Vətən sevdalısı
İkinci Qarabağ müharibəsində Vətənin harayına vaxtında özünü yetirən və bu yolda şəhidlik zirvəsinə ucalmaqla xalqına başucalığı gətirən minlərlə qəhrəmanlardan bir də Zülfü Ağalı oğlu Ağayevdir. 1977-ci ildə Astara rayonunun Vaqo kəndində dünyaya göz açan Zülfü doğma Azərbaycana, onun torpağına, daşına sonsuz məhəbbət göstərə-göstərə boya-başa çatır. Ordu sıralarına yola düşəndə onun yeganə arzusu yağı tapdağına dönən, müqəddəsliyinə tapındığı Vətənin bir parçası Qarabağ torpaqları azad görmək olur. Vaxtı gələndə bu yolda son damla qanına qədər vuruşacağına and da içir. “Təki bizə məxsus torpaqların bir qarşı da düşmən ayaqları altında qalmasın”- deyir.
Bəli, əyninə əsgər paltarı geyinən Zülfü əzəli Vətən torpaqlarının azadlığı naminə birbaşa səngərə, ermənilərlə döyüşə can atır. Əlinə silah götürüb qaynar bölgədə adına can dediyi Azərbaycanın keşiyini çəkir. Təmiz ürəkli, vicdanlı, qeyrətli, əsgər yoldaşları arasında seçilən, sevilən, dosta sədaqətli gənc oğlan düşmənin hər bir hərəkətinə göz qoyur, verilən tapşırıqları sözsüz yerinə yetirir. Zülfü qarşısına çıxan çətinliklərə Vətən naminə mərdliklə sinə gərir. Nümunəvi xidməti, təlimlərdə əla döyüş keyfiyyətləri daim ona başucalığı gətirir. Vətən sevdalısının həqiqi hərbi xidməti başa çatsa da, amma o, ordudan tərxis olunmur. Ömrünü hərbiyə bağlamaqla, ürəyinin ağrısı olan erməni dığalara əməlli-başlı dərs verəcəyi günü gözləyir…
Zülfü Ağayev hərbi elminin sirlərinə yaxından bələd olmaqdan ötrü Müdafiə Nazirliyinin “Gizir hazırlıq” kursunda oxuyub tankçı peşəsinə yiyələnir. Aprel döyüşləri başlananda Zülfü də qeyrətli Vətən oğulları sırasında qorxmadan, çəkinmədən özünü odun-alovun içinə atır. Düşmənin anasını ağladıb, uzun müddət işğal altında olan Lələ-təpə, eləcə böyük bir ərazi düşməndən azad edilir. Düşmən Azərbaycan əsgərinin gücünü, güvəsini görüb vahiməyə düşür…
2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə baş gizir Zülfü yenə də öndə gedir. Onun qalibiyyət sorağı ən qaynar nöqtələrdən gəlir. Zəfərə gedən yolda mərdliklə vuruşur, bir-birindən çətin döyüşlərdə fərqlənir. Necə deyərlər, silahdaşları ilə çiyin-çiyinə verərək erməni dığalarına od qoyurlar. Füzuli rayonu düşməndən təmizlənsə də, ordumuzun bu tarixi qələbədə bir çox qəhrəmanlar kimi Zülfünün Vətən eşqli qəlbi düşmən gülləsinə tuş gəlir. “Qarabağ Azərbaycandır!”- deyib əbədi gözlərini yumur. Beləcə 24 il canından artıq sevdiyi Azərbaycana ləyaqətlə, vicdanla xidmət edən Zülfü milyonlara örnək olan qəhrəmanlıq zirvəsinə ucalır. Astaralılar daim öz oğlunun adını qürurla çəkir, dövlət tərəfindən ölümündən sonra layiq görüldüyü “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları bir daha bu ada şərəf qatır…
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

