilə, hərbçilərimizin şücaətləri ilə qazandıq. Şuşanın işğaldan azad olunduğu günün Zəfər Günü, İkinci Qarabağ müharibəsinin başlandığı 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi təsadüfi deyil. Xalqımız Qələbəyə gedən yolu hər zaman xatırlamalı, bu Qələbəni bizə yaşadan şəhidlərimizi heç zaman unutmamalıdırlar.
Xalq-Prezident-Ordu birliyi sayəsində əldə olunan Zəfərimiz Azərbaycanın qarşısında daha böyük imkanlar açıb. Əsas olan budur ki, biz məğrur, öz tarixinə sahib çıxan, bir qarış torpağını belə düşmənə verməyən, mübarizəsindən geri dönməyən xalq olduğumuzu nümayiş etdirdik. Bu qürur qarşıdakı dövr üçün stimulverici amil rolunu oynayır. Son iki ilin uğurları bunu deməyə əsas verir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza qalib ölkənin qalib Prezidenti kimi səfər etməsi böyük qürurdur. 30 il işğal altında qalan, amma heç zaman əyilməyən, qürurunu sındırmayan torpaqlarımız bu gəlişdən sevincli, toy-büsatlı olur. Ali Baş Komandanın qeyd etdiyi kimi, biz bu torpaqlardayıq və əbədi olacağıq. Hər bir xalqın tarixində xilaskar rolunu oynayan liderlər cəsarət nümayiş etdirir və adını əbədi olaraq dövlətinin şanlı tarixinə yazdırır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz həmin liderlərdən biridir. Çünki məhz cənab İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan Prezident İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı kimi dəyərləndirilir. Kimin ədalətin, kimin şərin, kimin dostun, kimin düşmənin yanında olduğunu ortaya qoydu. Əsas olan budur ki, beynəlxalq münasibətlərdə rol oynayan güc amili ilə yanaşı, beynəlxalq hüquq da unudulmasın. Yalnız bu halda münasibətlərin uğurlu və yeni prioritetlər üzrə inkişafından ürəklə danışmaq mümkün olar. 44 günlük müharibənin işıq saldığı əsas məqamlardan biri məhz beynəlxalq hüququn qorunması üçün qəbul edilən qərar və qətnamələrin lazım gəldikdə bir saat ərzində icrası, maraqlara uyğun olmadıqda isə 30 il tətbiqini gözləməsi oldu. Amma Azərbaycan yaratdığı yeni reallıqlarla, beynəlxalq hüquq normalarını tətbiq etməklə bir daha dünyaya bu günədək hökm sürən yanaşmanın yanlışlığını göstərdi.

Böyük Qələbə uzun illər davam edən hazırlıq işlərinin, habelə dövlətimizin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Düşünülmüş siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ərazi bütövlüyümüzün bərpası idi. Buna görə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyu bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.
Zəfər Gününün ikinci ildönümünü qeyd edirik. İki il zaman baxımından böyük olmasa da 44 günlük İkinci Qarabağ müharibəsinə gedən yolu və qazanılan Qələbənin ölkəmizin həyatında hansı uğurlara imza atacağını geniş şərh etmək üçün zəngin dövrdür. Azərbaycan 30 ilin işğalına 44 gündə son qoymaqla xalqımızın, keçmiş köçkünlərin arzularını reallığa çevirdi. Bu gün Qarabağ və Şərqi Zəngəzur bərpa-quruculuq dövrünü yaşayır. Bu torpaqlarımız müasir tələblər səviyyəsində yenidən qurulur. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında yenidən qurulan şəhər və kəndlərimiz Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. Bu işlər Prezident İlham Əliyevin qurucu Lider olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi dövründə Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində «Siz tarixdə necə qalmaq istərdiniz» sualına cavabını xatırlatmaq istərdik: «Bilirsiniz, mən əvvəllər heç vaxt, indi isə xüsusən bu barədə düşünməmişəm. Mənim əsas amalım Azərbaycan xalqının etimadını doğrultmaq, bu vəzifədə olduğum bütün illər ərzində verdiyim vədləri yerinə yetirmək və ölkəni inkişaf yolu ilə aparmaq, onun ərazi bütövlüyünü təmin etməkdir. Mənim rolumun gələcəkdə necə qiymətləndiriləcəyi isə artıq bizim nəyə nail olacağımızdan, Azərbaycan xalqının iradəsindən asılı olaraq müəyyən ediləcək. Ona görə düşünürəm ki, bu məsələni o adamların mülahizəsinə saxlamaq lazımdır ki, onların fikri məndən ötrü bu və ya digər qərarların, o cümlədən Dağlıq Qarabağ məsələsi ilə bağlı qərarların qəbul edilməsində həmişə əsas olub.»
Tarixi Zəfərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlət, xalq sevgisinin təqdimatı oldu. Qətiyyətli addımları ilə Azərbaycanı daim irəli aparan dövlət başçısı İlham Əliyev bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması üçün sülh müqaviləsinin imzalanmasını təklif edəndə bu fikri xüsusi qeyd etdi ki, 30 illik işğal dövründə törədilən hərbi təxribatları, faciələri, şəhidlərimizi unutmadıq və unutmayacağıq.
Zəfərimiz yeni reallıqlar yaratdı. Bu reallıqlar qalib ölkə olaraq Azərbaycanın söz sahibliyini daha da möhkəmləndirir. Hazırda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına yönələn görüşlər və sonda imzalanan bəyanatlar Azərbaycanın artan rolunu, möhkəmlənən mövqeyini nümayiş etdirir. Tezliklə Ermənistan sülh müqaviləsini imzalayacaq, regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi ilə yeni əməkdaşlıq formatları yaradılacaq. Azərbaycan bu əməkdaşlıq formatlarının müəllifi kimi sözünün imzası qədər əhəmiyyətini daha da artıracaq.
Zirvələri fəth edən, ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Zəfərin sevincini yaşayaraq irəliyə doğru inamla addımlayır. Tarixə adını torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Gözün aydın Azərbaycan! Zəfərin mübarək, Azərbaycan xalqı!

